IMG 8022

Müsavat Partiyası parlament seçkilərinin nəticələrini tanımır və növbədənkənar seçkilərin keçirilməsini tələb edir. Bu fikir Müsavat Partiyasının bu gün ictimaiyyətə açıqladığı ilkin rəydə öz əksini tapıb.

Bu gün Müsavat başqanı Arif Hacılı partiya qərargahında mətbuat konfransı keçirib və partiyanın rəyini açıqlayıb. Seçki dövründə olan bütün qanun pozuntularını sadalayan Arif Hacılı ilkin rəyin bu faktlara əsaslandığını bildirib. Müsavat başqanı qeyd edib ki, bu rəy Azərbaycan və ingilis dillərində yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.

Sənədi təqsim edirik:

Müsavat Partiyası Mərkəzi Seçki Qərargahının

01 noyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri ilə bağlı

İLKİN RƏYİ

Müsavat Partiyasının Mərkəzi  Seçki Qərargahı hesab edir ki, 01 noyabr 2015-ci  il tarixli Azərbaycan Respublikası  Milli Məclisinə deputat seçkiləri qeyri-demokratik ,  azad və ədalətli seçkilərin keçirilməsi üçün qanunvericilik bazasının olmadığı,  azad siyasi rəqabət şəraitinin və bərabərhüquqlu  təbliğat imkanları prinsipinin  təmin edilmədiyi şəraitdə keçirilib.

Siyasi məhbuslar azadlığa buraxılmayıb, fundamental hüquq və azadlıqlar təmin edilməyib. Seçkilər hakimiyyətin tam nəzarəti, cəmiyyət üzərinə total basqıları  altında keçirildiyi üçün ölkədə seçki ab-havası hiss olunmayıb. Cəmiyyət nəinki seçkilərin nəticələrinə, ümumiyyətlə seçki prosesinə maraq göstərməməklə seçkilər yolu ilə hakimiyyətin dəyişilməsinin mümkünlüyünə inamını itirdiyini nümayiş etdirib.

Seçki kampaniyası dövründə və seçki günü çoxsaylı  saxtakarlıqlara və qanun pozuntularına yol verilib.

Seçkilər azad və ədalətli olmayıb, seçkilərin nəticələri  barədə protokollar   seçki qutularında olan bülletenlərin sayılması  yolu ilə deyil, yuxarıdan diqtə edilmiş uydurma rəqəmlərlə tərtib edilib.

Seçkilərin nəticələri xalqın iradəsini əks etdirməyib.

Hakimiyyət ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosünun 30 uzun və 380 qısamüddətli müşahidəçisinin çoxluğunu bəhanə edərək, onların sayının müvafiq olaraq 6 və 125-ə endirilməsi tələbini irəli sürməklə  ATƏT  Müşahidəçi Missiyasının Azərbaycana gəlməsinin qarşısını alıb.

01 noyabr 2015 – ci il tarixli Azərbaycan Respublikası  Milli Məclisinə deputat seçkiləri   BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumların müəyyən etdiyi  standartlara, Azərbaycan hakimiyyətinin beynəlxalq birlik qarşısında götürdüyü öhdəliklərə cavab verməyib.

SEÇKİQABAĞI ŞƏRAİT

Azərbaycan hakimiyyəti ölkədə mövcud olan demokratik institutların zəiflədilməsi və sıradan çıxarılması istiqamətində siyasətini davam etdirir. Proporsional seçki sisteminin ləğv edilməsi, son Parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması hesabına aparıcı müxalifət partiyalarının parlamentə buraxılmaması çoxpariyalı siyasi sistemin aradan qaldırılmasına yönəlib.  Müsavat Partiyası və başqa siyasi təşkilatların, hətta öz yerli strukturları ilə toplantılarına belə zorakı müdaxilə halları artıb.

Vətəndaşların sərbəst toplaşmaq azadlığı  hüququ demək olar ki, ləğv edilib. Müxalifət partiyalarının, ictimai təşkilatların yürüşlər, mitinqlər, piketlər keçirmək üçün yerli icra hakimiyyəti strukturlarına müraciətləri ciddi əsas göstərilmədən və ya müvafiq icra hakimiyyəti strukturunun belə tədbirin keçirilməsini məqsədəuyğun saymadığını bildirməsi ilə, Konstitusiyaya və "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna zidd olaraq rədd edilib. Mitinqlərin keçirilməsi üçün Bakı şəhərinin mərkəzində yalnız bir yer ayrılıb, yürüşlərin, piketlərin keçirilməsinə isə ümumiyyətlə icazə verilməyib.

