"Həmişə yanımda hiss edirəm, gözümü yumub, onunla söhbət edirəm”- Şəhid Müşfiq Orucovun anası - FOTOLAR, VİDEO

 

Qara paltarlı qadın... Onu görəndə başa düşdüm ki, çəkdiyi acının nə tərifi var, nə bənzəri. Çünki bu övlad acısıdır, heç nəyə bənzəməz. Canı canından, qanı qanından olan, baxmağa, öpməyə qıymadığı , kəm gözdən belə qoruduğu övladın cansız bədənini qara torpağa tapşıran bir ana var qarşımda. 3 il öncə baş verən hadisənin yanğısı ürəyində, qəhəri səsindədir hələ də... Oğlunu itirdikdən sonra səsini də itirib, ağlamaqdan , fəryad etməkdən. Saçına ağdan, geyiminə qaradan başqa rəng qatmaq haramdır sanki ona... Çantasında xəstə dərman gəzdirən kimi, o da oğlunun fotoları daşıyır.

 

Qəhrəmanım700 bal toplayan tələbə kimi tanıdığımız aprel şəhidi Müşfiq Orucovun anası Aygün Məmmədovadır. Zəngilan rayonundan məcburi köçkün olan Aygün xanım, həyat yoldaşı ilə birlikdə müəllim işləyib, Bakı şəhərində yataqxanada bir otaqda yaşayaraq, uşaqlarını böyüdüblər.

Tanrı onlara var-dövlət verməsə də, həyat şəraitləri çətin olsa da, Müşfiq kimi bir oğul verib. Müşfiq 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompüter texnikası fakültəsinə qəbul olub, oranı uğurla bitirib. Valideynlərinə yük olmamaq üçün dərsdən sonra gecə saatlarına kimi restoranlarda ofisiant kimi çalışıb. Ancaq təhsilindən bir an da olsa əl çəkməyib, gələcəyi üçün böyük arzularla yaşayıb. Ta ki, 3 il öncə xalqımıza qələbə sevincini yaşadan, torpaqlarımızın bir hissəsini qaytaran aprel döyüşlərinə qədər...

Bizim üçün hadisələr 3 il öncədə qalsa da, bu ana üçün hər şey dünən baş verib:"3 il keçməsinə baxmayaraq, mənim üçün sanki hər şey dünən baş verib. Bu hadisələr başlayanda, biz də narahat idik ki, ölkədə müharibə başlayıb, vəziyyət qarışıb. Oğlum Naftalanda hərbi hissədə qulluq edirdi, ona görə bir qədər sakit davranırdıq ki, birbaşa cəbhə xəttində deyil. Aprelin 1-də və 2-də əlaqə saxlaya bilmədik. Televizorda şəhid xəbərlərini eşidib üzülür, torpaqlarımızın bir hissəsinin azad olunmasını eşidib sevinirdik. Ancaq oğlumuzun cəbhədə olması ağlımıza gəlmirdi. Aprelin 4-də axşama saatlarında biz ondan xəbər tutmağa çalışarkən, evimizə cənazəsini gətirdilər. Öncədən deməmişdilər, bütün qohumlarımız bilirdi, biz isə yox. Həmin gün çox narahat idim, evdə dayana bilməyib poçta getdim ki, əvvəllər əlaqə saxladığı nömrələrdən birinə düşə bilim. Poçtdan da əliboş qayıtdım. Oradan evə qayıdanda xəbər gəldi, ardınca da cənazəsi... Nələr yaşadığımı təsvir edə bilmərəm. O gün yaşadıqlarım bu gün də mənimlədir, sanki dünən olub”.

Anası deyir ki, Müşfiq çox mərifətli, sakit bir uşaq olub, gəncliyində isə hamının sevimlisinə çevrilib:"Bu yaşına qədər bizi bir dəfə də incitməmişdi. Ailənin vəziyyətini görürdü, heç nə tələb etmirdi. Zəngilandan məcburi köçkün olmuşuq, yataqxanada bir otaqda yaşamışıq. Müəllim ailəsiyik, atası da, mən də müəllim işləyirdim. Balaca bir otağımız var idi, yeməyimiz də, yatmağımız da orada idi. Bu cür çətinliklə, şəraitsiz bir otaqda böyütmüşdüm. Ancaq hər zaman əlimdən gələni etməyə çalışırdım. Uşaqlıqdan idmanı sevirdi, musiqi məktəbini bitirmişdi. Tarda, sintezatorda, pianoda çalırdı. Özü də solaxay idi, müəlliməsi həmişə təəccüb edirdi ki, onun sol əli ilə o cür gözəl mahnılar çalmasına məəttəl qalıram. Hamının sevimlisi idi. Bütün qohumlarım Müşfiqin yoxluğunu yaşayır, vaxt tapan kimi hamıya baş çəkərdi. Ən böyük çətinliyi bir otaqda yaşamağımız idi, heç vaxt öz şəxsi otağı olmadı, sevdiyi əşyalarını qoyacaq bir guşəsi olmadı. Hər şeyi qutulara yığıb çarpayının altında saxlayar, lazım olanda çıxarardı Ailə vəziyyətimizdə, maddi durumumuzda həmişə çətinliklər olub. Yoldaşımla ikimiz də müəllim işləmişik, Müşfiq özü tələbə vaxtı gecələr restoranda ofisiant işləyərdi ki, ən azı müəyyən xərclərini ödəyə bilsin. Utancaq idi, belə işləri sevmirdi, ancaq məcburiyyətdən gedirdi. Pulu olanda getməzdi”.

