"EY ALLAH BƏNDƏLƏRİ, SİZ XƏSTƏ, ALƏMLƏRİN RƏBBİ TƏBİB KİMİDİR”

 (Yazının əvvəli ilə  bu linkdə: http://www.uluyol.info/index.php?newsid=19521)


 

Allah Rəsulu (s) buyurur: "Ey Allah bəndələri, siz xəstə, aləmlərin Rəbbi təbib kimidir. Xəstənin məsləhəti (xeyri) təbibin bildiyi və onun tədbirindədir (buyurduqlarına əməl etməkdədir), xəstənin sevdiyi və istədiyi şeylərdə deyil. Bəs, həqiqətən də nicat tapmaqdan ötrü Allah üçün onun əmrinə təslim olun!”("əl-İhticac”, c. 1, səh. 45)

 

Bismilləhir-Rahmənir-Rəhim!

 

Başqa bir mühüm məsələ və alacağımız dərs bundan ibarətdir ki, Allah Rəsulu (s) şərif hədisdə bənədələrin xeyir və məsləhətinə diqqət çəkir. Bu da islam dininin sağlam ağıl sahiblərinin (üqəlanın) normal qəbul etdiyi bir məsələ ilə müvafiq olduğunu göstərir. Hər bir ağıllı insan öz xeyrini güdən, məsləhət əsasında iş görən insandır. Hətta, müalicəsi olmayan, yaxud müalicələrin fayda vermədiyi bir xəstəliyə düçar olan bir xəstə belə hansısa ölkədə güclü mütəxəssis həkimin bu dərdə (Allahın izniylə) çarə tapdığını bilərəsə – imkan daxilində - ora gedir və müalicə üçün həkimə müraciət edir. Allah Rəsulu (s) da insanların öz xeyirini düşünməsini və İslamın onlar üçün xeyirli işləri məsləhət gördüyünü diqqətə çatdırır ki, bu da Quranın Allah Rəsulu (s) haqda buyurduğu "aləmlərə rəhmət” ("Ənbiya” surəsi, ayə 107) hikmətiylə tam uyğunluq təşkil edir. Aləmlərə rəhmət olan Allah Rəsulu (s) Allah bəndələrinə xeyrin nə olduğunu göstərir.

 

Üçüncü mühüm məsələ budur ki, Allah Rəsulu (s) xitab edərkən ilk olaraq "Allah bəndələri” xitabıyla müraciət edir. Əvvəldə səthi də olsa qeyd etdik ki, İslam dini cahanşümul və ümumbəşəri bir dindir. Amma bu çıxarışı biz mübarək hədisdən "ey Allah bəndələri” ibarəsiylə deyil, Allah bəndələrinin xəstələrə bənzədilməsi vasitəsiylə üqəlaya (yaşadığı zaman və məkandan asılı olmayaraq) olan xatırlatması nəticəsində etdik. Amma, bundan əlavə Allah Rəsulunun (s) xitabına qulaq asarkən görürük ki, o həzrət (s) "ey iman gətirənlər”, "ey möminlər” deyə xitab etmir. Quranda "ey möminlər”, "ey iman gətirənlər” xitabları çoxdur. Bu xitablardan əlavə "ey insanlar” ("ya əyyuhənnas”) xitabları da mövcuddur. Quran elmləri haqqında qələmə alınan kitablarda göstərilir ki, Məkki (Məkkə şəhərində nazil edilən) ayələrlə Mədəni (Mədinə şəhərində nazil edilən) ayələr arasında üç mühüm fərq vardır; Bir fərq bundan ibarətdir ki, məkki ayələr Məkkə şəhərində, mədəni ayələr isə Mədinə şəhərində nazil edilib. İkinci fərq budur ki, məkki ayələr hicrətdən qabaq nazil edilib, mədəni ayələr isə hicrətdən sonra. Üçüncü fərq budur ki, Məkki ayələr "ey insanlar” deyə xitab etdiyi halda, mədəni ayələr "ey iman gətirən” deyə xitab edir. (Ətraflı məlumat üçün Ayətullah Muhəmməd Hadi Mərifətin "Quran elmləri” kitabına müraciət edilsin) Məkki ayələrindəki "ey insanlar” ("ya əyyuhənnas”) ifadəsi, həmçinin şərif hədisdəki "ey Allah bəndələri” xitabı onu göstərir ki, Quran və nəbəvi hədislər cahanşümul və ümumbəşəri əmrlər və çatdırışlardır. Çünki hər zamanda (ümumbəşəri) və hər məkanda (cahanşümül) insanlar mövcuddur ki, onlar Allah bəndələridir. Allah Rəsulu (s) bu mövzuda təkcə möminlərə, müsəlmanlara deyil, bütün Allah bəndələrinə səslənir.

