Ufologiya elminin sirləri elmi-ladun işığında...
 


 

Yuxarıda qeyd etdiyim kimi, Allah-təala kainatı fizikanın qanunları ilə idarə edir. Odur ki, bu yazıda diqqətinizi tester cihazına və onun funksiyaları ilə kəramətli adamların funksiyası arasında olan eyniliklərə cəlb etmək istəyirəm. 

Fiziklər bu aparatı yaxşı tanıyırlar. Fizik olmayanlar isə, bu aparatın adını bilməsələr də, özünü çox görüblər. Belə ki, sovet dönəmində evlərimizə çağırdığımız televizor ustalarının demək olar ki, hamısının əlində bu aparatdan olurdu.

Aparatın çoxsaylı funksiyalarından biri dəyi-şən (ürəyin kardioqramında olduğu kimi qalxıb-enən) cərəyanı sabit (düzxətli) cərəyana çevirməkdən ibarətdir. 

Qeyd edim ki, cihazlarda yaranan bu cür problem enerji (ruh) daşıyıcısı olan insanda da bir çox hallarda özünü büruzə verir. Yəni, insanın halı və yaxud bir məsələyə, bir şəxsə münasibəti dəyişkən (gah yaxşı, gah da pis) olur. Ruhumuzda müşahidə olunan bu cür qeyri-sabit hallar neqativ təsirdən yaranır. Bu cür hal yaşayan adamlar adətən qəti qərar verməkdə çətinlik çəkirlər. Ailə qurmaq, iş görmək istiqamətində bir addım atmaq istəyəndə hədsiz tərəddüd edirlər və bu gün verdikləri qərarı sabah öz ziyanlarına dəyişirlər. Yəni, sabit bir fikrə malik olmayıb, tez-tez fikirlərini dəyişirlər. Belə şəxslər həm də yuxudan tez-tez diksinib oyanırlar, qaranlıqdan qorxurlar, qorxulu yuxular görür, özlərinə qapanır və bəzi (ağır) hallarda intihara meylli olurlar. Bütün bunlar yuxarıda qeyd etdiyim kimi, neqativ təsirin əlamətlərindəndir. 

Oxucuda sual yarana bilər: necə olur ki, neqativ təsir insanı dəyişir, özünə qapanmağa və intihara sövq edir?

Əvvəlcə, onu qeyd edim ki, neqativ əsasən bəd nəzərlərdən və magik təsirlərdən yaranır. Bunu kompyuterlərimizə düşən virusla da müqayisə etmək olar. Virus kompyuteri dondurduğu, bəzi fayl və proqramları sildiyi kimi, neqativ enerji də insanın həyatını dondurur. Həmçinin, bu vaxt insanda olan məhəbbət hissi (oxu: faylı, proqramı) yox olur.
Bildiyimiz kimi insanı dünyaya bağlayan yaxınlarına, doğmalarına olan məhəbbət hissidir. Məhz bu hissin sayəsində insan dünyanın bütün məşəqqətlərinə dözür, özünün və doğmalarının yaşaması uğrunda mübarizə aparır. Neqativ enerji ilk növbədə insanda məhəbbət hissinin yox olmasına səbəb olur ki, bunun yerini nifrət, kin-kidurət kimi mənfi hisslər (fayllar) tutur. Beləliklə, onu dünyaya bağlayan tellər qırılmış olur. Odur ki, bu cür təsirə məruz qalan insanlarda həyat eşqi olmur, insanlardan uzaqlaşır, ailəsindən üz döndərir, özünə qapanır və yuxarıda sadaladığım digər hallar tədricən baş verir...

Bu mövzuda "Quran”ın "İnək” surəsinin 102-103-cü ayələrində geniş bəhs olunur. Ayələrin məzmunundan aydın olur ki, bəzi insanlar (onlara xalq arasında falçı, cadugər, elmi camiədə isə "maq” deyilir) ər-arvad arasına nifaq salmaq üçün Harut və Marut adlı iki mələkdən (şeytandan) sehr öyrənirlər...

Narahatlıq yaradan bir məqamı da vurğulamaq istəyirəm ki, sehrbazlıq, cadugərlik Musa Peyğəmbərin zamanından sonra heç vaxt indiki qədər geniş vüsət almamışdır. İnsanların demək olar ki, əksər hissəsi onların "xidmətindən” istifadə edərək, məqsədinə nail olmağa, digər insanlara problem yaratmağa çalışırlar. Yaxınlığınızda yaşayan istənilən sehrbazın qapısında düzülən növbələrə baxsanız, bunu özünüz də aydın görə bilərsiniz. 
Nəzərə alsaq ki, hər şəhərdə, rayonda belə "maqların” sayı minlərlədir, onda nə qədər insanın onlara müraciət etməsini və yüzminlərlə insanın neqativ təsirə məruz qalmasını təsəvvür etmək çətin deyil. Məhz bu növbələrin, belə "xidmətlərin” nəticəsidir ki, bu gün cəmiyyətdən xeyir-bərəkət çəkilməkdə, aclıq, səfalət hər yanı bürüməkdə, ailələr sürətlə dağılmaqda, hər gün intihar xəbərləri gəlməkdədir...