Müstəqil mətbuat təzyiq və təqiblərlə üzləşib. Hakimiyyəti tənqid edən jurnalistlərə qarşı təqiblər davam edib.

Azərbaycanda fəaliyyət göstərən siyasi və ictimai təşkilatların, eyni zamanda, beynəlxalq qurumların ardıcıl və uzunmüddətli səylərinə baxmayaraq, siyasi məhbus problemi həll edilməyib.

Ölkədə siyasi məhbusların sayı rekord həddə çatıb. Müsavat Partiyası başqanının müavinləri - Tofiq Yaqublu, Yadigar Sadıqov və Fərəc Kərimov, "REAL” Vətəndaş Hərəkatının lideri İlqar Məmmədov, AXCP Rəyasət heyətinin üzvü  -  Seymur Həzi,   QHT sektorunun nümayəndələri – Leyla və Arif Yunuslar, İntiqam Əliyev, Rəsul Cəfərov, Tale Xasməmmədov, Anar Məmmədli, "Azadlıq” radiosunun tədqiqatçı jurnalisti Xədicə İsmayıl, jurnalist Hilal Məmmədov, "NİDA” Vətəndaş Hərəkatının rəhbərliyinı daxil olan şəxslər  Rəşadət Axundov, Rəşad Həsənov və başqaları  hazırda həbsdədir.

Azərbaycan siyasi məhbusların və vicdan məhbusu elan edilmiş məhbusların sayına görə dünyada lider ölkədir.

Fəaliyyət göstərən televiziya kanalları Azərbaycan haklimiyyətinin təbliğatı, müxalifətə qarşı isə əks-təbliğat fəaliyyəti ilə məşğuldur. Azərbaycan ictimaiyyətinin və Avropa Şurasının tələbləri ilə yaradılmış İctimai Televiziya ölkədə siyasi plüralizmi təmin etmək əvəzinə, faktiki olaraq, mövcud olan digər televiziya kanalları kimi öz fəaliyyətində  iqtidarın təbliğatı və kommersiya fəaliyyətinə üstünlük verir.

SEÇKİ QANUNU

Seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı irəli sürülən təkliflər, o cümlədən Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri yerinə yetirilməyib. Seçki komissiyalarının formalaşması, seçkilərin və səsvermənin təşkili, səslərin sayılması prinsipinin, şikayətlərə baxılması prosedurunun təkmilləşdirilməsi həyata keçirilməyib, seçki komissiyalarındakı vəzifələrin və müşahidənin təşkili ilə bağlı olan qüsurlar yerli siyasi və ictimai təşkilatların, o cümlədən beynəlxalq qurumların təkidlərinə baxmayaraq aradan qaldırılmayıb. Bunun nəticəsində MSK-a da daxil olmaqla, bütün seçki komissiyaları faktiki olaraq həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altındadır.

2003-cü ildə qəbul edilmiş Seçki Məcəlləsinə sonrakı illərdə edilən əlavə və dəyişikliklər ölkənin aparıcı siyasi qüvvələri və bir sıra beynəlxalq təşkilatlar tərəfindən neqativ dəyişikliklər kimi dəyərləndirilib. Belə ki, seçki kampaniyası dövrü əvvəlcə olan 120 gündən 75 günədək, təbliğat kampaniyası dövrü isə 60 gündən 28 günə endirilib, sonra isə seçki kampaniyası dövrü 75 gündən 60 günə, təşviqat kampaniyası dövrü isə 28 gündən 21 günə endirilib. Namizədlərin televiziya vasitəsilə təkbaşına birbaşa çıxışlarının ləğv edilməsi, pulsuz efir vaxtının ayrilmaması, təşviqat materiallarının yayılmasının məhdudlaşdırılması, namizədlərin qeydə alınmasının qarantiyası olan seçki depozitinin qoyulması qaydasının qanundan çıxarılması, namizədlərin seçki kampaniyasının dövlət büdcəsindən maliyyələşdirilməsinin ləğv edilməsi və digər dəyişikliklər hakimiyyət namizədinin alternativi olan namizədlərin təbliğat imkanlarını ciddi surətdə məhdudlaşmasına səbəb olub.

