"Ayna Sultanova xəyanətkar idi, Nərimanovun özü də...”–Müsahibə

"Məlum olduğu kimi, o dövrdə Nəriman Nərimanov Moskvada idi. O, əvvəlcə qiyabi şəkildə müvəqqəti İnqilab Komitəsinin başçısı seçildi. Sonradan Sovet Rusiyasının qərarı ilə tamamilə bu komitənin başına gətirildi.Əlbəttə, bu işğalda birbaşa Sovet Rusiyasının özü, eyni zamanda, daxilimizdə ruslaşdırılmış və ya sosial demokratiyaya inananların da "əməyi” oldu”.

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, türkoloq Faiq Ələkbərli belə deyib.

Onun teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Bir əsr əvvəl bu günlərdə Rusiya ordusu Azərbaycan Xalq Cümhuriyyətini işğal edərək, müstəqilliyimizə son qoydu. Sizcə, bu işğalın baş tutmasında rol oynayan əsas faktorlar nələr idi?

- Əlbəttə, 27 aprel işğalının əsas səbəbi sovet Rusiyasının çar Rusiyası üzərində nəzarəti ələ keçirməsi idi. Bolşeviklər çar Rusiyasının əlindən çıxardığı imperiyanın sərhədlərini yenidən bərpa etmək istəyirdilər. Çar Rusiyası bu işğalçılığı başqa metodlarla həyata keçirirdisə, bolşeviklər bir qədər fərqli yolu seçdilər. Qonşu respublikalarda "proletariata yardım” şüarı ilə fəhlə-kəndli siniflərinə dəstək adı altında bu işğalçılığı reallaşdırdılar. Əlbəttə, burada Rusiyanın məqsədi yenə də keçmiş imperiya sərhədlərini bərpa etmək idi. Azərbaycanın işğalı da bu plana daxil idi. Guya məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin yerində müstəqil Azərbaycan Sovet Sosialist Respublikası yaratmaq idi. Guya bu yöndə buradakı bolşeviklər sovet Rusiyasından yardım istəmişdi. Bütün bunlar Kremldə hazırlanmış bir ssenari idi.

Vaxtilə I Pyotr Azərbaycan ərazilərini Dərbənddən Lənkərana qədər işğal etmişdi. Amma Nadir şah Əfşar 1735-ci ildə Gəncə müqaviləsi əsasında bu torpaqları azad edə bildi. Rusiya ikinci dəfə XIX əsrdə - Ağaməhəmməd şah Qacar Şuşada sui-qəsd nəticəsində öldürüldükdən sonra Azərbaycanın işğalını həyata keçirdi. 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri ilə Qacarlar keçmiş Səfəvilər İmperiyasının bir hissəsinin itirilməsi ilə razılaşdı. 1918-ci ildə müstəqillik qazandıqdan sonra yenə də Rusiya işğal siyasətinə əl atdı. Əlbəttə, Rusiya bütün işğallarda xəyanətkarlardan istifadə etmişdi. 1920-ci il işğalında da Rusiya yenə öz içimizdə yetişdirdiyi Əliheydər Qarayev, Ayna Sultanova, Həmid Sultanov, Çingiz İldırım kimi xəyanətkarlara üz tutdu. Hətta sosial demokratiyaya inanan Nəriman Nərimanov kimi insanlar da vardı.

