Bundan 30 il sonra hər iki insandan biri uzaqdan görmə eynəyinə ehtiyac duyacaq. Bunun ən mühüm səbəbi isə mobil cihazların xüsusən də uşaqlar tərəfindən çox istifadəsidir. Halbuki görmə probleminin qarşısını bir neçə bəsit üsulla almaq mümkündür. "Yeni Müsavat” ağıllı telefonların həyatımızda yaratdığı problemlər və onlardan çıxış yolları barədə arayış hazırlayıb.

2050-ci ildə dünya miqyasında 5 milyard insanın miyopdan (görmə pozuqluğu) əziyyət çəkəcəyi təxmin edilir. Bu da o illərdəki toplam dünya miqyasının təxminən yarısı mənasına gəlir. Mərkəzi Avstraliyada olan Brien Holden Vizyon İnstitutu uzağı görmə pozuqluğunun sənayeləşmiş ölkələrdə son on ildə daha sürətlə artdığını müəyyən edib.

Xüsusən də Asiyadakı inkişaf etmiş texnologiya ölkələrindəki uşaq və gənclərdə miyop faizi dünya orta hesablamasından xeyli artıqdır. Məsələn, İkinci Dünya müharibəsindən sonra Hong Kong, Tayland və Cənubi Koreyada 20 yaşındakı gənclərin 20-30 faizində uzağı görmə pozuqluğu problemi aktualdır. Bu göstərici günümüzdə 95%-ə çatır. Avropada isə böyüklərin təxminən yarısı miyopdur.

Dəyişən həyat şərtləri miyopu tətikləyir

Dəyişən həyat şərtləri də bundan önəmli bir rol oynayır. Müasir dövrdə bir çox işimizi artıq masa başında həll edirik. Alman Göz Sağlamlığı Cəmiyyəti (DOG) rəhbəri dr. Nikol Elster, "Kompüter, ağıllı telefon və tabletlərin erkən yaşlardan etibarən çox istifadə olunması, açıq havada daha az vaxt keçirməmizə də səbəb olur” deyir.

Dolayısı ilə bir insanın növbəti yaşlarda yaxını görmə eynəyinə ehtiyac duyub-duymayacağı, uşaqlıq və gənclik illərində texnoloji cihazları nə qədər çox istifadə etməsi ilə birbaşa bağlıdır. Gözündə miyop yaranan biri bundan təbii yollarla qurtula bilmir. Uzağı görmə pozuqluğu əsasən ibtidai siniflərdə yaranmağa başlayır və sonrakı illərdə artaraq davam edir. Narahatlıq hər nə qədər erkən yaşlarda başlayarsa, illər içində təsiri də bir o qədər çox olur. Xüsusən 6-10 yaş arası dönəmdə miyop yaranması, infeksiya riski, katarakta, göz təzyiqi, hətta korluq riskini də artırır.

 

Çıxış yolu: məsafəni qorumaq və gün işığı Miyop yaranmasının qarşısını almağın ən təsirli yollarından biri kitab oxuyanda və elektrik cihazların ekranlarına baxanda ən azı 30 santimetrlik məsafəni mühafizə etməkdir. Bir digər çıxış yolu da açıq havada daha çox vaxt keçirməkdir. Çünki gün işığı, göz bəbəyinin böyüməsinin qarşısını alır. Tayvandlı alimlər müəyyən ediblər ki, uşaqlar gündə orta hesabla 80 dəqiqə bayırda vaxt keçirsələr, miyop riski yarıya qədər azalacaq.

Skandinaviya ölkələrində həyata keçirilən birbaşqa araşdırma, qaranlıq qış günlərində uzağı görmə pozuqluqlarından əziyyət çəkənlərin sayının artdığını, uzun yay günlərində isə eyni qaldığını üzə çıxarıb.

Mavi işıq yuxu pozuqluğuna səbəb olur

Ekrana uzun müddət fokuslanma xüsusən də uşaqlarda göz yorğunluğu, təhriş və quruluğa səbəb ola bilir. Bundan başqa, məkanı dərk etməkdə pozuqluq, bulanıq görmə və göz çaşlığına da yol aça bilir. Qaranlıq və yarıqaranlıq ortamlarda ekrana uzun müddət baxmaq yuxu pozuqluğunu da tətikləyə bilir. Dr. Nicole Eter "Ekranlardakı yüksək mavi işıq faizinin bioritmimizi düzənləyən melatonin hormonunun ifrazını əngəllədiyini” qeyd edir.