Məhkəmə hakimiyyəti icra hakimiyyətinin nəzarəti altında qalmaqda davam edir. Seçki Məcəlləsinə əsasən seçki komissiyalarının tərkibi və oradakı vəzifələrin bölgüsü seçkidə iştirak edən tərəflərin qarşılıqlı etimadını təmin edən prinsiplərlə yaradılmır.

Namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi mürəkkəbləşdirilib.

Seçki komissiyalarının Protokollarının doldurulması haqqında Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi Təlimatda Seçki Məcəlləsinin tələblərinə riayət edilməməsinin , seçki şikayətlərinə baxılma prosesinin qeyri-şəffaflığı və digər məsələlərin aradan qaldırılması mexanizmləri nəzərdə tutulmayıb.

01 noyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkilərində seçici siyahıları ciddi qüsurlarla tərtib olunub. MSK-nın məlumatına görə, hazırda ölkədə 5,3 milyona yaxın seçici, AR Dövlət Statistika Komitəsinin məlumatına görə isə – 6,6 milyondan artıq seçici var. Rəsmi məlumatlara əsasən, seçici siyahılarına Azərbaycanı uzun müddətə tərk edən 100 minlərlə Azərbaycan vətəndaşlarının da adları daxil edilib, bu da seçkilərin nəticələrinin saxtalaşdırılması üçün geniş imkanlar yaradır.

Bərabərhüquqlu təbliğat imkanları:

Bərabərhüquqlu təbliğat imkanları prinsipi kobud surətdə pozulub.

Təşviqat kampaniyası müddətinin  21 günə endirilməsi seçicilərlə təmaslar, təbliğat və təşviqat işinin ciddi şəkildə məhdudlaşmasına və seçki prosesinə marağın azalmasına səbəb olub.

 Namizədlərin təşviqat kampaniyası demək olar ki, təşkil edilməyib. Bu dövrdə hökumətin KİV üzərində total nəzarəti davam edib,  müxalifət namizədlərinin təşviqat kampaniyasının  qurmasına imkan verilməyib. Hakimiyyət təmsilçisi olan namizədlərin  belə kampaniya qurması görünür seçki prosesini daha da nüfuzdan salmaq məqsədi ilə hakimiyyət tərəfindən məqsədəuyğun sayılmayıb.

Yeni  Azərbaycan  Partiyası efir vaxtından imtina etmək barədə qərar qəbul edib.

Azərbaycan müstəqillik tarixində ilk dəfə təşviqat kampaniyası dövründə pulsuz efir vaxtı, ümumiyyətlə ayrılmayıb. İctimai diskussiyalar təşkil edilməyib.

Namizədlərin seçki kampaniyasının dövlət büdcəsindən maliyyələşdirilməsinin ləğv edilməsi ölkədə maliyyə resursları üzərində hakimiyyətin total nəzarəti şəraitində müxalifət namizədlərinə maliyyə resurslarından istifadə imkanı verməyib.  

Müsavat Partiyasının namizədlərin debatları üçün İctimai Televiziyada yer ayrılması , sonraki mərhələdə heç olmasa  seçkidə iştirak edən siyasi partiyaların rəhbərlərinin televiziya debatlarının təşkil edilməsi təklifləri qəbul olunmayıb.

Secicilərlə qapalı və açıq hava görüşləri üçün ayrılmış yerlər 10 dəfədən çox azaldılıb.

Administrativ resurs seçki kampaniyasında hakimiyyət namizədinin müdafiəçisi kimi fəal iştirak edib.

Müsavat Partiyası bütün bunlara əsasən 28 oktyabr 2015-ci il tarixli qərarı ilə siçki kampaniyasdında iştirakını dayandırıb. Müsavat Partiyasının namizədləri müvafiq dairə seçki komissiyalartına müraciət edərək namizədliklərini geri götürüb.

Seçki kampaniyası dövründə yol verilən qanun pozuntuları və saxtakarlıqlar:

Sənədlərin təqdim və təsdiq edilməsi mərhələsində:

Namizədliyinn təsdiq olunması prosesində DSK-lar namizədlərdən Seçki Məcəlləsində və MSK-nın qəbul etdiyi Təlimatlarda göstərilməyən sənədlər tələb etməklə maneələr yaratmağa çalışıblar. DSK-ların əksəriyyətində Müsavat Partiyasının səlahiyyətli nümayəndələrindən və ya namizədlərindən iş yerindən arayış, bəzi hallarda namizədin həbsdə, eləcə də ödənilməmiş məhkumluğunun olmaması barədə Daxili İşlər Nazirliyindən arayış (125 saylı Zəngilan-Qubadlı seçki dairəsi), şəxsiyyət vəsiqəsinin və diplomun rəngli surətləri (29 saylı Səbail və 123 saylı Kəlbəcər seçki dairəsi) istənilib.

