Abid Şərifovun Abbas Mirzə Şərifzadə ilə nə ədavəti var?
"Sovetski” xarabalıqları altında və üstündəki tariximiz: onu qorumasaq,
sonra gec olacaq
  
Əslində "Sovetski”yə Abbas Mirzə Şərifzadənin (Azərbaycanın teatr aktyoru,
teatr və kino rejissoru) evinin sorağına getmişdik. Stalin repressiyasının
qurbanı olması səbəbindən cəmi 44 il yaşasa da (22 mart 1893-16 noyabr
1938) böyük bir iz qoyan bu böyük azərbaycanlının izinin olduğu hər bir
ünvan əslində müqəddəs sayılmalıdır. Ancaq təəssüflər olsun ki, neçə
vaxtdır onun evinin sökülməsi məsələsi gündəmdədir və sənətə,
sənətkara, tarixə dəyər verən insanlar bunu yolverilməz sayırlar. 

Təkcə aşağıdakı faktlar onu deməyə əsas verir ki, Abbas Mirzə
Şərifzadənin əmlakı toxunulmaz olmalı, əslində onunla bağlı həqiqətlər
ev muzeyində toplanmalı, nəsillərdən-nəsillərə ötürülməlidir. 30-cu illərdə
"xalq düşmənləri"lə yaxınlığına görə ittiham olunan teatr xadimi Hüseyn
Cavid, Mikayıl Müşfiq kimi repressiya qurbanlarının əsərlərini təbliğdə
günahlandırılmışdı. Aktyor ittihamları rədd etsə də, 1938-ci ilin 19 oktyabrında
məhkəmə qərarı elan olunur: "Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə
görə güllələnsin, əmlakı müsadirə olunsun!”

Hökm 16 noyabrda icra olunur. Belə bir insanın yaşadığı mənzil ziyarətgah olmalıdır.
Ələlxüsus da o, tarixi memarlıq abidəsidirsə, turistlərin cəlb edilməsi üçün dəyərli bir
ünvandır. Ancaq görünür bəziləri heç nəyə məhəl qoymaq istəmir və qərarlarında
israrlıdırlar. A.M.Şərifzadənin həyat yoldaşı Mərziyyə Davudova, qızı Firəngiz
Şərifova da Azərbaycan səhnəsinin böyük sənətkarlarıdır. Üstəlik,  
"Eurovision-2011”-in qalibi Eldar Qasımov A.M.Şərifzadənin nəticəsidir. Normalda
bu nəslin adını yaşadan nə varsa, onlara dəyər verilməlidir. 

Elə bu xəyallarla da "Sovetski”yə yetişirəm. Yol boyunca üzüaşağı
sel axır. Deyirlər hardasa ekskovator su borusunu zədələyib. Ətrafda
söküntü işləri davam edir, bir dəstə fəhlə daş-torpaq içindən metal
qırıntıları, dəmir borular toplayır. Onlara yaxınlaşıb "Abbas Mirzə
Şərifzadənin evini tanıyırsınızmı” soruşuram. Cavabı məni heyrətləndirir:
"Müəllim, söküntü üçün fəhlə lazımdırsa, biz boşuq”. Bu vaxt yaxınlıqdan
keçən qadın "elə bu evdir” deyir. Demə, bir az əvvəl qarşısından
keçmişəm. Ancaq üzərində lövhə axtarmışam deyə, diqqətimi cəlb
eləməyib.
A.M.Şərifzadənin burada yaşadığını təsdiqləyən lövhə isə artıq yerində
yoxdur. 

Öyrənirəm ki, aktyorun evinin qarşısındakı lövhəni ötən şənbə
saat 14-dən sonra çıxarıblar. Yeri gəlmişkən, parlamentin bir gün
öncəki iclasında deputat Fazil Mustafa A.M.Şərifzadənin evinin söküləcəyi
barədə xəbərlərə diqqət çəkərək buna etiraz etmişdi, tarixi abidələri
qorumağa çağırmışdı. "Sovetski”nin sakinlərinin dediyinə görə,
həmin çıxışdan bir gün sonra hökumət nümayəndələri evə baxış keçirib
gediblər.
    
