Konfrans Xocalı soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla anılmasından sonra, "Yerli Düşüncə” dərnəyinin rəhbəri Metin Gündoğdu açılış nitqi söyləyərək, bu soyqırımın 20-ci əsrin ən dəhşətli soyqırımı kimi dəyərləndirərək qonaqlara bu mövzuda Azərbaycana dəstək olmağa və bu həqiqətləri dünyaya çatdırmaqda aktiv olmağa çağırmışdır. Daha sonra Xocalı Soyqırımına həsr olunmuş qısa metrajlı film gələn qonaqlara təqdim edilmişdir. Film izləndikdən sonra kürsüyə konfransın çıxışçıları dəvət olunaraq panelə başlanılmışdır. İlk çıxış edən Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu Xocalı Soyqırımının bu dövlət tərəfindən də tanınması yönündə Türkiyə parlamentinin millət vəkillərinə səslənərək "Bu təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə də qarşı edilmiş bir soyqırımdır” ifadələrini söyləmişdir. Daha sonra millət vəkili Nejdat Ünüvar Azərbaycana qarşı törədilmiş olan bu soyqırıma beynəlxalq aləmdə ədalət qazandırmaq və günahkarların cəzalandırılması yöndə birgə fəaliyyət haqqında, millət vəkili Nurettin Aras Azərbaycana qarşı ermənilər tərəfindən daha öncələr də törədilmiş soyqırım və haqsızlıklar haqqında, professor Timuçin Kodaman Azərbaycan-Türkiyə əlaqələrində erməni məsələsi haqqında çıxışlar etmişdirlər. Azərbaycan adına çıxış edən tarixçi Cavid Mövsümlü Xocalı rayonu və Xocalı soyqırımı haqqında tarixi baxımdan dinləyicilərə ətraflı məlumat verdikdən sonra, Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynova tədbirin fəxri qonağı olaraq söz verilmişdir. Qəhrəman İbad Hüseynov konfrans iştirakçılarına Azərbaycanın acılı bir günündə həmrəylik nümaiş etdirərək bu anı paylaşmaq üçün gələnlərə dərin təşəkkürünü bildirərək, soyqırım qurbanlarının intiqamının alınacağı günün mütləq olacağını və haqq-ədalət öz yerini tapmayana qədər mübarizə aparılacağını söyləmişdir. Bu sözlərdən sonra bütün salon qəhrəmanımızı ayağa qalxaraq alqışlamışdır.
Cavid MÖVSÜMLÜ
Uluyol.info