"Ola bilsin, karantin müddəti uzadılacaq…”-professor

 

Adil Qeybulla deyir ki, yoluxmanın davam edəcəyi gözləniləndir

Aprelin 6-na olan məlumata əsasən, Azərbaycanda, Naxçıvan da daxil olmaqla daha 57 nəfərin koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 641 olub.

Hazırda 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahı 12 nəfərin sağalaraq evə buraxıldığını bildirib. Naxçıvanda isə bir nəfərin sağaldığı deyilir. Bu, ümumi sağalanların sayını 44-ə çatdırıb.

Covid-19 infeksiyasına yoluxduqdan sonra ölənlərin sayı 7 nəfərdir.

Karantin zonalarında isə 4369 nəfər yerləşdirilib. Naxçıvanda 2896 nəfər karantində saxlanılır. Onlardan 536-sı Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir, Naxçıvan Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Qərargah indiyədək yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparıldığını bildirib. Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb.

Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Lakiin hər gün yeni yoluxmalarla bağlı xəbərlər alırıq. Bütün yuxarıda qeyd etdiklərimiz fonunda aprelin 20-də karantin rejiminin götürülməsi real görünürmü, yoxsa bu vaxt uzadıla bilər?

Musavat.com-a açıqlamasında professor Adil Qeybulla bildirib ki, aprelin ilk həftələrində vəziyyətin bu cür olacağı öncədən bəlli idi: "Aprelin 20-nə qədər yoluxmanın bu cür davam edəcəyi gözləniləndir. Ümumiyyətlə, proqnozlar da belə idi ki, aprel ayında yoluxma sayı ölkədə pik həddə çatacaq. Daha sonra isə proses zəifləyən xətt üzrə davam edəcək. Hazırda açıqlanan rəqəmlər mart ayında yoluxanların göstəricisidir. Həmin yoluxmalar bu gün biruzə verir və ona görə də belə artım görünür. Dövlət tərəfindən karantin rejimi tətbiq edilib, insanlara evdə qalmaq tapşırılır. Lakin biz görürdük ki, insanlar bu çağırışlara məhəl qoymayıb, küçələrə çıxırlar.Bunun nəticəsində də virusa yoluxublar. Hazırda açıqlanan göstəricilər də bütün bunların nəticəsidir. Aprelin 20-də epidemiyanın yayılma vəziyyəti yoxlanacaq və ona uyğun qərar veriləcək. Ola bilər ki, bəzi yumşaldılma etməklə, karantin müddəti uzaldılsın. Eyni zamanda karantin rejimi ləğv edilə də bilər. Bu, epidemiyanın yayılmasına, ümumi vəziyyətə bağlıdır. İnsanlar tətbiq edilən qaydalara ciddi əməl etməlidirlər. Belə olarsa, yoluxma da azalan xətt üzrə gedəcək".

Dünyada isə hesab edilir ki, havaların isinməsi ilə koronavirus ortadan qalxa bilər. Onu da bildirək ki, artıq 3 gündür ki, dünyada koronavirus mərkəzini dəyişir. Yəni yoluxmanın daha çox yayıldığı İspaniya, İtaliya, Amerika kimi ölkələrdə əvvəlki günlərlə müqayisədə temp aşağı düşüb. Ümumilikdə ekspertlər bildirirlər ki, indiyədək mövcud olan epidemiyaların hamısı yaz aylarında zəifləyib, qışda isə sürətlənib. Report xarici mənbəyə istinadən hazırladığı materialda bildirib ki, ötən həftə London Universitet Kollecinin alimləri HCoV-NL63, HCoV-OC43 və HCoV-229E kimi koronavirusun tez-tez görülən növlərinə həsr olunan mühüm araşdırmanın nəticələrini dərc ediblər. Bir neçə il öncə götürülmüş nümunələri təhlil edən alimlər xəstələnmələrin yüksək səviyyəsinin fevral ayına təsadüf etdiyini qeyd ediblər. Yayda isə bu səviyyə çox aşağı olur. Digər tədqiqatlar mülayim iqlim şəraitində koronavirus infeksiyalarının alovlanmasının mövsümi xarakter daşıdığını təsdiq edir.
Lakin araşdırmanın aparıcı müəllifi Rob Oldric xəbərdarlıq edib. "Biz koronavirusun yavaş templə də olsa yayda da ötürüldüyünü müəyyənləşdirdik, ancaq qışda xüsusi həssas insanların sayı yetərincə olsa, həmin vaxtadək bu templər yenidən arta bilər”, - o bildirib.

Ümumilikdə hesab edilir ki, may ayında bu virus Azərbaycanda və dünyada xeyli zəifləyəcək. Lakin bunun üçün insanların karantin rejiminə ciddi əməl etmələri əsas şərtdir.

Əli Rais, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300