AZƏRBAYCAN TÜRK MENTALLIĞI VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR

(Yazı)

Hər bir xalqın varlığında milli-mənəvi dəyərlər və yaxud mentalitet (lat. «mens» sözündəndir, ağıl, düşüncə, ruhi-mənəvi yanaşma tərzi deməkdir) də mühüm rol oynayır. Yəni vahid bir ərazidə yaşayan, eyni soykökə, dilə, iqtisadi həyat birliyinə malik olan müxtəlif etnoslar üçün milli mənəviyyatın, özünəməxsusluğun olması və qorunması da vacibdir. Qeyd etmək lazımdır ki, millətin təşəkkül səbəblərindən biri kimi də məhz mənəviyyat birliyi, onun mənəvi siması, mənəvi dəyərləri, eləcə də ayrıca bir qrup insanların özlərinə məxsus keyfiyyətləri (mentallıq) göstərilir.

Bizcə, milli-mənəvi dəyərlər və milli mentalitet əsasən, bir-birlərinə yaxın anlayışlardır. Həmin bu anlayışlarda millətin keçmişə aid irsi, dini və fəlsəfi dünyagörüşü, əxlaq qaydaları, həyat tərzi öz əksini tapır. Sadəcə olaraq, milli-mənəvi dəyərlər daha geniş məna daşıyır və millətin bütün tarixini, mədəniyyətini, fəlsəfəsini, ədəbiyyatını özündə ehtiva edir. Milli mentalitet isə daha çox insanların ictimai şüruundakı dünyagörüşün özünəməxsus-luğunun ifadəsidir. Bu baxımdan, milli mentalitet milli-mənəvi dəyərlərdən milli özünüdərkə bir keçiddir. Belə ki, bir xalqda milli mənəvi dəyərlər o vaxt milli özünəməxsusluq səviyyəsində meydana çıxır ki, həmin xalqda milli oyanışa, milli özünüdərkə ehtiyac yaranır. Yəni millət etnik kimliyinin, dilinin, mədəniyyətinin assimilyasiya olunmasını sövqi-təbii hiss edərək özünümüdafiəyə cəhd edir. Bu zaman milli-mənəvi dəyərlər mentallıq formasında – etnik mənşəyi, dili, mədəniyyəti, dini, sosial həyatı, məişət münasibətləri ilə bağlı keçmişini şüurunda canlandırıb onu yalnız ona aid olan milli-mənəvi dəyərlər, milli sərvətlər əsasında mübarizə aparma səviyyəsinə yüksəldir.

Ümumiyyətlə, mentallıq hər bir millətin özünəməxsus psixoloji, mədəni, dini və fəlsəfi həyat tərzidir. Bu mənada hər hansı bir millət özünü başqa xalqlardan fərqləndirmədən, yalnız onun keçmişinə məxsus olan milli xüsusiyyətləri müəyyənləşdirmədən milli istiqlal uğrunda mübarizə apara bilməz. Milli mentalitetin yüksək səviyyəyə qalxması ilə milli özünüdərk prosesi başlayır. Bu mənada milli mentalitetə aid olan hər bir anlayış milli özünüdərk səviyyəsinə qalxıb milli ideyaya çevrilə bilməz. Yalnız o anlayış, milli mentalitet səviyyəsindən milli özünüdərkə qədər yüksələ bilər ki, onun ciddi elmi-fəlsəfi əsasları olsun. Çünki milli mentalitetdən fərqli olaraq milli özünüdərk hər hansı bir etnik toplumun başqa etnoslardan fərqli özəlliklərini dərk edib, özünü bir millət kimi təsdiq etməsidir.

Fikrimizcə, milli mənəvi dəyər(lər) dedikdə isə, ilk növbədə milli sərvətlərimiz, mədəniyyətimiz, mənəviyyatımız, dilimiz, adət-ənənələrimiz, dini-fəlsəfi dünyagörüşümüz başa düşülməlidir. Əslində burada başlıca, önəmli olan milli mənəviyyat, milli sərvətlər, milli özünəməxsusluq, yaxud da milli mentalitetdir. Bu mənada "milli-mənəvi dəyər” anlayışındakı "dəyər” sözü isə qiymətləndirmədən daha çox hər bir xalqa məxsus sərvəti, özünəməxsusluğu, mentallığı ifadə edir. Bu baxımdan "Azərbaycanda Türk mentallığı” dedikdə, Azərbaycan xalqına məxsus olan sərvətlərin, adət-ənənələrin, mədəni irsin, dini-fəlsəfi baxışların milli ideyaya çevrilməsi prosesi nəticəsində bütövləşməsi, çulğalaşması və vahid xətt üzrə formalaşmasına zəmin yaradan dəyərlər nəzərdə tutulur. Burada irəli sürülən müddəa Azərbaycan xalqında milli ideya təşəkkül tapana qədər hər hansı bir ideyanın və yaxud ideyaların olmaması demək deyildir. Əksinə həmin dövrə qədər mövcud olan mədəni irsin, dini-fəlsəfi təsəvvürlərin, milli xüsusiyyətlərin nə cür vahid şəkilə salınması, bütövləş-məsi, başqa sözlə ideologiyalaşmasının təzahürlərinin hansı mənəviyyat və milli sərvətlər nəticəsində meydana çıxması ilə bağlıdır. Bir sözlə, mənəvi dəyərlər millətin varlığını ortaya qoyan əsas faktorlardan biri olan mənəviyyatla sıx bağlı olub, insanın özünü, təmsil olunduğu etnik kimlik çərçivəsində təsdiqləməsidir. Milli mənəvi dəyərlərin, milli sərvətlərin yaradıcısı millətin ayrı-ayrı üzvləri olsa da, həmin üzvlərin mənəvi-əxlaqi ideyaları sonralar bütövlükdə cəmiyyətin ümumi sərvətinə çevrilir. Azərbaycan xalqı da milli dilini, milli mentalitetini, milli xarakterini, milli adət-ənənələrini məhz milli mənəvi dəyərlər şəklində qoruyub saxlamışdır (1, s.28-29).