Bir sıra DSK-lar namizədlərin adına olan torpaq sahələri haqqında, eləcə də onların həyat yoldaşlarının mülkiyyətində olan əmlaklar barədə təsdiqləyici sənədlərə ehtiyac olmadığını bildirərək, onları qəbul etməkdən imtina edib (15 saylı Yasamal birinci, 33 saylı Xətai birinci, 67 saylı Cəlilabad şəhər, 84 saylı Füzuli, 123 saylı Kəlbəcər  və s. seçki dairələrində). Sonradan dairə seçki komissiyaları məhz götürməkdən imtina etdikləri bu sənədlərin gizlədildiyini əsas götürərək, 67 saylı Cəlilabad şəhər seçki dairəsində Azər Əsgərovun və 84 saylı Füzuli seçki dairəsində Osman Kazımovun namizədliyini qeydə almaqdan imtina edib.  

64 saylı Sabirabad ikinci seçki dairəsindən partiyanın namizədi Əkbər Əliyevin namizədliyi onun iş yerindən arayış təqdim etməməsi ilə əsaslandırılaraq təsdiq olunmayıb. Prinsipial olaraq könüllü şəkildə işdən çıxaraq sənədləri 18 sentyabr 2015-ci il tarixdə yenidən 64 saylı Sabirabad ikinci seçki dairəsinin dairə seçki komissiyasına təqdim edən Ə.Əliyevin namizədliyinin təsdiq olunması 13 gündən, qanunda nəzərdə tutulduğundan ən azı 6 gün sonra həyata keçirilib və imza vərəqələri partiyanın səlahiyyətli nümayəndəsinə 01 oktyabr 2015-ci il tarixdə saat 17.15-də imza toplanması prosesinin başa çatmasına 15 dəqiqə qalmış təqdim edilib. Bu da faktiki olaraq Ə.Əliyevin namizədliyinin təsdiq olunmamasına bərabər bir haldır ki, nəticədə Ə.Əliyev həm iş yerini itirib, həm də DSK-nın təqsiri üzündən imza toplama kampaniyasına başlaya bilməyib.

İmza toplanması zamanı həyata keçirilən qanun pozuntuları:

13 sentyabr 2015-ci il tarixdə Müsavat Partiyasının 50 saylı Abşeron-Qobustan seçki dairəsindən namizədi Səxavət Soltanlının səlahiyyətli nümayəndəsi Qədim Soltan Qobustanın Xilmilli kəndində imza toplayarkən zorakılıqla üzləşib. Yerli icra nümayəndəsinin və bələdiyyə sədrinin tapşırığını yerinə yetirən qoçu dəstəsi Qədim Soltanı zorakılıqla maşına mindirərək kənddən çıxarıb. Təqribən 10 nəfərlik dəstə müsavatçıya 2 saat ərzində fiziki və mənəvi işgəncə verib. Qədim Soltan sonra bir daha Müsavatçı üçün imza toplamamaq şərtiylə sərbəst buraxılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin "102” xidmətinə, prokurorluğa və Mərkəzi Seçki Komissiyasına rəsmi şikayət verilsə də, hələ də heç bir hüquqi tədbirlər görülməyib.

16 sentyabr 2015-ci il tarixdə 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizəd Namiq Hacılının namizədliyinin müdafiəsi üçün imza toplayan İlqar Muradov polis şöbəsinə çağırılıb və ona xəbərdarlıq edilib.

22 sentyabr 2015-ci il tarixdə Müsavat Partiyasının 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədi Söhrab Əmrahov onun müdafiəsi üçün toplanmış seçici imzalarını dairə seçki komissiyasına təqdim etməyə gedərkən ona məxsus avtomobil arxadan vurulub. DSK-nın qarşısında öyrədilmiş bir qrup şəxs ona hücum edərək fiziki təzyiq göstərib və əlində sənədlər olan qovluğu alaraq qaçıblar. İmza vərəqələri DSK-ya təhvil verildikdən dərhal sonra deputatlığa namizəd Söhrab Əmrahov, Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah, partiyanın Məclis üzvü Ramazan Əliyev və partiyanın səlahiyyətli nümayəndəsi Ramiz Mustafayev polisə aparılıb.