24 ildir Abdulla Şaiq küçəsindəki mənzildə yaşayan Sülhiyyə
Əhmədova bildirdi ki, A.M.Şərifzadənin bu evi ona çox doğmadır:
 "Qızımın sinif yoldaşı indi bu evdə yaşayır. Bir az əvvəl mən onlara
baş çəkdim. Bir ara deyirdilər ki, tarixi memarlıq abidələri olduğu
üçün bu bina qalacaq. Ancaq Dram Teatrın arxasındakı tikililər plana
düşdüyü üçün indi məlum olur ki, bu bina da söküləcək”.

Bu binaya baxanda onun günün birində söküləcəyinə inanmaq olmur.
Möhkəm sütunlar üzərində qərar tutan evə əl gəzdirib muzey kimi saxlamaq
olar. 1910-cu ildə tikildiyini təsdiqləyən tarix də indiyədək üstündə qalır.
Qapı üzərindəki medalyonun içində olan kiril qrafikalı AŞ (AШ) hərflərinin
isə ayrıca mənası varmış: ev sahibinin adını göstərmiş. Bunu bizə bələdçi
xanım deyir: "O vaxt bütün belə mülk sahibləri adlarını medalyonun içərisində
həkk etdiriblər”.

Söhbət əsnasında məlum oldu ki, "Sovetski”də sökülən və ya məhv
olmaq təhlükəsi qarşısında qalan təkcə Şərifzadələrin mənzili deyil.
Müəllim işləyən Sabirə Məmmədova bu ərazinin tarixindən danışdı:
"Qədim feodal şəhərləri iki yerə bölünüb: şəhristan və rabat. Bura da həmin
o rabat hissədir. Azərbaycanın müxtəlif yerlərindən sənətkarlar gəlib burda
qalıblar, miskərliklə, ipəkçiliklə məşğul olublar. Yaxud  başqa məmləkətlərdən
də gələnlər olub. Burada iranlılar məhəllləsi, zəngəzurlular məhəlləsi.
Gürcüstanlılar məhəlləsi var idi. Burada yalnız bakılılar yaşamırdı”. 

50 metr yuxarıdakı evə yaxınlaşırıq. Məlum olur ki, söküləcəyi barədə xəbər
yayılandan sonra evin qapısını söküb aparıblar. Həmsöhbətim "elə gözəl
qapısı var idi  ki, baxmaqla doymaq olmurdu” deyir. Bu binanın da üz
hissəsindəki medalyonlarda kiril qrafikalı Ю və Р hərflərini görürük.
Həmsöhbətim deyir ki, əslində burada yaşayış məskənləri ən azı bir qat
altda olub. Bu da düşməndən gizlənmək üçünmüş.  

"Kübar hamamı”nın dağıntıları


"Sovetski”nin adla tanınan abidələrindən biri də "Kübar hamamı”dır.
Ancaq bu gün hamamın bəzi divarları qalıb. Həmsöhbətim deyir
buranın tayı-bərabəri yox idi: "Ərazidəki bütün tikililərin tarisi
1800-cü ildən sonrakı dövrə aiddir. Ancaq alt qatdakı tikililər daha
qədimdir. Kübar hamamı üst hissədə tikildiyi üçün onu deməyə əsas
verir ki, 19-cu əsrdə tikilib. Hətta buranı sökəndə yerin altından fontan
vuran suyun qarşısını ala bilmədilər. Ola bilsin ki, yaxınlıqda kəhriz var.
Hamamın qəşəng bir hovuzu var idi və daim su ilə təchiz olunurdu. Özü
də bu hamam olduqca isti olardı, indikilər kimi deyildi. Bir ovuc saman
yandıranda qızınmaq üçün bəs edərdi. Çox qəribə texnologiyası var idi”. 

Başqa bir həmsöhbətimiz isə maraqlı qeydini etdi: "Sonradan bizə
məlum oldu ki, hamamın həyətində quyu varmış. Demək quyudan su
hamamın "xəzinə”sinə vurulurmuş. Orda ki, səhər saman yandırırmışlar,
buxar əmələ gəlirmiş və həmin buxar quyuya vurulurmuş. Beləliklə, xəzinə
ilə quyunun arasında bütün gün isti su dövr edirmiş. Bu cür möcüzəli hamamı
məhv etdilər getdi. Bir daha belə şey olmayacaq”. 

"Hacıbala Abutalıbov dedi ki...”