Oxucuda sual yaranacaq ki, onların xidmətindən istifadə edib hansısa məqsədə nail olmaq mümkündürmü? 
Əsla yox! Qəti şəkildə sizi əmin edirəm və Allahı, "Quran”ı şahid gətirirəm ki, sehrbazların, cadugərlərin (eləcə də bu kimi işlərlə məşğul olan mollaların) xidmətindən istifadə etməklə, heç bir xoş (!) məqsədə nail olmaq mümkün deyildir!!! Bu necə mümkün ola bilər ki, Allah onları "Quran”da lənətləyir və cəhənnəm vəd edir?! Ancaq onların dağıtdığı ailələrə, bədbəxt etdiyi insanlara baxıb "sevinmək” olar. 
Təəssüf ki, bu gün cəmiyyətimizdə bu kimi ürəkağrıdan hallara baxıb sevinən paxıl insanlar da az deyildir. Məhz belələrini nəzərdə tutub Rəbbim "Sübh” surəsində buyurur: "...Ovsun oxuyub düyünlərə üfürən, yaxud cadu edib iplərə düyün vuran qadınların şərindən və bir də paxıllığı tutanda paxılın şərindən...” (bax: "Fələq”, "Nas” surələrinə).

Ayədə paxıl adamlardan təsadüfən bəhs olunmur. Təcrübə göstərir ki, bu cür nalayiq işlərlə əsasən paxıl adamlar məşğul olurlar. Yəni, onları sehrbazların növbəsində durmağa vadar edən səbəb öz qohumlarına, qonşularına qarşı olan hədsiz paxıllıq hissidir... 

Amma, bəzən avamlıqdan (ufologiya elmindən bixəbərlikdən) da cadugərlərə üz tutanlar, onlardan öz dərdlərinə çarə gözləyənlər var. Onların atdıqları addım suda boğulanın saman çöpünə əl atmasına bənzəyir. 

Oxucuda haqlı bir sual da yaranacaq ki, magiya pisliyə qadirdisə (onların hər cür pisliyə qadir olduqlarını Allah-təala Quran-Kərimdə təsdiq edir və bunu təsdiq edən ayələri yuxarıda qeyd etdim) bəs niyə yaxşılığa da qadir olmasın? Bunun sirri nədir? 

Maraqlı sualdır. Maraqlı da cavabı var: bunun sirrini onların istifadə etdikləri əşyalarda və o əşyaların tərkibindəki kimyəvi birləşmələrdə, maddələrdə axtarmaq lazımdır. Araşdırmalarımız göstərir ki, sehrbazlar bir qayda olaraq neqativ enerjiyə malik olan maddələrdən hazırlanmış əşyalardan istifadə edirlər (uran və s. kimyəvi elementlər ətrafa zəhərli şüalar buraxdığı kimi, bəzi elementlər də neqativ eneri ötürərək, insanın aurasını pozur ki, bu da xəstəliyə və yuxarıda sadaladığım mənfi hallara səbəb olur). Məhz bunun nəticəsidir ki, bu cür təsirə məruz qalan insanlar adətən yuxularında canavar, ilan və s. neqativ heyvanların üstlərinə hücum etdiyini görürlər və bu da onlarda yuxu pozğunluğuna, yersiz qorxuya səbəb olur. 

İnsanlar cadugərlərdən o vaxt uzaqlaşarlar ki, (onların növbəsinə o vaxt yazılmazlar ki,) bu sahədə maariflənsinlər. Yəni, ufologiya elmindən xəbərdar olsunlar. Sehrbazların işinin mahiyyətini bilsinlər. Bu yazını da biz məhz bu səbəbdən yazdıq. Yəni, insanlara yalnız "getmə” deməklə, onları çəkindirmək olmaz. Əksinə, onlarda daha da maraq yaranacaq. Çünki, Yaradanın sözünə baxmayan bəndə (Allah "Quran”da sehrbazlara getməyi qadağan edir) gəlib hansısa bir ziyalının qadağasınamı tabe olacaq?! Əsla tabe olmayacaq. Tabe olsaydı, bu gün cadugərlərin qapısının qarşısında bunca uzun növbələr yaranmazdı. Əlac qalır bu sahədə insanları maarifləndirməyə. Yəni, işin mahiyyətini açmağa.