Bu barədə də "102” xidmətinə məlumat verilsə də, bu günə qədər hadisəni törədən şəxslər barədə hər hansı hüquqi tədbir görülməyib.

Müsavata imza verən seçicilərə total təzyiq:

22 sentyabr 2015-ci il tarixdə Müsavat Partiyasının 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədi Söhrab Əmrahovun verdiyi məlumata görə, Xaçmazda hakimiyyət orqanları nəinki müsavatçı namizədə və onun müdafiəsi üçün imza toplayanlara, hətta müxalifətə imza verən seçicilərə belə kütləvi təzyiqə başlayıb:

"Xaçmaz İçra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin tapşırığı ilə bütün məktəb direktorları və büdcə təşkilatlarinda olanlara tapşıriq verildi ki, mənə səs verənlər imzasını geri götürsünlər.”  Sentyabrın 21-dən 22-nə keçən gecə onlarla seçici məmurların müşayəti ilə Söhrab Əmrahovun yaşadığı evə gələrək, onun namizədliyinin müdafiəsi üçün verdikləri imzadan imtina etdiklərini bildirib, bu haqda müsavatçı namizəddən "arayış" alıblar.

25 sentyabr 2015-ci il tarixdə Müsavat Partiyasının 82 saylı Ağcabədi seçki dairəsindən namizədi Rəşid Nəcəfliyə imza verən seçicilər yerli icra strukturlarının total təzyiqi ilə üzləşiblər. İcra başçısı Şahin Məmmədovun və onun müavini Rövşən Əhmədovun Muğanlı kəndinə gəldiyini bildirən Rəşid Nəcəfli qeyd edib ki, hakimiyyət onun namizədliyinin qeydə alınmaması üçün bütün qanunsuz tədbirlərə əl atır: "Muğanlı kəndindən 150 nəfər seçici mənim namizədliyimin irəli sürülməsi üçün imza verib. Bu gün icra başçısı, onun müavini kəndə gəliblər. İcra nümayəndəsinin bələdçiliyi ilə mənə imza verən seçiciləri dövlət çevrilişində ittiham ediblər.”

Müsavat Partiyasının namizədlərinin müdafiəsi üçün imza verən seçicilərə təzyiqlə bağlı seçki dairələrindən faktlar daxil olub. Xüsusən kənd rayonlarında və ərazisi işğal olunan rayonlarda qeydiyyatda olan seçicilərə bu təzyiqlər kütləvi xarakter alıb.  İmza verən seçicilərə təzyiq edilib, yerli icra hakimiyyəti orqanlarının tapşırığı ilə seçicilərdən Müsavatçı namizədlərin müdafiəsinə verilmiş imzalardan imtina olunması təşkil edilib.

Bir sıra seçki dairələrində Müsavat Partyası tərəfindən namizədliyi irəli sürülən namizədlərin yaxınlarına və qohumlarına təzyiq edilib.

Belə hallar 63 saylı Sabirabad, 59 saylı Salyan,  91 saylı Ucar və digər seçki dairələrində baş verib.

Müsavat Partiyasının adından irəli sürülən namizədlərin imza vərəqələri oğurlanıb.

Bu seçki kampaniyasında yeniliklərdən biridir. Aşağıda adları qeyd olunan namizədlərin bəzi imza vərəqələri müxtəlif üsullarla oğurlanıb:

Belə hallara 29 saylı Səbail;  45 saylı Abşeron, 56 saylı Xaçmaz kənd, 75 saylı Lənkəran-Masallı, 85 saylı Şamaxı, 93 saylı Bərdə şəhər, 95 saylı Tərtər, 108 saylı Ağstafa, 109 saylı Balakən, 111 saylı Zaqatala-Balakən seçki dairələrində yol verilib.

Müsavat Partiyasının adından irəli sürülən namizədlər qeydə alınmayıb:

Arzu Səmədbəylinin 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmayıb. DSK Arzu Səmədbəylinin müdafiəsinə verilən 547 imzadan 154-nü qanunla əsaslandırmadan etibarsız elan edib.