 

 

Dördüncü mühüm məsələ budur ki, Allah Rəsulu (s) insanların (Allah bəndələrinin) həmçinin xəstənin dərdinin dərmanının, məsləhət və xeyrinin Allahda, təbibdə olduğunu bildirməklə digər varlıqlarda olmadığını çatdırmış olur. Məsələn, bir insana "səni Allah yaradıb” deyilirsə məlum olur ki, o materiya tərəfindən xəlq edilməyib. Amma bundan sonra "səni materiya yaratmayıb” deyilərsə burada təkidin olduğunu görürük. Halbuki "səni Allah yaradıb” deməkdən materiyanın yaratmadığı aydınlaşır. Təkid isə məsələnin nə qədər mühüm, mövzunun nə qədər həssas olsuğunu göstərir.

 

Mübarək buyuruşdan çıxan beşinci mühüm və bəlkə ən əsas nöqtə budur ki, necə ki, xəstə həkimin dediklərinə qeydsiz-şərtsiz, heç bir etiraz etmədən tabe olur, bəndə də Allahın buyurduqlarına qeydsiz-şərtsiz, heç bir etiraz etmədən tabe olmalıdır. Siz heç görmüsünüz ki, hansısa xəstə, tibb elmindən başı çıxmayan, həkimlik ixtisasına yiyələnməmiş hansısa xəstə həkimə müraciət edərkən onunla hansısa dərmanın nə vaxt, gündə neçə dəfə, hansı şəraitdə yeyilməsi barədə mübahisə? Yoxsa hər dəfə gördüyümüz odur ki, həkimin dediklərinə qeydsiz-şərtsiz tabe olub, sağalmağımızı umuruq və Allahın lütf və inayəti sayəsində sağalırıq? Əlbəttə, ikincisi doğrudur.

 

Qeyd edilən beşinci məsələ özündə altıncı mühüm bir nöqtəni gizlətməkdədir. O da budur ki, insan nə üçün həkimin dediklərinə qeydsiz-şərtsiz tabe olur? Bəlkə heç o həqiqətdə həkim deyil. Yaxud da həkimdir, amma mütəxəssis deyil. Bəlkə də heç o ona müraciət edən xəstənin halından, xəstəliyindən, müalicəsindən xəbərdar deyil. Bəlkə də heç həkim xəstəyə düzgün diaqnoz qoya bilməyib? Cavab budur ki, təbii ki, xəstə tanıdığı, mütəxəssis olduğunu bildiyi həkimə müraciət edir. Ona kimlərsə bu həkimi tanıtdırıb o da onun həqiqətən də savadlı həkim olduğunu bildikdən, buna etiqad etdikdən sonra ona müraciət edir və dediklərinə vaxtı-vaxtında əməl edir. Deməli, tanımaq vacib amildir. Eyni məsələni şərif hədis barəsində də tətbiq edirik. Yəni, Allah bəndəsi ilk öncə Allahı tanımalıdır, özündə onun varlığına dəlillər əsasında etiqad və iman hasil etməlidir, ikinci mərhələdə onun buyurduqlarına qeydsiz-şərtsiz tabe olur.

 

Yeddinci mühüm məsələ bundan ibarətdir ki, Allah Rəsulu (s) ilahi mərifəti diqqətə çatdırmaqla əslində İslam dininin kor-koranə din olmadığını, dəlillərə əsaslanan bir din olduğunu göstərir. Çünki, necə ki, xəstə müraciət etdiyi həkimi necə gəldi tapmır, axtarır, soruşur, araşdırır, mütəxəssis olduğunu bildikdən sonra ona müraciət edir, Allah bəndəsi də xəstəliyinin çarəsinin kimdə olduğunu axtarmalı, araşdırmalı, yəqinə çatdıqdan sonra ona müraciət etməli, bütün işləri onun öhdəsinə buraxmalıdır. Bu isə İslam haqında deyilən "İslam kor-koranə qəbul edilən bir dindir” iftirasını alt-üst edir.