Mentallıq və milli-mənəvi dəyərlərin izahındakı fərqliliklər və oxşarlıqlar.

«Mentalitet» anlayışını geniş şəkildə tədqiq edən Həsən Quliyevin fikrincə, onun arxetip ünsürləri geniş zaman diapazonunda dəyişməz qalır. Bu baxımdan «mentalitetin tərəqqiyə münasibətdə xüsusi immunitetə malik olduğunu, ənənəvi ictimai təsisatlara daxil olduğunu» görmək olar. Alimə görə, keçid dövründə baş verən yeniləşmə mentalitet anlamını ortaya qoyub ki, bu da, keçmişin xüsusiyyətlərini qorumağı, yaxud da bu günün tələblərini mentalitetin xüsusiyyətlərinə uyğunlaşması zərurətini yaratmışdır (2, s.120).

Rəbiyyət Aslanova da H.Quliyev kimi ideologiyanı arxetipliklə əlaqələndirərkən mentalitet məsələsinə də toxunmuşdur: «Mahiyyətcə ictimai fenomen olan mentalitet, ictimai şüu¬run yüksək səviyyədə rasionallaşdırılmış formalarını (elmi, dini, fəlsəfəni, siyasəti, mədəniyyəti, ideologiyanı və s.) təhtəlşüur aləminin dərin qatları ilə arxetip «mədəni simvol və kodlarla» əlaqələndirərək insanın bütövlükdə həyat tərzini formalaşdırır» (3, s. 87).

Yadigar Türkel isə yazır ki, mentalitet «millətin tarix boyu yaşadığı təbii şəraitin, uğurlu, ağrılı-acılı, mədəni, iqtisadi, sosial, dini, ruhi-mənəvi həyat proseslərinin təsirilə formalaşıb, onun davranış və fəaliyyətində görünür» (4, s. 319).

Deməli, mentalitet hər bir xalqa aid milli-mənəvi dəyərlərin özünəməxsus şəkildə ifadə-sidir. Başqa bir tədqiqatçı Q.C.Əliyevin fikrincə, mental¬itetin fəlsəfi-tarixi, mədəni-etnik səviyyələrdə öyrənilməsi vacibdir. Onun fikrincə, mentalitet sosial-fəlsəfi feno¬men olmaqla yanaşı, həm də adətlərin, əxlaqi sərvətlərin, dini etiqadların, şüurun, vərdişlərin sayəsində formalaşmışdır: «Mentalitet əsasən, orijinal təfəkkür üsulunu, ağıl tərzini, hətta sosial-psixoloji ovqatı bildirmək üçün işlədilir» (5, s.29).

Filoloq Arif Acaloğluna görə, mifologiya milli mentalitetlə bağlıdır, onun mahiyyətini ifadə edir və formalaşdırır. Bu mənada da türk mifologiyasının təməlini və başlıca məzmununu tanrıçılıq təşkil edir (6, s. 41). Arif Acaloğlu hesab edir ki, türk xalqlarının mənəvi həyatında böyük yer tutan şamanizm (əslində qamlıq-F.Ə.) də, türk mentaliteti olan tanrıçılıq üzərində qurulmuşdur (6, s. 48).