DSK öz qərarını Seçki Məcəlləsinin 59 və 60-cı maddələrinin tələblərini pozaraq verib. İmzaların yoxlanması ilə bağlı işçi qrupunun protokolu namizədə və ya onun səlahiyyətli nümayəndəsinə DSK-nın həmin məsələyə baxacağı iclasından azı 24 saat əvvəl təqdim olunmalıdır. Ancaq imzaların yoxlanması ilə bağlı işçi qrupunun protokolu Müsavat partiyasının səlahiyyətli nümayəndəsinə iclasdan cəmi 2 saat əvvəl təqdim edilib. Protokolda iddia edilən pozuntuların araşdırılmasına vaxt tanımadan DSK-nın qəbul etdiyi qərar Seçki Məcəlləsinin kobud şəkildə pozulmasıdır.

İşçi qrupu 167 imzanı, DSK isə 153 imzanı etibarsız sayıb. Bundan sonra MSK-ya şikayət verilib. MSK şikayətin predmetindən kənara çıxaraq, guya imzaların təkrar yoxlamasını həyata keçirib və bu dəfə 117 imzanın etibarsız olduğu deyilib. Bu rəqəmlərdəki uyğunsuzluq faktı yoxlamanın hansı səviyyədə keçirildiyini deyir.

 Analoji seçki pozuntularına dairə seçki komissiyaları tərəfindən aşağıdakı dairələr üzrə Müsavat Partiyasının namizədlərinin imzaları yoxlanılarkən yol verilib:

- 09 saylı Binəqədi ikinci, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 21 saylı Nəsimi birinci, 27 saylı Sabunçu ikinci, 29 saylı Səbail, 35 saylı Xətai üçüncü, 38 saylı (Gəncə) Nizami ikinci, 44 saylı Sumqayıt-Xızı, 45 saylı Abşeron, 54 saylı Şabran-Siyəzən, 56 saylı Xaçmaz kənd, 61 saylı Neftçala, 62 saylı Saatlı, 63 saylı Sabirabad birinci, 66 saylı Biləsuvar, 75 saylı Lənkəran, 77 saylı Astara, 81 saylı Beyləqan, 82 saylı Ağcabədi, 89 saylı Göyçay, 94 saylı Bərdə kənd, 107 saylı Qazax, 108 saylı Ağstafa, 117 saylı Oğuz-Qəbələ, 121 saylı Laçın, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocalı, 125 saylı Zəngilan-Qubadlı seçki dairələrində.

Bu seçki dairələrinin heç birində Seçki Məcəlləsinin 59.13. maddəsinin tələblərinə əməl olunmayıb. Həmin maddənin sonuncu cümləsində göstərilir: "...İmzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku İşçi qrupunun rəhbərinin təsdiq etdiyi Protokolun surəti ilə yanaşı seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir.”

Namizədliyinin qeyd alınmasından imtina edilən dairə seçki komissiyalarında qeyd olunan sənədlərin kiməsə verilməsi faktı yoxdur.

67 saylı Cəlilabad şəhər seçki dairəsində Azər Əsgərovun və 84 saylı Füzuli seçki dairəsində Osman Kazımovun namizədliyini qeydə almaqdan imtina edən dairə seçki komissiyaları əsas kimi sənədlərin təqdim olunması mərhələsində israrlı olaraq götürməkdən imtina etdikləri müvafiq olaraq torpaq sahəsi haqqında namizədə məxsus və əmlak barədə namizədin həyat yoldaşına məxsus təsdiqedici sənədlərin gizlədildiyini göstəriblər.

Mərkəzi Seçki Komissiyası şikayətləri təmin etməyib:

Namizədlərin irəli sürülməsi və seçici imzalarının toplanması mərhələsində yol verilən qanun pozuntuları haqda Müsavat Partiyasının səlahiyyətli nümayəndələri tərəfindən Mərkəzi Seçki Komissiyasına çoxlu sayda şikayət ərizələri təqdim edilib

Lakin Mərkəzi Seçki Komissiyası bu şikayətlərin yalnız 3-nü təmin edib.

3 seçki dairəsində Müsavat partiyasının namizədləri MSK-nın qərarı ilə qeydə alınıb.

Ümumiyyətlə isə Müsavat Partiyasının irəli sürdüyü 73  namizəddən  yalnız 25-nin namizədliyi qeydə alınıb.