Bonn Universiteti Göz Klinikası mütəxəssislərindən Bettina Vabels isə "Tibbi baxımdan dəyərləndirdiyimizdə üç yaşın altındakı uşaqlar üçün kompüter, ağıllı telefon və tabletlər əsla uyğun deyil” şəklində xəbərdarlıq edir və əlavə edir: "4-6 yaş arasındakı uşaqlar üçün bu cihazların gündəlik istifadə müddəti yarım saatı, ibtidai sinif yaşlarındakı uşaqlarda isə bir saatı keçməməlidir. 10 yaşındakı uşaqlarda isə iki saatlıq müddətin aşılmaması lazımdır”.

 

Böyüklərə tövsiyələr

Amma bu problemlə bağlı təhdid altında olanlar, sadəcə, uşaq və gənclər deyil. Böyüklərin gözlərinin də istirahətə və gün işığına ehtiyacı var. Hər nə qədər ərgənlik dönəminin sona çatması ilə birlikdə gözün inkişafı tamamlanmış olsa da, işlə bağlı kompüter və mobil cihaz ekranlarına həddən artıq fokuslanıb, gün işığına az çıxılması göz bəbəyinin böyüməsinə səbəb ola bilir.

Mütəxəssislər bu səbəblə xüsusən də ofis və evlərdə böyük kompüter ekranlarının istifadəsinin, göz sağlamlığı baxımdan daha yaxşı olacağını qeyd edir. Gözlə aradakı məsafənin isə 1 metrdən aşağı olmaması lazımdır. Fokuslanma müddəti 15 dəqiqə ilə məhdudlaşması da çox önəmlidir. Bu müddətin sonunda gözün bir müddət istirahət etdirilməsi məsləhət görülür.

Bəlkə də riayət edilməsi ən çətin olan tövsiyə həm uşaq və gənclər, həm də böyüklər üçün keçərlidir: yuxu pozuqluqlarının qarşısını almaq üçün yatmadan bir, hətta mümkünsə iki saat öncə televizor, kompüter, telefon və tablet ekranlarıdan uzaq dayanmaqdır.

Ziyanlar bitmək bilmir

"Yeni Müsavat” ağıllı telefonların digər ziyanlarını da sadalayır.

 

Gözə böyük təzyiq düşür. Gözü davamlı olaraq telefona dikmək onu yorar və həssas edər. Uzun müddət bu halda qalmaq gözün qurumasına səbəb olar. Əgər telefona bu qədər baxmağa məcbursunuzsa, o zaman özünüzə arada istirahət verin və başqa bir şeyə baxın. Mobil telefonu gözünüzə çox yaxınlaşdırmayın.

Yuxu keyfiyyətini azaldır. Ağıllı telefonların vurduğu ziyanlardan biri də yuxusuzluq problemidir. Biz çoxlarımız istirahət edən zaman belə, onlardan ayrıla bilmədiyimizə görə yata bilmirik. Bu da yuxunu aradan aparar və telefondan ayrılan işıq melatonin hormonunda problemlər yaradar. Ona görə də insan çox çətinliklə yuxuya gedər və oyanan zaman da bədəni enerjisiz olar.

Qəza etmək təhlükəsi. Yəqin ki, siz də bunun şahidi olmusunuz ki, sürücülər maşın sürən zaman mobil telefonla danışırlar. Çox təəssüf ki, bu insanlar nəinki özlərinin, hətta başqalarının həyatını belə təhlükəyə atırlar. Mütəxəssislərin nəzərinə görə, o zaman ki, sürücü telefonla danışar, diqqəti səsdə olduğu üçün yola olan diqqəti 37% azalar.

Boyun əyriliyinə səbəb olar. O zaman ki, insan boynunu uzun zaman aşağı dikər və telefonla məşğul olar, boyun fəqərələrinə böyük təzyiq düşər. Mütəxəssislərin nəzərinə görə boyun fəqərələri böyük çəkini gəzdirməli olur və boyunda əyriliklər meydana gələr. Hətta bəzən cərrahi əməliyyata qədər gedib çıxa bilir.

Köklük. Aparılan tədqiqat nəticəsində bu qənaətə gəlinmişdir ki, o insanlar ki, mobil telefonla uzun müddət məşğul olurlar, daha az hərəkət edirlər. Əgər bədən hərəkəti azalarsa, insan əlavə çəki yığar.

"Text claw” sindromu. O zaman ki, uzun mətnləri çap etməli olursunuz, barmaqlarınıza və biləyinizə güc düşür. Bu da qolunuzda və biləyinizdə ağrıların meydana gəlməsinə səbəb olur.