Bizcə, milli mənəvi dəyərlə milli mentalitet, milli mentalitetlə milli özünüdərk, eləcə də həmin anlayışlarla milli ideya arasında müəyyən əlaqələr vardır. Fikrimizcə, milli mənəvi dəyər də, milli özünüdərk də, milli ideya da xalqın soykökü, dili kimi vacib əlamətlərini əks etdirir. Hər bir xalq özü¬nün milli varlığını qoruyub saxlamaq üçün bir çox sərvətlərini – dilini, dövlətçiliyini, dini-fəlsəfi dünyagörüşünü, mədəniyyətini milli mənəvi dəyərlər, yaxud da milli mentalitet kimi yaddaşlarda yaşadır və nəsillərdən-nəsillərə ötürür. Ancaq elə milli mənəvi dəyərlər var ki, bu günə qədər qorunub saxlansa da, onları bu mənada milli ideya kimi qəbul etmək doğru olmazdı. Məsələn, bunlardan yaşlı insanlara, ağsaqqallara hörmət, qadına münasibət, namusluluq, xeyir-şər mərasimlərinə münasibəti göstər¬mək olar. Bütün bunlar daha çox, milli mentalitet anlayışına aiddir.

Milli mənəvi dəyərin, o cümlədən milli mentalitetin milli ideyaya çevrilməsi məsələsində onun miqyasına, əhəmiyyətinə və xalqın bütün təbəqələri tərəfindən qəbul edilib-edilməməsinə diqqət yetirmək lazımdır. Çünki yalnız bu halda hər hansı bir anlayış milli mənəvi dəyərdən daha yüksək səviyyəyə qalxaraq, milli ideyaya və nəticədə milli ideologiyanın tərkib hissəsinə çevrilə bilər. Eyni zamanda o mənəvi dəyərlər, anlayışlar milli ideya, sonrakı mərhələdə milli ideologiya kimi qəbul edilə bilər ki, onun da yalnız milli mənəvi mənada deyil, həm də elmi, fəlsəfi, siyasi və ideoloji baxımdan da əsası olsun. Fikrimizcə, milli ideya konkret bir millətə aid anlayış kimi yaranır və həmin millətin oyanışının və inkişafının istiqamətvericisi olur. Milli mənəvi dəyərlərdən, milli sərvətlərdən millətin tərəqqisi, milli kimliyi və ləyaqətinin müdafiəsi, milli dövlətini yaşatması üçün istifadə olunarsa, onda onlar milli ideyaya çevrilə bilər (1, s. 39-40).

Milli-mənəvi və dini dəyərlərə münasibətdə mühafizəkarlıq və islahatçılıq.

Son əsrlərdə milli-mənəvi və dini dəyərlərə münasibətdə mühafizəkar, xüsusilə də ifrat formada mühafizəkar mövqedə dayanan mütəfəkkirlərmiz yeniləşmənin əleyhdarı olub, bu kimi məsələlərdə xüsusilə də, islam dini, ya da şəriət çərçivəsindən kənara çıxmağı mümkünsüz hesab ediblər. Bunlar arasında Əbu Həsən Raci, Məhəmməd Əmin Dilsuz, Molla Hüseyn Dəxil, Əbu Turab Axundoğlu, Mir Möhsün Nəvvab, Əbdüssəlam Axundzadə, Yusif Talıbzadə, Sultan Məcid Qənizadə, Qarabəy Qarabəyli və başqalarının adlarını çəkə bilərik. «İslam birliyi»ni önə çəkərək milli mənsubiyyəti dini kimliyin içində əridən mühafizəkar islamçılar (Əbuturab Axundoğlu, Əbdüssalam Axundzadə, Yusif Ziya Talıbzadə və b.) hesab edirdilər ki, xalqın keçmişdən uzaqlaşması, köhnə ehkamların zəifləməsi, ifrat sərbəstlik müsəlmanlara üz verən bütün bəlaların yeganə mənbəyidir. Onlar müsəlmanların nicatını yalnız ilkin İslam və şəriət qanunlarına olduğu kimi əməl etməkdə görürdülər (7, s.37). Məsələn, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin şeyxülislamı olmuş Axund Əbdüssəlam Axundzadə hesab edirdi ki, müsəlman xalqların sosial-siyasi problemlərlə üzləşməsinin əsas səbəbi əsl islami dəyərlərdə, qayda-qanunlardan uzaq düşmələridir. Onun fikrincə, hazırda müsəlman xalqları, xüsusilə türklər qarşılaşdıqları problemləri həll etmək üçün, ilk növbədə, dini-elmi biliklərini kamilləşdirməli və sözün həqiqi mənasında islam dəyərlərə əməl etməlidirlər (8, 6). Əbuturab Axundoğlu da Qərbyönlü yeniləşməyə qarşı çıxaraq müsəlman xalqları arasında məzhəb ayrılığına son qoyulmasını və bütün müsəlmanların sidq ürəkdən Qurana və Məhəmməd peyğəmbərin (s) əhli-beytinə tapınmasını və şəriətə olduğu kimi əməl edilməsini vacib hesab etmişdir (9, s. 32). O, Avropa mədəniyyətini İslam mədəniyyətinə düşmən elan edərək ona qarşı mübarizə aparmışdır (10).


Faiq Qəzənfər oğlu Ələkbərli,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru,

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300