MSK namizədlərin irəli sürülməsi dövründə Müsavat Partiyasının namizədləri və səlahiyyətli nümayəndələri tərəfindən ona təqdim edilən yalnız bir şikayəti təmin edib.

82 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizəd Rəşid Nəcəfli dairə seçki komissiyası tərəfindən onun imzaların yoxlanmasında iştirak hüququnu təmin etməməsindən şikayət edib. MSK bu şikayətin təmin edilməsi barədə rəsmi qərar çıxarıb. Amma 82 saylı seçki dairəsinin dairə seçki komissiyası MSK-nın bu qərarına məhəl qoymayıb və imzaların yoxlanması prosesində namizədin iştirakı təmin edilməyib.

Mərkəzi Seçki Komissiyasının namizədin müdafiəsinə öz razılıqları ilə imza verən şəxslərin imzalarından imtina etməsini əsas götürərək namizədliyin qeyd alınmasından imtina barədə DSK-ların qərarlarını qüvvədə saxlamasını Seçki Məcəlləsinin 57.1. maddəsinə ziddir.

Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülən şəxslər tərəfindən Mərkəzi Seçki Komissiyasının qərarlarından (17 nəfər) Apellyasiya Məhkəməsinə, Apellyasiya Məhkəməsinin qərarlarından isə (17 nəfər) Ali Məhkəməyə şikayətlər verilib.

Bu şikayətlərə baxılarkən bir qayda olaraq iddialar təmin edilməyib.

SEÇKİ GÜNÜ

Seçki Məcəlləsinə uyğun olaraq respublika ərazisində 125 seçki dairəsi, 5500-dək seçki məntəqəsi yaradılıb.

Müsavat Partiyasının seçki məntəqələrində seçkiləri müşahidə edən  nümayəndələri, seçki günü seçki məntəqələrində çoxsaylı qanun pozuntuları və saxtakarlıqlara yol verildiyini aşkar edib.

Qanun pozuntuları və saxtakarlıqlar barədə məlumatlar seçicilərdən və tərəfsiz müşahidəçilərdən də daxil olub, eyni zamanda, Azərbaycan mətbuatında belə faktlar barədə əsaslı məlumatlar, foto və videogörüntülər yayılıb.

Pozuntular bütün ölkədə kütləvi hal alıb və bir qayda olaraq hakimiyyətin dəstəklədiyi namizədlərin xeyrinə yönəlib.

Səsvermə zamanı ən müxtəlif qanun pozuntularına və saxtakarlıqlara yol verilib:

Səsvermənin ilk saatlarından Müsavat Partiyasını təmsil edən və müstəqil müşahidəçilərə qarşı təzyiqlər edilib. Müşahidəçilər seçki məntəqələrinə buraxılmayıb, bir çox yerlədə onlara sərbəst müşahidə aparmağa imkan verilməyib, bəzi hallarda isə onlar seçki məntəqələrindən zorla çıxarılıb.

Belə hallar 11 saylı Qaradağ seçki dairəsinin 9 saylı seçki məntəqəsində, 21 saylı Nəsimi birinci seçki dairəsinin 4 saylı seçki məntəqəsində, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 16 saylı seçki məntəqəsində, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin 5, 26 və 35 saylı seçki məntəqələrində və respublika ərazisindəki seçki məntəqələrinin əksəriyyətində qeydə alınıb.

Seçki bülletenlərinin sayılmasında, onların saxlanılmasında, seçicilərə verilməsində qanunun tələbləri bir qayda olaraq yerinə yetirilməyib. Əksər seçki məntəqələrində seçki bülletenlərinin sayılmasında müşahidəçilərinin iştirakı təmin edilməyib.

Seçki günü inzibati resurslardan kütləvi sui-istifadə hallarına yol verilib, dövlət idarələri öz işçilərinin səsverməyə gətirilməsini və onların hakimiyyətin dəstəklədiyi namizədlərə səs verməsini təmin etməklə məşğul olublar.

Əksər  seçki dairələrində "karusel” üsulundan istifadə edilməsi, yəni ayrı-ayrı qrupların eyni və müxtəlif seçki məntəqələrində təkrar-təkrar səsverməsi halları qeydə alınıb.

