Tağı Əhmədovun pullarının batdığı bankın adı bəlli oldu -

Bankın iflasından sonra Bakı Metropoliteninin sabiq rəisinin 8 milyon pulunu xilas edə bilmədiyi deyilir

 

Bakı Metropolitenin sabiq rəisi, hazırda Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri olan Tağı Əhmədovun manatın devalvasiyasından sonra bağlanan banklarda külli miqdarda pulunun batması haqda bir neçə gündür ölkə mətbuatında məlumatlar yayılır. 

1998-2014-cü illər arasında Bakı Metropoliteninin rəisi vəzifəsində çalışmış Tağı Əhmədovun hazırkı əmlakının milyonlarla dollar dəyəri olduğu deyilir. Ölkənin ən gəlirli sahələrindən birinə 16 il rəhbərlik etmiş T.Əhmədov vəzifədən uzaqlaşdırılarkən onun dövlət büdcəsindən milyonlarla manat mənimsəməsi, vergidən yayınması haqda məlumatlar dərc edilməyə başladı. Əsasən də metro keçidlərindəki ticarət obyektlərindən gələn gəlirlərin çox az bir hissəsini dövlət büdcəsinə yönəltdiyi iddia olunan T.Əhmədovun həbs ediləcəyi ilə bağlı xəbərlər də gündəmə gəlmişdi. Lakin yazılanların tam əksinə, hökumətə uzun illər xidmət edən T.Əhmədov yeni vəzifəyə gətirildi. O, YAP-ın Yasamal Rayon Təşkilatının sədri oldu və hazırda partiyanın rayonda yeni tikilən möhtəşəm iqamətgahında iş başındadır.

Mediada indiyədək dəfələrlə bildirilib ki, T.Əhmədov hazırda sahib olduğu sərvətinin əsas hissəsini metro ticarətindən əldə edib. Həmçinin indiyədək o da bildirilib ki, metropolitendə ciddi vergidən yayınma və başqa bəd əməllərə də yol verilib. 

T.Əhmədovun rəis olduğu dövrdə metro keçidlərindəki ticarətə onun yaxın qohumları nəzarət edirdi. Bakı Metropoliteninin ticarətdən gələn illik gəliri isə 10 milyon manatlarla ölçülürdü. Keçidlərdəki mağazaların əksəriyyəti onun yaxın qohumlarına məxsus idi və ticarətçilərə icarəyə verilmişdi. Bu illər ərzində T.Əhmədov yığdığı sərvəti həm ölkədəki, həm də xaricdəki banklara əmanət olaraq yerləşdirib. Sabiq rəisin Bakıda və Naxçıvanda da bir neçə dəbdəbəli villalarının olduğu bildirilir.  

Manatın devalvasiyasından sonra T.Əhmədovun ölkə banklarında olan əmanətinin bir hissəsi təhlükə qarşısında qalıb. Belə ki, sabiq rəisin milyonları fevralın 2-də bağlanan "Texnikabank”da batıb. 

"Yeni Müsavat”ı bilgiləndirən mənbənin iddiasına görə, T.Əhmədovun iflas olan bankda 8 milyon manat əmanəti olub. Fevralın 10-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə "Texnikabank” ASC müflis elan edilib və iflas proseduru başlanılıb. Bununla da T.Əhmədov əmanətini geri ala bilməyib.

T.Əhmədov bankda milyonlara manatının batması haqda yayılan xəbərlərə münasibət bildirməkdən imtina edir. "Yeni Müsavat” qəzetinin və digər media nümayəndələrinin israrlarına baxmayaraq T.Əhmədov bu haqda danışmaq istəmədiyini bildirir. Yalnız sonuncu dəfə azvison.az saytına qısa açıqlama verən T.Əhmədov bu xəbərlərin yalan olduğunu deməklə kifayətlənib.

Xatırladaq ki, əmanətlərin Sığortalanması Fondunu Himayəçilik Şurasının fevralın 11-də verdiyi qərara əsasən sığorta hadisəsi baş vermiş "Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank” ASC və "Rabitə Bank” ASC seçilib. 

İlkin MURADOV
Musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300