Ekspert: "İŞİD-in məhvi barədə deyilənlər əfsanədir”

 

Mayın 30-da Türkiyənin cənubunda, Adana əyalətində İŞİD terror qruplaşmasının 14 silahlısı saxlanılıb. Məlumata görə, tutulanlar arasında qadın da var. Silahlıların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir.

Terrorçuların saxlanılması ilə bağlı əməliyyat əvvəlcədən plana uyğun şəkildə aparılıb. Saxlanılanların Adananın müxtəlif hissələrində terror aktları planlaşdırdıqları məlum olub. Onu da qeyd edək ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu son zamanlar Türkiyə ərazisində İŞİD-in fəallığının müşahidə olunduğunu demişdi.

İŞİD terror təşkilatının illərdir ki, məhv edildiyi bildirilsə də, bu barədə dünya mediasında çoxsaylı yazılar dərc edilsə də, görünən budur ki, qruplaşma ayaqdadır. Özü də bu terror qruplaşmasının üzvləri guya islam uğrunda savaşdıqlarını söyləsələr də, islamda müqəddəs hesab edilən Ramazan ayında qan tökürlər. İŞİD üzvlərinin MDB sərhədlərinə qədər yaxınlaşdığını söyləyənlər də var.


Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan ekspert Nəzakət Məmmədova bildirdi ki, İŞİD-in məhv edildiyini söyləmək olmaz:"Ümumiyyətlə, terror təşkilatlarını məhv etmək, kökünü kəsmək mümkün olmur. Çünki bu təşkilatlar böyük dövlətlərin dəstəyi ilə yaranır və müəyyən məqsədi həyata keçirmək üçün istifadə edilir. Hazırda görürük ki, yeni dünya düzəninin formalaşması prosesi gedir. Bu proses isə münaqişələr fonunda müşahidə olunur. Belə şəraitdə İŞİD kimi terror təşkilatlarına əlbəttə ki, ehtiyac var. Onları idarə edən güclər üçün bu təşkilatların qalması vacibdir. Çünki hələ o güclər öz məqsədlərinə tam çatmayıb, ciddi müqavimətlə üzləşiblər. Buna görə də təbii ki, İŞİD hələ yaşayacaq. Amerika, Rusiya, Türkiyə, İran qarşıdurması varsa, İŞİD-in və digər terror təşkilatlarının da yaşamasını müşahidə edəcəyik. Amerika və Səudiyyə Yaxın Şərqdə İŞİD, PKK, PYD, YPG vasitəsilə fəaliyyətlərinə davam edirlər. Heç kəsə sirr deyil ki, İŞİD-də ingilislərin təlimatçıları, almanlar vardı. Yəni İŞİD sanki bir anqlo-sakson projesinə oxşayır”.

Ekspert xatırladıb ki, İŞİD-in İordaniyada Amerika təlimatçıları tərəfindən təlim keçdikləri ilə bağlı da məlumatlar yayılmışdı:"Bu faktı ruslar yaymışdı. Onlar kosmosdan izləmişdilər ki, Suriya-İordaniya sərhədində, sərhəd buraxılış məntəqəsindən İŞİD üzvləri çox rahatlıqla keçib, gedirdilər. Halbuki, orada Amerika əsgərləri xidmət aparırdı. Rusiya, Türkiyə və İran İŞİD-a qarşı müharibə aparanda amerikanlar bu terror qruplaşmasının üzvlərini ərazidən evakuasiya etdilər. Guya İŞİD-i amerikan aviasiyası bombardman edirdi, ancaq sonradan xəbər yayıldı ki, bu terror qruplaşmasının üzvlərinin olduğu əraziyə humanitar yardım edilib. İŞİD yerinə də dinc əhalini vurdular və adını da qoydular ki, səhv düşüb. İŞİD-in bir hissəsinin Əfqanıstana yerləşməsi ilə bağlı da məlumatlar var. Əfqanıstan da Amerikanın nəzarətindədir. Orada İŞİD-in lazım gələrsə, münaqişə bölgəsinə atılmasına yol verilə bilər. Bu baxımdan İŞİD-in tam məhv olmasını söyləmək olmaz. Ümumiyyətlə, terror təşkilatlarını asanlıqla məhv etmirlər. Çünki bu təşkilatların yetişməsi üçün böyük dövlətlər vəsait xərcləyir, təlimlər keçirlər. Təbii ki, belə halda birdən-birə bu terror təşkilatını məhv etməzlər. İŞİD-i Əfqanıstana yerləşdirməkləri də təsadüfü deyil. Həmin bölgə elədir ki, oradan bu terror təşkilatının üzvlərini Çin, Rusiya, İran və yenidən Yaxın Şərqə göndərə bilərlər. Bu baxımdan İŞİD-in məhv edilməsi ilə bağlı məlumatlar əfsanədir. İŞİD "Əl-Qaidə”dən yarandı. İŞİD-dən də başqa ad altında yeni bir terror təşkilatı yarada bilərlər. Çünki terrorla bağlı təlim keçmiş adamlar daimi xüsusi xidmət orqanlarının nəzarəti altında olur və onlardan lazım gəldikdə istifadə edilir”.

Əli Rais, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300