Belə hallar 10 saylı Binəqədi üçüncü seçki dairəsinin, 15 saylı Yasamal birinci seçki dairəsinin, 30 saylı Suraxanı birinci seçki dairəsinin, 31 saylı Suraxanı ikinci seçki dairəsinin, 33 saylı Xətai birinci seçki dairəsinin, 34 saylı Xətai ikinci seçki dairəsinin, 41 saylı Sumqayıt birinci seçki dairəsinin, 42 saylı Sumqayıt ikinci seçki dairəsinin, 46 saylı Şirvan seçki dairəsinin, 47 saylı Mingəçevir seçki dairəsinin,  50 saylı Abşeron-Qobustan seçki dairəsinin, 71 saylı Masallı kənd seçki dairəsinin, 123 saylı Kəlbəcər seçki dairəsinin, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin əksər seçki məntəqələrində, ümumiyyətlə, respublika ərazisindəki seçki məntəqələrinin əksəriyyətində qeydə alınıb.

Seçicilərə pul paylanması halları barədə məlumatlar daxil olub.

Hələ seçki başlanmamış seçki məntəqələrinə seçki qutularının içərisində bülletenlərlə məntəqəyə gətirilməsi halları müşahidə edilib.

Seçki komissiya üzvlərinin və kənar şəxslərin seçki qutularına topa halında (çox sayda) seçki bülleteni atdığı hallar qeydə alınıb.

Belə hallar 10 saylı Binəqədi üçüncü seçki dairəsinin, 13 saylı Xəzər-Pirallahı seçki dairəsinin, 31 saylı Suraxanı ikinci seçki dairəsinin, 33 saylı Xətai birinci seçki dairəsinin, 47 saylı Mingəçevir seçki dairəsinin, 71 saylı Masallı kənd seçki dairəsinin, 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin, 50 saylı Abşeron-Qobustan seçki dairəsinin əksər seçki məntəqələrində, ümumiyyətlə, respublika ərazisindəki seçki məntəqələrinin əksəriyyətində qeydə alınıb.

Məntəqələrdə şəxsiyyət vəsiqəsi olmayan vətəndaşların, adları seçki siyahısında olmayanların və qeydiyyatı başqa ərazidə olanların və bir neçə şəxsiyyət vəsiqəsi ilə səsverməyə gələnlərin səs verməsinə imkan yaradılıb.

Belə hallar 33 saylı Xətai birinci seçki dairəsinin, 42 saylı Sumqayıt ikinci seçki dairəsinin, 50 saylı Abşeron-Qobustan seçki dairəsinin, 85 saylı Şamaxı seçki dairəsinin, 125 saylı Zəngilanm-Qubadlı seçki dairəsinin seçki məntəqələrində, ümumiyyətlə, respublika ərazisində olan əksər seçki məntəqələrində qeydə alınıb.

Səslərin sayılması zamanı müşahidəçilərin əksəriyyətinə səs sayma prosesini müşahidə etmək imkanı verilməyib. Bir çox hallarda müşahidəçilər seçki məntəqələrindən çıxarılıb.

Seçicilərin seçkilərdə iştirak faizi süni surətdə artırılıb.

Seçki məntəqələrində karbonlaşdırılmış seçki protokolları doldurulmayıb və protokolların surəti müşahidəçilərə təqdim edilməyib.

Seçki protokollarının surəti müvafiq elan lövhələrindən asılmayıb.

Bir çox seçki məntəqələrində səslər ümumiyyətlə sayılmayıb.

Seçki protokollarına seçicilərin səslərinə heç bir aidiyyatı olmayan uydurma rəqəmlər daxil edilib.

Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı seçki günü baş verən qanun pozuntuları və saxtakarlıqlarla bağlı Müsavat Partiyasının müşahidəçilərinin və səlahiyyətli nümayəndələrinin, eləcə də ayrı-ayrı seçicilərin verdiyi məlumatlar əsasında 6 press-reliz yayıb. Bu press-relizlərdə seçki günü baş verən qanun pozuntuları haqqında məlumatlar konkret faktlarla əks olunub. 

Press-relizlərin surəti ilkin rəyə əlavə olunur.

HƏTİCƏ

01 noyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri azad və ədalətli olmayıb.

Bu seçkilər xalqın azad iradəsini əks etdirməyib:.

- Milli Məclisə deputat  seçkiləri ərəfəsində ölkədə demokratik şərait olmayıb;

- ölkədə azad siyasi rəqabət şəraiti yaradılmayıb;

-  siyasi məhbuslar azad edilməyib;

- vətəndaşların söz, ifadə, sərbəst toplaşmaq azadlıqları təmin edilməyib;

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300