"Sovetski”nin digər sakini Mahirə Nurməmmədova dedi ki, onlara t
əklif edilən pul sərf etmədiyi üçün burda yaşamağa davam edirlər: 
"Birincisi, biz heç köçmək istəmirik. İkincisi də bizə təklif edilən 1500
manata hardan ev ala bilərik ki? İki otaqlı mənzilimiz 100 kvadratdır,
amma 70 yazıblar, divarları "yeyiblər”. İki böyük oğlum var, bu pulla mən
onlara hardan ev ala bilərəm?” 

Mahirə xanım bildirdi ki, Avropa Məhkəməsinə şikayət etmək
fikrindədir: "O qabaqdakı ev var e, ağ örtüklü, onun sahibinə 180
kvadratlıq mənzilə 200 min manat verib, üstəlik 5 sot torpağa cəmi
50 min ödəyib. Burda torpağın sotu 500 mindir. Görün, bunlar bizi
necə aldadır. Komissiya məni çağırıb gör mənə nə deyir. Şəxsi
zirzəmim var. Hacıbala Abutalıbov dedi ki, "qızım, zirzəmi sənin
şəxsi mülkiyyətindir, 1500-dən verməlidirlər. Oktyabrda isə təkrar
çağırdılar, komissiya dedi yayda 1300 AZN təklif edirdik, burdan
çıxmadığın üçün səni cəzalandırıram. Ona görə də indi sənə 700
manatdan yazacağam. Dedim sən kimsən məni cəzalandırasan, sən
məmursan, amma dövləti aldadırsan”. 

Ərəblərə 7 min manata..?


Söküntü aparılan ərazinin sonrakı taleyi barədə hələ də müfəssəl
məlumat yoxdur. Sakinlərdən biri hətta buraların ərəblərə
satıldığını da söylədi: "Deyirlər bizdən 1500 manata alıb ərəblərə
7 minə satacaqlar. Nə dərəcədə doğrudur, deyə bilmərik, biz də
ağızdan-ağıza eşitmişik. Bir vaxtlar deyirdilər burada dövlət
əhəmiyyətli park salınacaq. Sonra dedilər dövlət əhəmiyyətli yol
çəkiləcək, ralli yarışları keçiriləcək. İndi də deyirlər ralli yarışlarına
çatdırmırlar. Beləcə qalıb”. 

Sözarası sakinlərdən biri deyir ki, böyük bəstəkar Müslüm
Moqamayevin ev muzeyinin üzərindəki lövhə də son günlərdə
götürülüb: "Nə bilmək olar, bəlkə onu da sökəcəklər”.

"Abid Şərifovun özü də...”


65 yaşlı Faiq Əliyev deyir ki, 50 ildir burada yaşayır: "Adətən,
binaları qiymətləndirirlər, bu binaya 4 qiymət verilib. Mənim mənzilimin
ölçüsü əslində çoxdur, amma 318 kvadrat yazılıb. Bu, Şərq üslubunda
tikilib, fikir verin, yuxarı hissələrdə zümrüd daşıdır. Bu sütuna baxın,
nar, günəbaxan, qızılgül, əncir yarpağı. Bunu sənətkar necə yaradıbsa,
indiyədək olduğu kimi qalır. Özü də bu binanın bir əsrdən çox yaşı var
 
. Bunu tikən rəhmətlik bilməzdi ki, 2015-ci ildə sökəcəklər.
Özü də hər yerə yazmışam, Prezident Administrasiyasından tutmuş,
digər qurumlara qədər. Mədəniyyət və Turizm Nazirliyindən də cavab
gəlib ki, bu bina tarixi əhəmiyyəti olduğu üçün toxunulmazdır. Birmənalı ş
əkildə bizə "köçün” demirlər. Amma gah gəlib deyirlər yola düşür,
gah ayrı bəhanə ilə narahat edirlər. Abid Şərifovun özü də 2014-cü ilin
23 fevralında ANS-də dedi ki, mən möhtərəm prezidentimizin göstərişini
yerinə yetirirəm, sakinlərə deyirəm ki, heç kim məcburən evindən köçürülmür.
Ancaq əslində vəziyyət onun dediyi kimi deyil”.   

