Tələbə təqaüdləri niyə verilmir?
Rüstəm Məmmədov bu ay çox istəklərindən, o cümlədən kompüter almaq planından vaz keçməli olacaq. Səbəb 3-cü kurs tələbəsi olan bu gəncin həmişə aldığı təqaüdü artıq ala bilməməsidir. BDU-nun tarix fakültəsində ödənişsiz əsaslarla təhsil alsa da, yeni qanundan sonra semestr ərzində göstərdiyi nəticə onu tələbə təqaüdündən edib...

Məsələ ondadır ki, əvvəllər yalnız dövlət sifarişli yerlər üzrə təhsil alan tələbələrə təqaüd verilirdisə, artıq ötən ilin noyabr ayında prezidentin imzaladığı sərəncama görə, onlarla yanaşı, ödənişli əsaslarla təhsil alan tələbələrə də təqaüd veriləcək. Bəs yeni qaydalar necədir və hansı tələbələr təqaüd ala biləcəklər?

Təhsil sahəsi üzrə ekspert Etibar Əliyevin virtualaz.org-a bildirdiyinə görə, artıq təqaüd birbaşa tələbələrin təhsil nəticələrindən asılıdır: "Tələbələr qazandıqları nəticələrə görə təqaüd alacaqlar. Ödənişli əsaslarla ali məktəblərə qəbul olunan tələbələr ilk semestrdə, yəni fevralın 1-dək təqaüd almayıblar. İkinci semestrdə isə birinci semestrin nəticələrinə əsasən təqaüd veriləcək. Dövlət sifarişi ilə təhsil alanlar isə adi qaydada təqaüdlərini alacaqlar”.

Ekspertin sözlərinə görə, əgər gecikmələr baş verirsə, bu məsələ ali məktəblərin problemidir. Ali məktəblər tələbə təqaüdlərinin və nailiyyətlərinin dəqiq qiymətləndirilməsi prosedurunu aparmalı və bu onların təqaüdlərinə təsirini göstərməlidir.


Mütəxəssis hesab edir ki, yüksək bal toplamış, ödənişsiz əsaslarla təhsil alan tələbəyə təqaüdün verilməməsi mümkün deyil, gecikmə texniki problemlərlə, hesablanma aparılmaması ilə bağlı ola bilər.

"Yüksək nəticə göstərən tələbələrin siyahısı təqdim olunacaq və siyahı əsasında ballara uyğun olaraq tələbə təqaüdləri veriləcək. Hazırda 91-100 bal nəticə göstərən tələbələr 95, 71-100 bal nəticə göstərənlər 80, 51-100 bal nəticə göstərənlər isə 50 manat təqaüd alırlar. Gələcəkdə isə dövlət sifarişi ilə qəbul olan 500-600 bal toplayaraq ali məktəbə qəbul olanlara 80 manat, 600-dən yuxarı isə əlaçı təqaüdü -95 manat veriləcək”, - E. Əliyev bildirdi.

Ali məktəblər də hazırda təqaüdlərin verilməməsini texniki prosedurla əlaqələndirirlər. Azərbaycan Dillər Universitetindən və Bakı Dövlət Universitetindən də hazırda təqaüdlərin verilməsinin dayandırıldığını və mexanizm hazırlandığını dedilər.

İqtisad Universitetinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bu il əlavə olaraq 500-ə yaxın tələbəyə yeni təqaüd veriləcək: "Əgər bir ixtisas üzrə ödənişsiz 50 tələbə təqaüd alırdısa, indi həmin tələbələr arasında rəqabət mühiti yaranacaq və həmin təqaüd həmin ixtisas üzrə həm ödənişli, həm də ödənişsiz təhsil alan tələbələrə veriləcək. Bu il əlavə olaraq 500-ə yaxın tələbə ilk dəfə yeni təqaüd alacaq. Yəni ən yüksək nəticə göstərən tələbələr təqaüd ala biləcəklər”.

Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov da virtualaz.org-a açıqlamasında bəzi valideyn və tələblər tərəfindən narazılıqların olduğunu etiraf etdi. 

Onun sözlərinə görə, artıq təqaüd almaq üçün dövlət sifarişi və ya ödənişli əsaslarla oxumanın heç bir fərqi yoxdur: "Hesab edək ki, tələbə universitetin fizika fakültəsində oxuyur. Orada dövlət sifarişi əsasında təhsil alan 20 nəfər tələbə var. İndiki qaydaya görə, həmin ixtisasda oxuyan həm ödənişli, həm də qeyri-ödənişli təhsil alan tələbə o təqaüdü ala bilər. Bir şərtlə ki, onların müvəffəqiyyət göstəricisi yuxarıdan aşağıya doğru gəlsin. Ona görə də, dövlət sifarişi və ya ödənişli əsaslarla oxumanın heç bir fərqi yoxdur. Təqaüd o yerlərə uyğun olaraq hesablanır və verilir.


Bir müddət bundan öncə dövlət sifarişi ilə oxuyan tələbə yaxşı və pis oxumasından asılı olmayaraq təqaüd alırdı. İndi bu qayda keçmir. O halda ala bilər ki, onun biliyi imtahan zamanı yüksək nəticələrlə qeydiyyata alınsın.

Bəzən valideynlər və tələbələr də buna görə narazılıq edirlər ki, yüksək balla qəbul olubsa, niyə təqaüd verilmir? Ona görə verilmir ki, həmin yüksək bal onun məktəbdən universitetə gəldiyi biliyin qiymətidir. Sonradan həmin bal toplayan tələbə özünə ümid olur və oxumur. Nəticədə onun nəticələri aşağı düşür”.

C. Valehovun sözlərinə görə, əgər tələbələrin semestr ərzində qazandıqları nəticələr eyni olarsa, onda onların məzun olaraq universitetə qəbul olma keyfiyyətinə, neçə bal toplamasına və digər kriteriyalara baxılacaq.

Təhsil Nazirliyinin rəsmisi, həmçinin bu günlərdə tələbə təqaüdlərinin verilməsinə başlanılacağını da bildirdi.

Virtualaz.org

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300