Bu sahədə oxucunun gözünü açmaq üçün daha bir gizli məqama aydınlıq gətirmək istəyirik. Sual olunur: niyə şama, kofeyə... baxaraq dil-dil ötən "maq” bu vasitələr götürülsə (şam söndürülsə, kofe bayıra atılsa...) lal olur? Cavabı budur ki, şeytan oddan yaranıb, şamın da yanar hissəsi oddur, hansıki, şeytan onun içindədir və informasiyanı da məhz oradan ötürür. Odur ki, həmin anda şamı üfürsəniz, informasiya mənbəyini kəsmiş olacaqsınız.
Elə isə, cadugərin qarşısında oturan insan bir anlıq özünə sual versin: mən şeytanamı pənah gətirdim? Bu mənə yaraşarmı? Şeytandan nicat tapmaq mümkündürmü? Məndən qabaq kimsə şeytandan xeyir görübmü? İnsan bu sualları özünə versə, məncə bir daha oralarda növbə gözləməz (kofedə də böyük magik qüvvə - neqativ enerji vardır ki, fəsad törədə bilir. Məhz bu fəsadın nəticəsidir ki, kofeni içən insanda bir qayda olaraq yuxu pozğunluğu baş verir).

Nə etməli?

Oxucuda bir sual da yaranacaq ki, bəs nə etməli? Əgər kimsə bu cür təsirə məruz qalıbsa və onda yuxarıda sadaladığım əlamətlər müşahidə olunursa, bundan necə xilas olsun?

Araşdırmalarımız göstərir ki, hələ ta qədimdən son 30-40 ilə qədər (tibb elmi xeyli inkişaf edənədək) bu cür problemlərlə qarşılaşan insanlar yaşadıqları ərazidə olan kəramət sahiblərinə (ilkin dövrlərdə peyğəmbərlərə, sonrakı dövrlərdə isə, Allah dostlarına) üz tutar, dərdlərini onlara danışar və onların xeyir-duası ilə özlərində sağlam, xoş əhval (oxu: sabit cərəyan, enerji) hiss edərdilər.
Yazının əvvəlində tester cihazından təsadüfən bəhs etmədim. Peyğəmbərlərin və digər kəramət sahiblərinin bu funksiyası fizikada tester cihazının funksiyası ilə üst-üstə düşür…

Mövlanə Cəlaləddin Rumi kəramət sahiblərini mənəvi həkimlər adlandırır və onları maddi həkimlərlə (tibb işçiləri ilə) belə müqayisə edir:

"O zahir həkimlər başqadır, onlar ürəyə nəbzi tutaraq baxırlar və verdikləri əczalarla (dərmanlarla) insanın cismini müalicə edirlər. Mənəvi həkimlər isə, nəbzi tutmadan ürəyə baxırlar və Allahın bəxş etdiyi elmlə (elmi-ladunla) insanın ruhunu müalicə edirlər. Onların dəlilləri kəşf, ilham və sirri-İlahidir”.

Araşdırmalarımız göstərir ki, bu cür neqativ təsirdən xilas olmaq üçün kəramət sahiblərinin qəbirlərini ziyarət etmək də müsbət nəticə verir. Bu ziyarətlər 3 (yaxud 7) dəfə təkrar olarsa (ziyarətlər arasında qalan günlərin sayı 3-5 gündən çox olmasın) nəticənin daha yüksək olması ehtimalı var. Ziyarət əsnasında insanın gözünə bir anlıq yuxu gedərsə, həmin anda neqativ təsirdən yüz faiz xilas ola bilər... 

Din böyükləri belə hallarda iki qoç qurbanını müqəddəs tapınaq yerlərindən (adətən yaxınlıqdakı ziyarətgahlardan) birində kəsmyi tövsiyə etmişlər. Bir şərtlə ki, qoçlardan biri ağ, digəri qara rəngdə olsun (bunlar gecəylə gündüzə, xeyirlə şərə işarədir) və ağ qoçun boynuna qara yaylıq, qara qoçun boynuna isə ağ yaylıq bağlansın (bu əlamətlərdə qurbanların Xızır Zində pirində kəsilərək, qəbul olması haqda əlimizdə faktlar da var). 

Belə hallarda saleh əməllərlə yaxınlığınızda (qohum-qonşuda) olan tanıdığınız kasıb insanların (dilənçilər nəzərdə tutulmur) qəlblərini sevindirmək də yaxşı təsir edir. Kimisə sevindirərsinizsə və etdiyiniz gözəl əməldən özünüz də fərəhlənərsinizsə, qəlbin belə fərəhli halında Allaha üz tutub: "Ya Rəbbim, mən Sənin fəqir bəndənin qəlbini sevindirdim, Sən də düşdüyüm çətin vəziyyətdən çıxardaraq, məni sevindir” – deyə müraciət etmək bəyənilən əməllərdəndir.

Allahın qulu və carçısı: Paşa Yaqub

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300