Qozbelə çevrilmə ehtimalınız

Bundan başqa, telefonda, internetdə daha çox vaxt keçirən insanların qozbelə çevrilmək ehtimalı daha çoxdur. Odur ki, qədd-qamətiniz barədə düşünməyə dəyər. Əgər siz səhv oturur və ya düzgün dayanmırsınızsa, bu halda bilmədən onurğa sütununu 27 kiloqramadək yükləmiş olursunuz.

Bu gün insanlar orta hesabla gündə təxminən 4 saat mobil telefondan istifadə edir. Bəzi hallarda bu rəqəm hətta 10-a kimi qalxa bilər. Telefondan istifadə zamanı səhv dayanmaq və oturmaq onurğa sütununda kifayət qədər ciddi zərərlərə gətirib çıxara bilər. Adamın başının çəkisi orta hesabla 10-12 kq-dır, bu isə o deməkdir ki, onurğa sütunu yüklənib və o, daim fəaliyyət göstərir - əlbəttə ki, siz başınızı aşağı əyməmisinizsə. Məsələ ondadır ki, başınızı aşağı sallayaraq onurğa sütununun yükünü artırmış olursunuz.

Son tədqiqatların nəticələri göstərir ki, əgər siz cəmi 15 dərəcə başınızı əysəniz, onurğa sütununun yükünü 12 kiloqramadək artırarsınız, əgər 30 maillik dərəcə təşkil edərsə, yük 20 kq-a qədər, 45 dərəcədə 22 kq-dək, 60 dərəcə maillikdə olduqda isə yük 27 kq-dək artacaq. Ən acınacaqlısı odur ki, insanların əksəriyyəti telefondan istifadə zamanı başını 60 dərəcə altında saxlayır. Sözsüz ki, bütün bunlar kifayət qədər ağır fəsadlara gətirib çıxarır.

Odur ki, bu andan etibarən telefonda hər hansı mətn oxuyarkən son dərəcə diqqətli olun, başınızı çox aşağı əyməyin, qaməti isə düz saxlayın. Bütün yükün onurğa sütununa düşməməsi üçün telefonu maksimum yuxarıda tutmağa çalışın.

 

Barmaq xəstəliyinə tutula bilərsiz

Son illərdə tətik barmaq xəstəliyinə daha sıx rastlandığını deyən mütəxəssislər ağıllı telefonların səbəb ola biləcəyi ciddi təhlükə ilə bağlı xüsusən gənclərə xəbərdarlıq edirlər.

Barmaqlarımızın hərəkətlərini təmin edən tendonlar qolumuzdakı əzələlərimizin uc qisimləridir və əzələlərin sümüklərə yapışmasını təmin edir. Tendonlar ip şəklində toxumalardır. Tendon adı verilən bu iplər sağa-sola hərəkət etməsin deyə, halqa şəklindəki toxumalarla əhatəlidirlər. Bu toxumaların fərqli səbəblərdən qalınlaşması tendonu sıxır və düyün yaranmasına səbəb olur. Çox hərəkət zamanı bu düyün halqa içindən keçir və barmaq açılır. Tətik barmaq adlanan bu hal barmaqların çox istifadəsi zamanı ortaya çıxır.

 

Tətik barmaq halının yaranmasının ən əsas səbəbi barmağı və barmağa bağlı tendonun çox istifadə edilməsidir. İndidə yolda, işdə, evdə, hətta dostlarla görüşdə əlindən telefon düşürməyən insanlar çoxdur.

Telefonla oyun oynayarkən, ya yazı yazarkən daha çox istifadə edilən baş barmaq çox yorulur. Əldə və ovuc içində uzun müddət tutduğumuz telefonlar tətik barmaqdan dolayı insanın yaşadığı problemləri daha da gərginləşdirir.

Hər birimiz gündəlik olaraq telefon və kompüterdən istifadə edirik, ancaq daha sıx istifadə edən gənclərdir.

Tətik barmaq probleminin yaranmasının ilk əlaməti barmaqda ağrı və zoqquldamadır. Laqeyd yanaşılsa, əl və barmaqda hərəkət itkisinə yol açar. Tətik barmaq halını əngəlləmək üçün barmaqları çox yükləməmək, gündə mümkündürsə, 3 saatdan çox telefon istifadə etməmək lazımdır. Əl və barmaqlar dincəlməli, əldə ağrı varsa, buz kompresi edilməlidir. Barmaqlar çox və sürətli istifadə edilməməlidir.

Sevinc TELMANQIZI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300