Fevral ayının 28-də qəfildən halı pisləşən və yerləşdirildiyi 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişən Sərdar Həmidov ötən gün qoruduğu Tərtər rayonunda torpağa tapşırılıb.

1992-1994-cü illərdə Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi düşməndən tam şəkildə müdafiə olunub. Bundan başqa Ağdərə əməliyyatında uğur qazanaraq Ağdərənin bir neçə kəndini, o cümlədən ən böyük qəsəbəsi olan Margüşəvanı Tərtərin ərazisinə qatıb. Döyüşlərdə qazandığı uğurlara görə Azərbaycanın o zamankı prezidenti Əbülfəz Elçibəy tərəfində Fəxri Fərmanla təltif edilib.

Sərdar Həmidov döyüşlərdə bir neçə güllə-qəlpə yarası alıb.  

Etatist.com xəbər verir ki, Sərdar Həmidovun vəfatından sonra sosial şəbəkələrdə və saytlarda bir çox tanınmış şəxs onun haqqında öz fikirlərini paylaşıblar.

İsa Qəmbər Sərdar Həmidovu şəhid adlandırıb:

"1992-1993-cü illərdə Tərtərin qorunmasında həlledici xidmətləri olan Sərdar Həmidov vəfat edib. Onu döyüşlərdə aldığı yaralar və bu rejimin zindanında düçar olduğu xəstəliklər öldürdü. Şəhid belə olur!
Övladlarına, İskəndər bəyə, yaxınlarına, bütün Tərtər camaatına başsağlığı verirəm.
Tanrı ruhunu şad etsin!"

Sabiq daxili işlər naziri, Sərdar Həmidovun qardaşı İsgəndər Həmidov isə sadəcə "Sərdarın haqqını tarix verəcək!" qeydi ilə kifayətlənib.

"Yeni Çağ" qəzetinin təsisçisi və baş redaktoru Aqil Ələsgər da öz facebook hesabında Sərdar Həmidovun yaxınlarına başsağlığı verib:

"Bu dünyadan çox böyük bir KİŞİ köç etdi. Haqqında internetdə axtarış aparın, üç-beş cümlə taparsınız, ya tapmazsınız. Ancaq elinin dilində, qədirbilən hər kəsin qəlbindədir... Vətəni üçün canından keçən, bu səbəbdən erməniyə bir qarış Tərtər torpağı verməyən biri idi Serdar Hemidov... Rəhmətliklə ən son 8-9 ay öncə qarşılaşmışdıq, əlləri əssə də, gözündəki gənclik alovu əsla sönməmişdi... Bizdən daha inamlıydı gələcəyə... O, gerçək qəhrəmandır... Adsız, sansız, titulsuz... Ona yaltaqlanan, onu Tanrı qatına yüksəldənlər deyil, adını çəkməkdən qorxanlar var idi...
Məğrur idi... Çünki kimsəyə eyvallahı yox idi... 
Bu millətin məzar daşına qəhraman yazılmayan, ancaq xalqının könlündə əbədiyyən qəhrəman olaraq, yaşayacaq bir isimdi... Vətən daha bir əfsanəsini itirdi!.. Başın sağ olsun, Azərbaycan!"

Sərdar Həmidovu yaxından tanıyan sabiq MTN zabiti İlham İsmayıl da "Yeni Müsavat”a onunla bağlı xatirələrini danışıb. O söyləyib ki, Sərdar Həmidov peşəkar hərbçi deyildi: "O, vətənpərvər, el dərdi çəkən idi. Bu xüsusiyyətlər onu anadangəlmə hərbiçi, sərkərdə etmişdi. Biz bu gün (dünən-red.) onun dəfn mərasimində iştirak etdik. Ora gələn insanlar da bildirdilər ki, Sərdar Həmidovun şücaətinə görə hazırda Tərtər camaatı öz torpağındadır, ata-babalarının məzarlarını rahat şəkildə ziyarət edirlər. Tərtər təkcə müdafiə mövqeyində deyil, həm də hücumda olub. Dağlıq Qarabağın ətrafında Tərtər yeganə rayondur ki, bir qarış torpağı da işğal altında deyil. Əksinə, Tərtər istiqamətində Dağlıq Qarabağda 8 kənd Azərbaycanın nəzarətindədir. Bu kəndlərin də qorunmasında, alınmasında Sərdar Həmidovun böyük rolu olub. Yeri gələndə onun qışqırmağı, sillə vurmağı olmasaydı, digər işğal altında olan rayonlarımız kimi Tərtəri də itirmişdik”.