Aygün Məmmədova deyir ki, 3 il keçsə də, hələ də oğlunun məzarına baş çəkir:"Evdə hər şey Müşfiqi xatırladır. Gözümüzün qabağından getmir ki... Mən onun yoxluğunu qəbul edə bilmirdim, indi də hələ tam qəbul etməmişəm. Məzarına indi gedirəm, çünki öldüyünə inanmırdım. Elə bilirəm əsgərlikdədir, qayıdıb gələcək. Çox mehriban olmuşuq, ona görə həmişə yanımda hiss edirəm, gözümü yumub onunla söhbət edirəm. Yuxularıma da gəlmir... Mən əvvəllər şəhidlər ölmür sözünün mənasını başa düşmürdüm, ancaq indi görürəm ki, həqiqətən xalq unutmur. Media çəkir işıqlandırır, sosial şəbəkələrdə paylaşırlar. Hamımız ölüb gedəcəyik, ancaq şəhidlik bir başqa zirvədir. Bir söz var ki, oğul var evdən gedər, oğul var eldən gedər... Müşfiq eldən gedən bir oğul idi. Düşmənə çəpər olan oğul idi. Bu fikir bizi yaşadır, ölməyə qoymur”.

Həmsöhbətim deyir ki, oğlunun bu qədər vətənpərvər olmasının da "günahkarı” odur:"Müşfiq çox vətənpərvər idi, qoyub gəldiyimiz torpaqların həsrətini çəkirdi, televizorda meşə, çay göstərəndə pis olurdu. Onun bu qədər vətənpərvər olmasının da günahkarı mənəm. Təzə qaçqın düşmüşdük, yataqxanada qalırdıq. Müşfiq də uşaq idi. Onun üçün lay-lay çala bilmirdim, məni ağlamaq tuturdu. Ona görə də, o zaman yeni çıxmış əsgər marşını oxuyurdum, himnimizi oxuyurdum. O ana lay-layı əvəzinə əsgər marşı ilə yatan bir uşaq olub. Bəzən özümü günahlandırıram ki, bəlkə də belə böyütməsəydim, daha ehtiyatlı olardı, özünü qabağa atmazdı. Çünki onları cəbhə xəttinə aparanda deyiblər ki, kim istəsə gəlməyə bilər. Ancaq hamı bir nəfər kimi qabağa çıxıb və heç kim geri çəkilməyib. Mel Gibsonun rol aldığı "vətənpərvər” filmini çox sevirdi, dəfələrlə baxmışdı. Bu döyüşlərdə də cibində onun kimi ehtiyat bir patron saxlayıbmış. Ölümündən sonra üstündən bu tapılmışdı.

Hərbi xidmətdə olanda tez-tez yanına gedirdik, 9 ayda 3 dəfə getmişdik. Komandirləri, dostları, yoldaşları çox razılıq edirdi. 3 ay qalmışdı evə gəlməyinə... Yanvarda məzuniyyətə gəlmədi, Novruza saxladı. Novruzda da dedi ki, apreldə dostumun toyudur, o zaman gələrəm. Aprelin 9-da buraxılış vərəqəsi yazılmışdı, ancaq ölüm xəbəri 5 gün tez gəldi.

Sonuncu dəfə 2015-ci ilin dekabrın 31-də Yeni il axşamı yanına getdik, yanvarın 3-də də təkrar görüşüb qayıtdıq. Telefon danışığımız isə martın 27-də oldu. Bir də martın 31-də danışmalı idi. Sonra vəziyyət qarışdı, əlaqə saxlaya bilmədik. Aprelin 1-də Naftalandan yığıb döyüş bölgəsinə aparıblar. Ayın 2-də, 3-də döyüşüblər. Aprelin 3-də gecə döyüş qurtarıb, səngərlərə çəkiliblər. Komandir əmr verib ki, dağılışın ermənilər ağır artilleriyadan atəş açır. Elə o vaxt mərmi səngərə düşüb və 3 əsgər bir yerdə şəhid olublar. Ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif etdilər.

Evin tək oğlu idi. Hər şeydən qorumağa çalışırdım. Hərbi xidmətdən öncə ehtiyatlı olmağa çağırırdım ki, başına nə isə gələr, əsgərliyə gedə bilməz. Qarabağ müharibəsinə görə qaçqın düşmüşdük, heç vaxt ağlıma gəlməzdi ki, öz uşağım belə qurban gedəcək”.


 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300