F.Əliyev mənzilinin pəncərəsini göstərir: "Çoxu elə bilir ki, bu, plastikdir,
amma taxtadır, 1 əsrdən çox yaşı var, indiyə qədər təmir olunmayıb, nə
külək sızır, nə yağış suyu. Binanın giriş qapısı da eləcə. 1984-cü ildə
ermənilər "bərpaçı” adı altında bu qapını sıradan çıxarıblar. O zaman
erməniləri "sənətkar” deyə, belimizə mindirmişdik. Onlar da parket
qaşıyanla qapının üzərindəki nadir naxışları tamam silib məhv etmişdilər.
Gəlib gördüm ki, bu günə qoyublar, səbəbini soruşdum, dedilər bizə
tapşırıq verilib ki, üstünü təmizləyib, boya vurun. Əllərindən alətləri
aldım, qovdum. Onlar erməni idi, bizimlə düşmənçilik edirdilər, heç
olmasa özümüz öz tariximizi qoruyaq! Səhərdən-axşama qədər deyirik ki,
Qarabağda ermənilər tarixi abidələrimizi məhv edirlər, amma burda
özümüz öz tariximizi məhv edirik. İsmayıl Şıxlının sözü olmasın, sapı özümüzdən
olan baltalardır bunlar. 20-yə kimi abidəni ləğv etdilər. Bir milləti də məhv etmək
üçün onun tarixini məhv etmək lazımdır”.
 
Ağsaqqal daha sonra bizi mənzilinə dəvət edir. Mənzilinin giriş qapısının
üzərindəki naxışlar baxana zövq verir. Faiq kişi yuxarı qata qalxan
pilləkənin altına vurduğu enli, üzərindəki ecazkar naxışları olan taxtanı
göstərir: "Mən bu taxtanı zirzəmidən, torpağın altından çıxartmışam, amma
nə naxışları solmuşdu, nə də taxtası çürümüşdü. Bir əsr əvvəlki naxışlar
olduğu kimi qalır. Belə abidəni məhv etmək olarmı?” 

Daha sonra isə ev sahibi bir iri küp gətirir: "Bunu da zirzəmini qazanda
tapmışam. "Sovetski”də arxeoloji qazıntılar aparıb burdakı eksponatlardan
muzey yaratmaq olar. Üzeyir Hacıbəylidən tutmuş, Abdulla Şaiqə qədər o qədər
tarixi abidələri söküblər ki”. 

Təhməzov qardaşlarının sarayı... 


Sabirə xanım isə 20-30 addım aşağıdakı boş sahəni göstərir: 
"Burada mesenat Təhməzov qardaşlarının sarayı var idi. Gəncədə
şərabçılıqdan böyük pullar qazanıblar, ancaq kasıblara kömək ediblər,
gəncləri oxumağa göndəriblər. Onun burdakı evi 3 mərtəbəliydi. Bir
mərtəbə də altda qalmışdı. Leninqraddakı Ermitaja bənzərliyi var idi,
adı Azərbaycanın qədim tarixi abidələrinin siyahısına da salınmışdı
və ölkəmizdə tikinti üslubuna görə nadir abidələrdən hesab olunurdu.
Arxitektura abidəsiydi. Söküləcəyi barədə xəbərdarlıq olunan gün prezidentə
teleqram vurdular. Ancaq elə həmin gecə gəlib binanı sökdülər”. 

***

"İstərdim ki, tarixi binalarımız qalsın. Yararsız binalar sökülsə də, tarixi
memarlıq abidələrimizi qorumalıyıq. Adam hərdən düşünür ki, Abid
Şərifovun Abbas Mirzə Şərifzadə ilə ədavətimi var? Niyə axı bu cür g
özəl evi sökdürmək istəyir? Bunlar Azərbaycanımızın yaraşıqlı tarixi
binalarıdır, ədiblərimizin, şairlərimizin, elm xadimlərimizin, tarixi
şəxsiyyətlərimizin yadigarlarıdır. Başqa ölkələrdə belə yerləri z
iyarətgaha çevirirlər, amma bizdə tarixi binaları görün nə hala
salırlar. Hansı vaxtilə bu cür evləri tikdirmək üçün xaricdən
memarlar gətiriblər, böyük pullar xərcləyib bunları bizimçün qoyub
gediblər”. 

Bu sözləri də məktəbli qızı ilə palçıqlı yolla üzüaşağı gedən qadın söyləyir
və yoluna davam edir...



Elşad PAŞASOY
FOTOLAR: "YM”  


 
 


 










Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300