Müdafiə Sənayesi Nazirliyinin nəzdindəki müəssisələr barədə ciddi faktlar ortaya çıxıb. Belə müəssisələrdən biri də nazirliyin tabeliyindəki "Üfiq" İstehsalat Birliyidir.

Məlumata görə, "Üfiq” Müdafiə Sənayesi Nazirliyinin (MSN) ən önəmli müəssisələrindən biri olsa da, son illər onun rəhbərliyi daha çox neqativ fəaliyyəti ilə gündəmə gəlir.

Məlumatda bildirilir ki, bundan əvvəl də bu qurumun fəaliyyətindəki neqativ məqamlarla bağlı mətbuatda xeyli yazılar dərc olunub.

"Reytinq"ə bu qurumun rəhbər şəxslərinin yarıtmaz fəaliyyəti və bu səbəbdən də orduda meydana çıxan problemlər barədə əlavə məlumatlar daxil olub.

Qeyd edək ki, "Üfiq" İstehsalat Birliyinə Bakıdakı "Radiozavod" kimi tanınan "Radioquraşdırma", Şirvan şəhərində ötən il işçilərin ölümü ilə nəticələnmiş yanğının baş verdiyi "Telemexanika" və "Araz" zavodları daxildir. İstehsalat Birliyinin direktoru, eyni zamanda, "Radioquraşdırma" zavoduna rəhbərlik edən isə Ramiz Məmmədovdur.

Adıçəkilən müəssisə müxtəlif mühəndis istehkam qurğuları, kimyəvi qoruma geyimləri, döyüş sursatlarının istehsalını həyata keçirir.

Amma verilən məlumata görə, "Üfiq" İstehsalat Birliyinin istehsal etdiyi məhsullar geniş çeşidi iləyanaşı, öz keyfiyyətsizliyi ilə də orduda tanınır. Hətta bu iddiaları orduda xidmət edən zabitlər də zaman-zaman təsdiqləyiblər. Aparılan araşdırmalar zamanı bəzi zabitlər sözügedən müəssisənin istehsal etdiyi döyüş sursatlarından istifadəzamanı problemlərin meydana çıxdığını, şəxsi heyət arasında xəsarət alanların olduğunu da bildiriblər.

Ən diqqətçəkən məsələ odur ki, bu müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinin aşağı olması barədə hətta nazirliyin digər müəssisələrinin rəhbərləri dəfələrlə müdafiə sənayesi naziri Yavər Camalova məlumat veriblər. İddialara görə, Y.Camalov dəfələrlə nazirliyin kollegiya iclaslarında və fərdi qaydada müəssisə rəhbərinə xəbərdarlıq da edib. Amma görünən odur ki, nazirin xəbərdarlığı ciddi nəticə verməyib. Xəbərdarlıqlara baxmayaraq, R.Məmmədov nəinki problemləri aradan qaldırıb, hətta yeni seriyalı buraxılışlar daha keyfiyyətsiz olub.

Qeyd olunan problemlərlə bağlı "Reytinq"i bilgiləndirən mənbə deyib ki, 2013-cü ildə "Radioquraşdırma" zavodunda istehsal edilmiş İMA-07 adlı mina detektoru əməliyyatdan dönən hərbçilərimizi neytral zonada çıxılmaz vəziyyətdə qoyub.

Məlumata görə, hərbçilərimiz həyatlarını təhlükə altında qoyaraq, arada olan böyük məsafəni şupdan istifadə edib, ölümlə üz-üzə qalmaqla qət edə biliblər: "Detektorun yerli-yersiz siqnal verməsi, onun yağışlı havada işləməməsi Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi və istehsalçı zavod qarşısında qaldırılsa da, problem həllini tapmayıb. Bu detektorun standartlara cavab verməməsi səbəbindən ANAMA da onu almaqdan imtina edib".

İddia edilir ki, digər problem 2015-ci ilin may ayında Dövlət Sərhəd Xidmətinin Ceyrançöldə keçirdiyi təlimlərdə yaranıb. Müəssisədə istehsal edilmiş 60 mm-lik minaatan mərmiləri ilə atış zamanı minaatan heyəti ölümdən dönüb: "Lülədən çıxan sursat bir neçə metr önə düşüb. Digər mina isə minaatanın lüləsində ilişib qalıb. Məsələ ilə bağlı aparılan araşdırmada orduya verilən döyüş sursatında keyfiyyətsiz barıtdan istifadə olunduğu, hətta barıtın minaya normadan az doldurulduğu aşkarlanıb. Ramiz Məmmədov bundan sonra DSX-yə çağırılaraq ona irad bildirilib".