 

Səkkizinci mühüm məsələ ki, Allah Rəsulunun (s) bəndəni xəstəyə bənzətməsindən çıxarış edilir, budur ki, necə ki, xəstə həkimin yazdıqları barədə sorğu-sual etmir, bəndələr də bu barədə sorğu sual etməməlidir. Bəzən görürük ki, hətta "təəbbudi” sayılan məsələlərdə belə insanlar sual verirlər. "Təəbbudi” o növ məsələlərdir ki, hikməti, "niyə”, "nə üçün”lüyü Allahın dərgahında məlumdur. Daha çox fiqhi məsələlərdə bu, öz əksini tapır. Məsələn, nə üçün sübh namazı iki rəkət qılınır, beş rəkət qılınmır? Bu məsələnin əsli həqiqəti Allaha məlumdur.

Bundan əlavə qeyd edək ki, xəstə həkimdən nə üçün ona məhz bu dərmanları yazmasının, nə üçün məsələn, acqarına yeyilməməsinin, yaxud gündə üç dəfə yeyilməsinin sirrini soruşsa belə həkimin dediklərindən heç nə anlamayacaq. Çünki onun həkim kimi bu sahədə hansısa bir elmi, dünyagörüşü, nəzəri yoxdur. Amma, ona etibar etdiyi, onu mütəxəssis bildiyi üçün dediklərinə tabe olmağı ağlabatan iş hesab edir.

 

Növbəti mühüm məsələ ondan ibarətdir ki, Allah Rəsulu (s) Allah bəndələrinə bildirir ki, nicat tapmağın, həyatda müvəffəq olmağın yeganə yolu Allahın əmrlərinə təslim olmaqdır. Zatən, bütün bu deyilənlərdən sonra ağıl sahibi olan insanlar müvəffəqiyyət və nicatın yeganə yolunun Allahın əmrlərinə tabe olmaqda görürlər. Təbii ki, Allah Rəsulu (s) insanların həqiqi səadətə, nicat tapmağa və müvəffəqiyyətə nail olması üçün seçilmişdir. Bunun isə yeganə yolu Allahın əmrlərinə təslim olmaqdır.

 

Son olaraq bir mühüm məsələni də qeyd edək ki, İslam dini insanları öz bildiklərinə əməl etməyə səsləyir. Bu barədə, yəni elmlə əməlin vəhdəti barədə gündüz-gecə danışmaq olar. Bu haqda çoxsyalı ayə və hədislərimiz mövcuddur. Çünki bu mövzu İslamda o qədər zəruridir ki, demək olar, İslamda olan hər bir müsəlman, hətta səthi dini biliklərə sahib olan bir insan belə İslamda "bildiyinə əməl et” mövzusuna yaxşı bələddir. Allah Rəsulunun (s) mübarək hədisində buyurulan Allahın əmrlərinə təslim olub nicat tapmaq məsələsində ən gözəl nümunə Allah Rəsulunun (s) özüdür. Necə Quran buyurur:"Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” ("Əhzab” surəsi, ayə 21)Belə ki, bildiyimiz kimi, Allah bəndələrindən biri də Allah Rəsuludur (s), necə ki, hər gün namazlarda dəfələrlə şəhadət verərkən deyirik; Şəhadət verirəm ki, Muhəmməd (s) Allahın qulu və rəsuludur. İlk olaraq Allah Rəsulunun (s) qulluq məqamına, əbd olmasına diqqət çəkilir, daha sonra isə rəsul olması və risalət (peyğəmbərlik) məqamı dilə gətirilir. Allah Rəsulu (s) isə Allah bəndələri arasında ən gözəl bəndə, hamıdan ən gözəl şəkildə Allaha təslim olan bəndədir.

 

Allah Təala bizləri Allah Rəsulu (s) və Onun Əhlibeytindən (ə) nümunə götürən insanlardan qərar versin. Amin!


İlahiyyatçı-yazar:Qasımbala SƏFƏROV


 

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300