İ. İsmayıl onun ömrünün son anlarını aşağıdakı kimi təsvir edib:

"Ömrünün son anlarında mən də onun yanında idim. Mən xəstəxanaya çatdığım zaman gördüm ki, o, yerində oturub, uzanmır. Həkimlər iynə vurmaq istəyirdi, lakin o söyləyirdi ki, mənə heç nə olmayıb. Elə bil istəmirdi ki, kimsə onu yazıq vəziyyətində görsün. Ona görə də uzanmaqdan çox, ayaqüstündə dururdu. Üç nəfər zorla onu saxladıq ki, həkimlər sakitləşdirici iynə vursunlar. Yəni o, mübarizliyini son anına qədər də qorudu. Allah rəhmət eləsin”.

* * *

"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal Sərdar Həmidovun vəfatını "Qarabağ qalasının bir istinadgahı da düşdü" deyə şərh edib:


"Qarabağ savaşının əfsanə komandirlərindən Sərdar Həmidov dünyamızla vidalaşdı...
Sərdar Həmidov ismi bu günümüzdə belə Qarabağı, Qarabağ savaşını, Kəlbəcəri, Tərtəri, Ağdərəni, qələbəni bizlərə andıran ismlərdəndir. Sərdar Həmidov adı Qarabağ qoxulu idi. Bu qoxunu hər kəs duya bilməz, bilənlər bilir... 
2004-cü ildə 7 illik həbsdən çıxdıqdan sonra evində ziyarət etmişdim. Ara-sıra görüşdüyümüz olurdu. Hər dəfə də, əli-qolu bağlanmış komandir kimi nisgilli...
Allah sənə rəhmət eləsin, Sərdar əmi. Sən bu dünyadan qalib ayrıldın. Müzəffər komutan kimi. Amma gözün Kəlbəcərin Ağdərədən bağlanmış yolunda qaldı.
Tanrı o yolu yenidən açmağı - Tərtərdən yol alıb, Ağdərədən keçib Kəlbəcərə getmək qüdrətini bizə nəsib etsin. Sənin nigaran ruhun da bizim köç karvanımızın üstündə qanadlanan minlərlə Qarabağ şəhidinin ruhuna komandanlıq etsin!"

* * *

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı Sərdar Həmidovun vəfatı xəbərindən sarsıldığını bildirib:

"Mən onu həbsxanada ziyarət etmiş, haqqında "44 kiloluq dərd" yazısı yazmışdım. Oğlu Şəhriyar Məcidzadə hər zaman xətrini istədiyim gənclərimizdən biri olub. Sərdar Həmidov Azərbaycanın gerçəkdən qəhrəman adamlarından biridir. Yaşadığı zaman bu dövlət ona haqqını vermədi. Başın sağ olsun, Şəhriyar Məcidzadə! Başın sağ olsun, Tərtər, Səni düşmənə təslim etməyən oğlun dünyadan getdi! Allah rəhmət eləsin! Məkanı cənnət olsun!"

* * *

Tanınmış şəxslər Sərdar Həmidov haqda -

"Yeni Müsavat" qəzetinin əməkdaşı Kənan Rövşənoğlu isə modern.az saytına mərhum Sərdar Həmidovla bağlı xatirələrini bölüşərkən aşağıdakıları bildirib:


"Sərdar Həmidovu Tərtərdə uşaqdan böyüyə hamı tanıyır. Hər kəs üçün Tərtəri işğaldan qoruyan komandir və icra başçısıdır. Savaş bizim yeniyetməlik dövrümüzə düşdü, amma olanları izləyirdik. O zaman 90-cı illərin əvvəllərində Tərtərdə ermənilərə qarşı rayonun fəal insanları hərəkətə keçirdilər. AXC hakimiyyətə gəlməzdən əvvəl Tərtərdə silahlı birliklər qurulmuşdu, ermənilərə qarşı vuruşurdular. O zaman Sərdar Həmidov silahlı dəstə yaratmışdı. Sonra AXC hakimiyyəti zamanı icra başçısı təyin olundu və sorağı Ağdərədən gəlməyə başladı. 

Uğurlu Ağdərə əməliyyatında onun adı əsas komandirlərdən idi. Eyni zamanda onun savaş vaxtı əlinə silah götürüb əsgərlərin qabağında getməsi, döyüşçülərə can yandırması, şəhid ailələrinə özəl münasibəti vardı. Amma yalnız komandir kimi deyil, həm də icra başçısı kimi də müsbət insan olaraq yadda qaldı. Gənc adamları irəli çəkdi. 

Bütün keçmiş döyüş adamları kimi də onda bir ideya var idi: "Torpaqlar azad edilsin”. Sərdar bəy vətənə, torpağa xidmət etdi, onun qorunması üçün əsl mübarizə apardı. Bu səbəbdən də o, Qarabağ şəhididir. Allah rəhmət eləsin".

