Yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər vergi ödəyəcək
Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslərin siyahısı genişləndirilib.
Hazırda sabit vergi ödəyicilərinin siyahısına fərdi
yaşayış evlərində və mənzillərdə çalışanlar, xəstələrə, qocalara və uşaqlara
qulluq edənlər, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban,
aşpaz, gözətçi və digər analoji işlər və nəqqaşlıqla məşğul olan şəxslər
daxildir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar 2019-cu il yanvarın
1-dən bərbərlər, ofisiantlar və dərzilər də bu siyahıya daxil ediləcək.
Bəs həmin şəxslər vergi ödənişlərini necə hesablamalıdır?
Modern.az-ın məlumatına görə, muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul
olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı cədvəldə göstərilən
qaydada müəyyən edilir.
Muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslər ödəyəcəyi
verginin məbləğini hesablayarkən sabit məbləğlərə (bərbər 20 manat, dərzi 10
manat, ofisiant 10 manat) əmsallar tətbiq etməlidir. Fəaliyyət növləri üzrə
sabit verginin məbləğlərində olduğu kimi, bu məbləğlərin üzərinə hesablanan əmsallar
da dəyişməz qalır.
Cədvəldə göstərilən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq
verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:
* Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;
* Gəncə, Sumqayıt və Xırdalan
şəhərlərində - 1,5;
* Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla),
Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində -
1,0;
* digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.
Beləliklə, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər sadələşdirilmiş
vergini cədvəldə göstərilən sabit vergi məbləğinin yuxarıdakı əmsallara
vurulması yolu ilə hesablamalı və dövlət büdcəsinə ödəməlidir. Bunun üçün həmin
şəxslər hər şeydən əvvəl Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN)
almalıdır. Həmin şəxslər «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi
haqqında qəbz»i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini
təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət
etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.
Ödəniş sənədində vergi ödəyicisinin VÖEN-i göstərilməlidir. Hesablanmış vergini
dövlət büdcəsinə tam məbləğdə ödədikdən sonra onlara «Sabit verginin ödənilməsi
haqqında qəbz» verilir. Qəbzin forması aşağıdakı məlumatları əks etdirir:
* vergi ödəyicisi olan fiziki şəxsin adı, atasının adı, soyadı;
* vergi ödəyicisinin VÖEN-i;
* qəbzin qüvvədə olma müddəti;
* fəaliyyətin həyata keçirildiyi ərazi;
* ödənilmiş verginin məbləği;
* fəaliyyət növünün adı.
«Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» vergi ödəyicisində
saxlanılır. Həmin fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər tərəfindən
ödənilmiş vergi onların qəbzinin qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən
asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarımil və il)
vergiləri ilə əvəzləşdirilmir. Həmin şəxslər yuxarıdakı cədvəldə göstərilən fəaliyyət
növlərindən bir neçəsi ilə məşğul olduğu halda «Sabit verginin ödənilməsi haqqında
qəbz»i hər bir fəaliyyət növü üçün ayrılıqda alırlar. Vergi öhdəliklərini «Sadələşdirilmiş
vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» əldə etməklə sadələşdirilmiş
qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya
qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir.
Dəyişikliklərdən sonra ayrı-ayrı rayonlarda fəaliyyət göstərən sabit vergi ödəyiciləri
üçün sadələşdirilmiş verginin məbləğinin hesablanması qaydasına dair nümunəni təqdim
edirik. Nümunə olaraq, bərbərlər üçün vergilərin hesablanması bu qaydada
aparılacaq:
Bakı şəhərində: 20 manat (sabit məbləğ) x 2 (zona əmsalı) = 40 manat.
Gəncə şəhərində: 20 manat (sabit məbləğ) x 1,5 (zona əmsalı) = 30 manat.
Abşeron rayonunun Masazır qəsəbəsində: 20 manat (sabit məbləğ) x 1,0 (zona əmsalı)
= 20 manat.
Bərdə rayonunun Xanərəb kəndində: 20 manat (sabit məbləğ) x 0,5 (zona əmsalı) =
10 manat.
Lənkəran şəhərində: 20 manat (sabit məbləğ) x 1 (zona əmsalı) x 1 (aylıq dövr)
= 20 manat.
Yeri gəlmişkən, bu şəxslər fəaliyyətlərini rəsmiləşdirmək üçün Vergilər
Nazirliyindən aylıq, rüblük, 6 aylıq və ya illik «Sadələşdirilmiş vergi üzrə
sabit məbləğin ödənilməsi haqqında qəbz» alırlar və heç bir hesabat təqdim
etmirlər.