 

Məlumatda qeyd edilir ki, MSN-in imicini keyfiyyətsiz məhsul istehsalçısı kimi korlayan R.Məmmədovla bağlı digər tədbiri nazirliyin tabeliyindəki başqa müəssisələrin rəhbərləri görüblər.

Belə ki, 7-8 il əvvəl Azərbaycanda yaradılmış təlim aviasiya bombalarının istehsalı da R.Məmmədovun rəhbərlik etdiyi müəssisəyə verilibmiş. Bu sursatlara həm ölkədə, həm də xarici bazarlarda böyük ehtiyac duyulduğunu MSN-in rəhbər şəxsləri müxtəlif vaxtlarda mətbuatda bildiriblər. Lakin onun istehsalı R.Məmmədova həvalə olunduqdan sonra, xarici bazardakı analoqlarını texniki-taktiki xarakteriskasına görə üstələyən bu məhsulda ciddi çatışmazlıqlar yaranıb: "Hətta helikopterdən vətəyyarələrdən atış zamanı mərmi hədəfə doğru deyil, atılan aviasiya vasitəsinə yönəlməklə uçub. Bu da milyonlarla dollar dəyəri olan təyyarə, helikopter və onun pilotları üçün ciddi təhlükədir".

İddia edilir ki, müvafiq qurumların şikayətindən sonra nazirliyin iclasında müəssisə rəhbərlərinin də təklifləri nəzərə alınmaqla iqtisadi cəhətdən perspektivli layihənin R.Məmmədovun tabeliyindən alınmasına və digər - daha ciddi imicə sahib müəssisəyə verilməsinə nail olunub.

Təəssüf ki, problemlər bununla da bitmir. Daha ciddi məsələlərdən biri də ordu və digər hərbi qurumlar üçün istehsal edilən əleyhqaz və kimyəvi qoruma geyimləri ilə bağlıdır.

Müəssisədə istehsal edilən əleyhqazı bu gün orduda az qala, üfürə-üfürə işlədirlər ki, cırılmasın. Halbuki "Radiozavod" istehsalı olan kimyəvi qoruma geyiminin bir dəsti orduya 3000-3500 manata təqdim olunub. Hətta iş o yerə çatıb ki, Müdafiə Nazirliyi bu məhsulun keyfiyyətsizliyinə və verilən qiymətin baha olmasına görə növbəti partiyaların alınmasından imtina edib. Bunun yerinədaha keyfiyyətli, çoxdəfəli istifadə oluna bilən, bir dəstinin qiyməti 1600 manat olmaqla, İran istehsalı olan məhsulların alınmasına qərar verilib. Yerli müəssisənin qiyməti ilə xaricdən alınan məhsulun qiymət və keyfiyyət fərqinin bu şəkildə olması isə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyini ciddi düşündürməlidir.


MSN-nin sözügedən müəssisəsinin istehsal etdiyi və mülki satış mərkəzlərində satılan məhsulların da keyfiyyətində ciddi problemlərin olduğu bildirilir: "Radiozavod"un istehsal etdiyi ov tüfəngləri üçün "Qartal" adlı patronların keyfiyyətinin necə olduğunu ovçu mağazalarından soruşsanız kifayət edər".

Maraqlısı odur ki, R.Məmmədovun məsuliyyətsizliyi pik həddə çatsa da, nazir Y.Camalov hələ də onun vəzifə başında qalmasına şərait yaradır. Ancaq belə bir müəssisə rəhbərinin məsuliyyətsizliyi ordu kimi strateji bir sahədə ciddi fəsadlar yarada bilər. Sözügedən müəssisələrdə çalışanların həyatına təhlükə yaranması da, çox güman ki, bu məsuliyyətsizliyin nəticəsidir. Təkcə ötən ilin yayında "Telemexanika" zavodunda baş verən yanğında iki nəfər ölmüş, 19 nəfər yaralanmışdı. 2010-cu ildə Əhmədlidə - yaşayış massivinin yaxınlığında yerləşən "Radioquraşdırma" zavodunda iki ay fərqlə ard-arda baş verən partlayışda zavodun 1 işçisi ölmüş, 1 nəfər isə yaralanmışdı. Bütün bunlar R.Məmmədovun, eləcə də, nazir Camalovun vəzifələrinə səhlənkar yanaşdığını göstərir. Belə bir strateji sahədə səhlənkarlığın hansı nəticələrə gətirib çıxaracağını düşünmək isə elə də çətin deyil.(Reyting.az)

 

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300