Məlum olduğu kimi, o dövrdə Nəriman Nərimanov Moskvada idi. O, əvvəlcə qiyabi şəkildə müvəqqəti İnqilab Komitəsinin başçısı seçildi. Sonradan sovet Rusiyasının qərarı ilə tamamilə bu komitənin başına gətirildi. Bu işğalda birbaşa Sovet Rusiyasının özü, eyni zamanda, daxilimizdə ruslaşdırılmış və ya sosial demokratiyaya inananların da "əməyi” oldu. Cümhuriyyət də elə bir qüvvəyə malik deyildi ki, buna müqavimət göstərsin. Erməni faktoru da burada müəyyən rol oynadı. Bilirsiniz ki, 11-ci Qızıl Ordu Azərbaycana hücum edəndə Azərbaycan Silahlı Qüvvələri Qarabağda separatçılıq edən ermənilərə qarşı əməliyyatlar aparırdı. Yalamada – Rusiya ilə sərhədlərdə çox cüzi qüvvəmiz vardı. Təxminən 350 nəfər şəxsi heyət vardı ki, onların hamısı şəhid oldu. 11-ci Ordunun rəhbərliyi bundan sonra ultimatum verdi, nəticədə milli qüvvələr hökuməti kommunistlərə verməyə məcbur oldu. Bununla da Azərbaycan növbəti dəfə Rusiyanın işğalına məruz qaldı.

- İddia edilir ki, Azərbaycanda müstəqilliyin əleyhinə çıxan daşnaklar və bolşeviklərin fəallaşması ingilis general Tomsonun Bakıya gəlişindən sonraya təsadüf edir.

- Son zamanlarda Azərbaycanda anti-milli qüvvələr, xüsusən də "5-ci kolon”un nümayəndələri general Tomson məsələsini şişirtməyə çalışırlar. Tomson Antanta blokunun təmsilçisi idi. Bu blok Birinci Dünya Müharibəsindən qalib çıxmışdı. General Tomson Bakıda olarkən, Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Şurası iki mühüm addım atdı. Birincisi, kiçik parlamentin böyüdülməsi idi. Bununla Azərbaycandakı erməni, rus, yəhdi və digər etnik icmalara yer verildi. Belə bir parlament modelinin seçilməsi də təsadüfi deyildi. Çünki nə Antanta, nə də general Tomson Azərbaycan Xalq Cümhuriyyətini tanımaq istəyirdi. Onlar hesab edirdilər ki, Azərbaycan Xalq Cümhuriyyəti dünya müharibəsində Antantaya qarşı döyüşmüş Osmanlı dövlətinin uzantısıdır. Tomson Milli Şuranın nümayəndələri ilə danışıqlarda bunu açıq şəkildə bəyan etmişdi ki, biz sizi tanımırıq, biz Osmanlının burada "oyuncaq dövlət” yaratdığını bilirik.

Yəni parlamentin geniş şəkildə yığılması və dekabrın 7-də açılması, bundan əvvəl – noyabrın 9-da Azərbaycanın ikinci bayrağının qəbul olunması Antantaya bir mesaj idi. Milli Şura Azərbaycanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına çalışırdı. Əslində ermənilərə, bolşeviklərə və ruslara parlamentdə yer vermək, cümhuriyyətin demokratikliyini və müstəqilliyini göstərmək idi. Yəni milli və dini kimliyindən asılı olmayaraq, hamı burada azad şəkildə yaşayır. Sözün açığı, milli hökumət o dövrdə bəzi güzəştlərə getməyə məcbur idi. Dünya müharibəsində qalib tərəf Antanta idi.

Bir çox şey bu blokun Azərbaycan Xalq Cümhuriyyətini tanımasından asılıydı. Tanınmasaydı, o zaman Azərbaycandakı vəziyyət bir qədər də qarışacaqdı. Dünya müharibəsində məğlub olan Osmanlı öz qüvvələrini çıxardıqdan sonra Antanta öz nümayəndəsi general Tomsonu Azərbaycana göndərmişdi. O dövrdə də bütün dünya Antantanı tanıyırdı. Məsələnin əsl mahiyyəti budur. Son zamanlarda isə "5-ci kolon"un təmsilçiləri iddia edirlər ki, Azərbaycanın bayrağını da müəllifi general Tomsondur. Bunu birmənalı şəkildə qəbul etmirəm. Azərbaycan dövlətinin üçrəngli bayrağının qəbul edilməsi Milli Şura və parlamentinin iradəsin nəticəsi idi. Parlamentin genişləndirilməsi də, o dövrdə bölgə və dünyadakı geosiyasi vəziyyətlə əlaqədar olmuşdu.