* * *

Milli Qəhrəman Maşallah Abdullayev modern.az saytına açıqlamasında bildirib ki, Sərdar Həmidovun şəxsi şücaəti, igidliyi nəticəsində düşmənin "Arabo” batalyonu Azərbaycanda qırılaraq geri çəkildi:

"O, vətənini, torpağını dünyadan hər şeydən, hamıdan çox, hətta balasından da çox sevirdi.

Sərdar Həmidova Milli Qəhrəman adı yüzə yüz , birmənalı verilməlidir. Həyatdır, ola bilər ki, mən də hardasa səhvə yol verim. Bir başqasının da səhvi ola bilər. Amma Sərdar Həmidov əsl qəhrəman doğulmuşdu və qəhrəman idi. Onun ətrafında olan oğlanlar da əsl qəhrəmanlardır.

Tərtərin Marquşevan kəndinə köməyə getdik. Onda Sərdar bəy hələ Tərtərin icra başçısı deyildi. Orada xalqın içində elə hərəkət elədi ki, yəni rayona su gətizdirdi, əlindən gələni və artığını da etdi.

Orada da çox çətin döyüş yolu keçdik. Sonradan Sərdar Həmidov Tərtərə icra başçısı təyin ediləndə də xalqın və millətin əsl sevgisini, məhəbbətini qazandı. Sərdar Həmidov hər zaman döyüşlərdə özü çiynində qumbaraatanla gəzirdi".

* * *

Ümid Partiyasının sədri İqbal Ağazadə də Sərdar Həmidovun vəfatı ilə bağlı başsağlığı verib:

"Ağdərə rayonunun düşməndən azad edilməsi prosesində, döyüşlərin taktikasının hazırlanması və hərbi əməliyyatların aparılmasındakı xidmətlərindən dolayı Sərdar Həmidova prezident Fəxri Fərman verimişdir.

Bu döyüş taktikası nəticəsində Ağdərə rayonunun bir neçə kəndi, o cümlədən ən böyük qəsəbəsi olan Mərgüşəvan erməni silahlı bölmələrinin işğalından azad olunaraq Tərtər rayonunun ərazisinə daxil edilib.
O, bir döyüşçü kimi bizim qəlbimizdə daim yaşayacaqdır. Sərdar bəyin vaxtsız vəfatı bizi dərindən sarsıtdı. Onu hörmətlə anır, vəfatından kədərləniyimizi bildirir, yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyirik".

* * *

Qarabağ müharibəsi veteranı və əlili, ehtiyyatda olan polkovnik-leytenant Habil Şirinov Sərdar Həmidov barədə düşüncələrini moderator.az ilə bölüşüb:

""Hörmətli həmvətənlərim. Xalqımızın igid oğlu Sərdar Həmidovun vəfatı münasibəti ilə bütün vətənpərvər insanlara, Türk dünyasına, Həmidovlar ailəsinə dərin hüznlə baş sağlığı verməyi özümə borc bilirəm. İnsan var sağlığında o dünyasını qazanır. Məhz, Sərdar bəy belə insanlardan olub. O bütün varlığı ilə vətəninə, torpağına bağlı insan idi. Bu hiss ona kökündən gəlmişdir. Vətənpərvərlik Həmidovların qanındadır.

Mən 1989-cu ilin sentyabrında könüllü Ağdərənin İmarət-Qərvənd kəndinə həkim kimi getdim. Həmin ilin dekabrında DİN-nın bir qrup polisi kömək üçün kəndə gəlmişdilər. Onlara rəhbərlik edən İsgəndər Həmidovla burada yaxından tanış oldum. Daha sonra İsgəndər bəy məni qardaşı Sərdar bəylə tanış etdi. Həmin vaxtlar o Tərtər Rayon İstehlak Cəmiyyətinin sədri idi. Və mən Sərdar bəy kimi vətənpərvər oğulları görəndən sonra daha da ümidləndim. Çünki, məhz onun kimi insanların mayası vətən sevgisi ilə yoğrulmuşdur. Sovet irticasının ən qorxunc vaxtında Qarabağın kəndlərində, Kəlbəcərdə ermənilərə qarşı döyüşçü dəstələrinin yaranmasında İsgəndər bəylə birlikdə Sərdar bəy heç nədən qorxmayaraq maddi və mənəvi dəstək olmuşdur. Sərdar bəy haqqında nə qədər deyilsə də onun etdikləri xatirələrə sığan deyil. O, ömrünün axırına kimi öz xalqına, vətəninə sadiq qaldı. O, ŞƏHİDLİK zirvəsinə yüksəldi. Təki vətən sağ olsun."

* * *

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300