Rəsmi Bakıdan İrəvanın iddialarına cavab

 

Azərbaycan XİN: "Ermənistan rəhbərliyi münaqişənin həll olunmasına deyil, bilərəkdən vəziyyətin gərginləşməsinə üstünlük verir”

"Avqustun 27-də Ermənistan Respublikasının xarici işlər naziri bu ölkə XİN-in mərkəzi aparatının, habelə diplomatik və konsulluq nümayəndəliklərinin rəhbərləri qarşısında çıxış edərək, Azərbaycanın ünvanına tamamilə reallıqdan uzaq və danışıqların mahiyyətinə uyğun olmayan iddialar səsləndirdi. Bununla əlaqədar bir daha vurğulamaq istərdik ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsi olub, hazırda onun ayrılmaz hissəsidir və bu gələcəkdə də belə olacaqdır”.

Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Musavat.com-a açıqlamasında bildirdi. Xanım diplomatın sözlərinə görə, bütün dünya birliyi bu həqiqəti tanıyır və birmənalı olaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyir: ""Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur, Azərbaycanın bu bölgəsinin erməni və azərbaycanlı icmaları vardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə qəbul edilmiş model, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əsaslanır. Dinc nizamlanma çərçivəsində konkret addımlar isə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən irəli sürülüb və bu ilin 9 mart tarixli son bəyanatları da daxil olmaqla həmsədrlər tərəfindən dəfələrlə səsləndirilib. Beynəlxalq miqyasda tanınmış multikultural cəmiyyətə sahib olan, çoxlu sayda müxtəlif etnik qrupların vətəni olan Azərbaycan dövləti, bütün əzəli azərbaycanlı əhalini hal-hazırda bu ölkənin yerləşdiyi ata-baba torpaqlarından qovan və üstəlik Azərbaycanın işğal olunmuş ərazilərində ən ifrat təzahürü Xocalı faciəsi olan dəhşətli etnik təmizləmə həyata keçirən monoetnik Ermənistanla heç bir müqayisəyə gələ bilməz. Ermənistan XİN başçısının vətəndaşların öz iradələrini azad ifadə etməsini nəzərdə tutan xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edərək təmsil etdiyi ölkənin təcavüzkar niyyətlərinə hər hansı şəkildə haqq qazandırmaq cəhdləri, nə beynəlxalq hüquqa, nə də sağlam məntiqə uyğun gəlmir. Həqiqətən, hər hansı bir ərazinin əhalisinin bir hissəsinin hüquqlarını bu ərazinin əhalisinin digər hissəsinin hüquqlarını tamamilə pozaraq həyata keçirmək mümkün deyil. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının hüquqları kütləvi şəkildə pozulub. Yalnız Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının öz doğma yerlərinə təhlükəsiz qayıdışı və orada ləyaqətli yaşayışı ilə təməl hüquqlarının bərpasından sonra bu bölgənin sakinlərinin özünüidarəetmə hüquqlarının həyata keçirilməsi formaları üzrə konkret müzakirələr aparmaq mümkün olacaqdır”.

L.Abdullayeva əlavə etdi ki, Ermənistan xarici işlər nazirinin daxili auditoriyaya yönəlmiş son açıqlaması, Z.Mnatsakanyanın hər zaman çox canfəşanlıqla guya istədiyi, münaqişənin sülh yolu ilə həlli əvəzinə, onun kəskinləşməsi kimi çox təhlükəli tendensiyaya gətirib çıxarır: "Ermənistan artıq müəyyən etməlidir, o sülh istəyir, yoxsa vəziyyətin gərginləşməsini?! Belə bir təsəvvür formalaşır ki, hazırkı Ermənistan rəhbərliyi münaqişənin həll olunmasına deyil, bilərəkdən vəziyyətin gərginləşməsinə üstünlük verir. Təəssüflə qeyd olunmalıdır ki, bu gün rəsmi Yerevan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir. Lakin istənilən halda aydındır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-kvo vəziyyəti ilə barışmayacaq. Bizim səbrimiz tükənməz deyil”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300