- Bəs, Qərb dövlətləri, Paris Sülh Konfransı niyə cümhuriyyətin müstəqilliyini məhz işğala sayılı günlər qalmış tanıdılar, qərarın bu qədər yubadılmasının səbəbi nə idi?

- 1920-ci il yanvarın 11-də müstəqilliyin tanınması barədə qərar verilsə də, bu de-fakto və ya hüquqi cəhətdən rəsmiləşdirilmədi. Düzdür, Azərbaycan Cümhuriyyətini tanıtdılar, amma Millətlər Cəmiyyətinə qəbul etmədilər. Ermənistan həmin il noyabrın 29-da sovetləşdirildi, Gürcüstan isə 1921-ci ilin fevralında. Antanta yalnız Gürcüstanı Millətlər Cəmiyyətinə üzv qəbul etdi, Azərbaycan və Ermənistan isə bundan kənarda qaldı. Baxmayaraq ki, Əlimərdan bəy Topçubaşov Parisdə idi. O, dəfələrlə müraciət etdi ki, Xalq Cümhuriyyəti Millətlər Cəmiyyətinə üzv qəbul edilsin, amma Versal Sülh Konfransı bunu etmədi.

Bəli, Rusiya işğalçıdır, bunu bilirik. Amma bu məqamda İngiltərə və ABŞ-ın ikili standartları özünü göstərdi. 1920-ci il yanvarın 11-də cümhuriyyəti tanıyanda vəd verdilər ki, Sovet Rusiyasına qarşı mübarizədə hərbi yardım olunacaq, amma bu da olmadı. Amma bunu etməyən Fransa, ABŞ, İngiltərə kimi dövlətlər sonradan vaxtilə qurulmasına etirazla yanaşdıqları SSRİ-ni tanıdılar. Yəni Qərb Azərbaycan, Ermənistan və Gürcüstanın Sovet Rusiyası tərəfindən işğalına göz yumdu. Qərb dövlətləri o dövrdə Azərbaycana göstərdikləri həmin münasibəti bugünki müstəqil Azərbaycan Respublikasına göstərirlər. Hətta o dövrdə ABŞ Naxçıvan və Qarabağın Ermənistana verilməsi üçün Azərbaycan Cümhuriyyətinə təzyiqlər göstərmişdi. Böyük Britaniya da onun kimi. Çünki Azərbaycan Cümhuriyyəti ilə Qacarlar dövlətinin (Güney Azərbaycan) birləşəcəyindən narahat idilər. İstəmirdilər ki, Osmanlının çöküşündən sonra yeni türk dövləti yaransın. Türk dövlətinin yaranması nəinki Qərbə, Sovet Rusiyasına da sərf etmirdi.

Son zamanlarda Rusiyanın yenidən işğalçılıq siyasətini gücləndirməyə başladığı bildirilir. Rusiyanın Azərbaycanla sərhədlərdə yerləşən Dağıstan bölgəsindəki hərbi qüvvələrini artırması barədə məlumatlar gəlir. Buna paralel olaraq, Rusiyanın Çeçenistan və Dağıstanda nəzarətdən çıxmağa meyllənmiş vəziyyəti düzəltməklə yanaşı, yenidən Azərbaycan, Gürcüstan və Ermənistanı öz tərkibinə qatmaq niyyətində olması ilə bağlı fikirlər də səsləndirilir. Bu kimi iddiaların ortaya çıxması göstərir ki, Rusiya yenə qonşu dövlətlərə qarşı olan işğalçı iddialarından imtina etməyib. Biz hər an öz təhlükəsizliyimizi qorumaq üçün hazır olmalıyıq, təhlükəsizliyimizi işğal altında olan torpaqları azad etməklə daha da gücləndirməliyik. Biz 27 Aprel işğalını nəzərə alıb, öz dövlətimizi istənilən vəziyyətdə qorumaq gücündə olmalıyıq.


 

Mənsur Rəğbətoğlu, teleqraf.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300