"Ovçular” MMCsağlamlığımıza "ov”a çıxıb
Kolbasanın icad tarixinə nəzər salsaq, görərik ki, bu məhsul
həmişə qatqısız-filansız ətdən hazırlanıb. Xırda-xırda doğranmış ət tikələri təmizlənmiş
heyvan bağırsaqlarına doldurulurmuş, daha sonra isə ədvalar və duz əlavə
olunaraq, ucları bağlanıb, qurutmaq (qaxac halına salmaq) üçün kölgədə asılıb.Bir çox hallarda isə tüstünün üzərindən asılırmış. Tüstü milçək və digər həşəratları
qaçırırmış. Belə üsulla hazırlanan kolbasa dadlı və ləzzətli olmaqla bərabər, həm
də gigiyenik baxımdan istifadə üçün daha təhlükəsiz imiş. Yeri gəlmişkən,
kolbasa hazırlamaq üçün qoyun, mal və donuz ətindən başqa, delfin ətindən də
istifadə edilirmiş. Heyvan içalatından da kolbasa (tulturma) düzəldilib. Əsasən
türk xalqlarına məxsus olan bu reseptə görə, heyvanın ürəyi, qara ciyəri, piyi
və içalatı xırda-xırda doğranıb, un və ya yarma əlavə edilərək bişirilirmiş.
Hazırda kolbasaların hazırlanma resepti müxtəlifdir. Lakin o zamanla müqayisədə
onları tam ət məhsulu hesab etmək olmaz. Çünki kolbasanın tərkibinə ətlə bərabər
donuz piyi, nişasta, natrium nitrit, kompleks qarışıq ətriyyatlar, boya, müxtəlif
ədviyyatlar vurulur. Düzdür, müvafiq qurumların açıqlamalarına əsasən həmin
qida və əlavələr Azərbaycana Avropa ölkələrindən gətirilir. Və bunların da
müvafiq sənədləri olur. Lakin ətin baha, kolbasanın qat-qat ucuz olduğu ölkədə
qatqıların xaricdən alınması bir qədər pafoslu görünür. O cümlədən kolbasa o məhsul
növlərindəndir ki, istehsalında hansısa komponentin (məsələn nitritlərin)
normadan artıq istifadəsi xərçəng kimi xəstəliklər yaradır. Bu səbəbdən də
qonşu Türkiyədə Kənd Təsərrüfatı Nazirliyi hazılanmış ət məhsullarında hiylənin
qarşısını almaq üçün qarışıq ətdən istifadəni qadağan edib. Kolbasa və sosislərin
100% ətdən hazırlanması haqqında qərar qəbul edilib.
Azərbaycanda alıcılara 100 faiz "halal kolbasa və sosislər” satdığını iddia edən
şirkətlərdən biri də "Ovçular" ət və ət məhsulları MMC-dir. Şirkətin
az qala addımbaşı qabartdığı hallallıq isə elə reklamdan o tərəfə keçmir.
Verilən məlumata görə, müəssisənin kolbasa və sosisləri reklam olunduğu kimi
heç də standartlara uyğun deyil. MMC fəaliyyətə başladığı 1992-cı ildən bu tərəfə
məhsul assortimentini təxminən 170-ə çatdırsa da, bazarın müvafiq seqmentində
ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməyib. Bundan əlavə əldə
etdiyimiz məlumata görə şirkətin ayrı-ayrı məhsulları üzrə Səhiyyə Nazirliyinin
Gigiyena Epidemiologiya Mərkəzindən Gigiyenik sertifikatı olsa da, kolbasa və
delikateslərin hazırlanmasında istifadə edilən xammalın təhlükəsizlik
sertifikatı yoxdur. Ətin, inqredientlərin keyfiyyəti, haradan və hansı ölkədən
idxal edildikləri məlum deyil. Eləcə də xammalın saxlanma şəraitinə dair bilgi
yoxdur.
Araşdırmalara görə, ətin bazar qiyməti ilə yerli istehsal olan kolbasa və
sosisin qiyməti arasında böyük fərq var. Halbuki standartlara uyğun istehsal
olunan kolbasa ətdən baha olmalıdır. Xatırladaq ki, bir müddət əvvəl Dövlət
Baytarlıq Xidmətinin keçirdiyi reydlər nəticəsində məlum olub ki, at, eşşək və
xəstə heyvan ətləri kolbasa və sosis istehsalında istifadə olunur. Rubrika.az
saytına verilən məlumata görə analoji vəziyyətin "Ovçular” MMC-də də hökm
sürdüyü deyilir. Media üzərindən aparılan araşdırmalar zamanı məlum oldu ki,
kolbasa şirkətləri vətəndaşları hər addımbaşı aldadır və nəzarət ən aşağı səviyyədədir.
Bu baxımdan "Ovçular” firmasının da adı etibarlı istehsalçılar arasında keçmir.
Daxil olan məlumata görə, bir müddət əvvəl MMC "Servelat halal”, "Ovçular
halal”, "Həvəskar”, "Hinduşka” kolbasalarının və "Moloçniye” sosiskalarının
gigiyenik sertifikat və müvafiq reseptura olmadan, "Ruskaya”, "Servelat”,
"Moskovskiy servelat”, "Oxotniçaya”, "Lyubitelskaya”, "Doktorskaya”, "Halal bərəkət”,
"Halal”, "Domaşniy”, "Halal ovçular” kolbasalarının isə gigiyenik və uyğunluq
sertifikatları olmadan istehsal etməkdə, saxlama müddəti ötmüş Almaniya
istehsalı olan "Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham
olunurdu.Həmin ərəfədə "Ovçular ət və ət məhsulları” MMC-nin qapadılması gözlənilsə
də bu baş vermədi.
Saytımıza verilən məlumata görə, "Ovçular” ət və ət məhsulları MMC-nin məhsullarından
hətta satıcılar da şikayət edirlər.Onların sözlərinə görə, "Ovçular ət və ət məhsulları”na
məxsus kolbasa və sosislər tez yararsız hala düşürlər. Bunu da onlar xammal
kimi istifadə edilən ətin keyfiyyəti ilə bağlayırlar.
Beləcə "Ovçular” ət və ət məhsulları MMC-nin sağlamlığımız üzərində "ov”u davam
edir. Bizim də araşdırmalarımız davam edəcəkdir.
Rubrika.az