"İrşad telekom” sahibinin ölümündə kriminal izlər - yeni iddialar
"İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu
Hacıyevin intihar etdiyi iddiası yayılıb. Bu barədə məlumatı "baku.ws” yayıb.
Saytın yazdığına görə, İrad Hacıyevin intihar etməsi ilə bağlı məlumatı onlara
mərhumun yaxınlarından biri verib.
Məlumatı çatdıran şəxs deyib ki, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda
dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə
intihar etmək üçün içdiyi iddia olunan dərman qutuları aşkarlanıb. Hadisə ilə əlaqədar
Bakı Şəhər Prokurorluğundan (BŞP) da məlumat alınıb. BŞP-dən intihar faktı təsdiqlənib,
bildirilib ki, həqiqətən də İrad Ağahüseyn oğlu Hacıyev intihar edib. "İrad
Ağahüseyn oğlu Hacıyevin ölümü ilə əlaqədar sentyabrın 14-də Cinayət Məcəlləsinin
125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq
gedir” - deyə məlumatda qeyd olunub.
"Yeni Müsavat” xəbər verir ki, 1978-ci il təvəllüdlü İrad Hacıyev dünyasını dəyişəndən
sonra onun intihar etməsi xəbəri ilə yanaşı, infarktdan ölməsi xəbəri yayılıb.
Son xəbərlər isə məşhur mağazalar şəbəkəsinin sahiblərindən birinin ölümündə
mübhəm məqamların olduğuna dəlalət edir. Məşhur biznesmen infarktdan ölübsə, məhkəmə
tibb ekspertinə bunu müəyyən etmək üçün 1 ay vaxt lazım deyil. 1 saatın içində
daxili müayinə, ürəyin ətraflı yoxlanılması konkret fikir söyləməyə imkan
verir. Azərbaycanda bilik səviyyəsi yüksək olan kifayət qədər məhkəmə tibb
eksperti var. Yəni iş adamının infarktdan dünyasını dəyişməsi xəbərlərinin ömrü
məhkəmə tibb ekspertlərinin mərhumun meyitini xarici və daxili müayinədən keçirənə
qədər olmalı idi.
Bəs nə baş verib? Onu özünü öldürmə həddinə kim çatdırıb? 40 yaşında belə bir məqama
çatmış iş adamı evinə çəkilib vanna otağında özünü öldürmək niyyəti ilə niyə dərman
içsin ki?
Mərhumun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev publika.az-a açıqlamasında
bildirib ki, qardaşının intihar etməsi ilə bağlı deyilənlər həqiqəti əks
etdirmir: "İndidən ölüm səbəbini dəqiq söyləmək mümkün deyil. Faktla bağlı
ekspertiza təyin edilib və ekspertizanın rəyini gözləmək lazımdır. Bizə həkimlərin
dediyi ilk o oldu ki, qardaşım ürək tutmasından, yəni ürəyindəki trombdan qəfil
vəfat edib. Prokurorluq hər bir ehtimalı araşdırır deyə bu hadisəni intihar
kimi qiymətləndirmək doğru deyil”.
Azərbaycan Dövlət Musiqili Teatrının rejissoru olan Ə.Hacıyev bildirib ki,
qardaşının hər hansı problem, sıxıntısı olmayıb: "O, neçə il idi ki, anamızı
xaricdə müalicə etdirirdi və hadisədən iki gün sonra ora uçmalı idi. Necə ola
bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin? Həm
də onun maddi sıxıntısı, problemi yox idi. Şirkətin işləri də normal gedirdi.
Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə
biləcək bir şey baş verməmişdi”.
Mərhum iş adamının qardaşının açıqlaması, göründüyü kimi, ortada olan ölümlə
bağlı mübhəmlərə aydınlıq gətirmir. Əksinə, ölüm işində şübhəli məqamların
olması iddialarını gücləndirir. Qardaşının dediyindən belə anlaşılır ki, İrad
Hacıyev sentyabrın 16-da xaricə getməyə hazırlaşırmış. Bundan başqa, onun maddi
sıxıntısı, problemi olmayıb, şirkətin işləri normal gedib, ailəsi, övladları, hər
şeyi qaydasında olub. Psixologiyasına təsir edə biləcək bir şey baş verməyib. Bəs
ölümün səbəbi nədir? Burada kriminal izlər varmı?
Maraqlıdır ki, baş verən olaydan sonra "İrşad Telekom”in digər sahibləri hər
hansı açıqlama verməyiblər. Ən azı onlar da mövqelərini bildirə, İrad Hacıyevin
işlə bağlı, bizneslə əlaqəli problemlərinin olub-olmamasına aydınlıq gətirə bilərdilər...
Qeyd edək ki, İrad Hacıyev biznes şəbəkəsini 22 yaşı olanda, 2000-ci ildə Rəşad
adlı şəriki ilə yaradıb. 2007-ci ilə qədər "İ&R Telecom” kimi fəaliyyətdə
olan şirkət həmin ildən "İrşad Telecom” (İrşad İ.R. MMC) adı altında fəaliyyətini
davam etdirməkdədir. İrşad sözünün İrad və Rəşad sözlərinin birləşməsindən
yaranması haqda da xəbərlər var. Bildirilir ki, bir müddət əvvəl şirkətdə daha
bir nəfər rəhbər şəxs peyda olub. İrad Hacıyevin həmin şəxslə münasibətləri o qədər
də isti olmayıb. Belə xəbərlər də var ki, 2000-ci ildən bu günə qədər şirkətin
31 mağazaya qədər böyüməsində İrad Hacıyevin böyük əməyi olub. Şirkətin bundan
sonrakı dövrdə digər bir holdinqin daxilində fəaliyyəti haqda da ona təkliflər
edilibmiş. Lakin İrad Hacıyev bu təklifləri qətiyyətlə rədd etməsi iddiası da
var.
Bu və digər iddiaların nə dərəcədə doğru olmasına aydınlıq gətirmək üçün "İrşad
Telecom”la əlaqə saxladıq. Suallarımızı dinləyib münasibət açıqlayacaqlarını
bildirdilər. Günün sonuna qədər münasibət açıqlanmadı. Açıqlanacağı təqdirdə həmin
açıqlamanı da təqdim edəcəyik.
Hadisə ilə bağlı sosial şəbəkələrdə də ən müxtəlif məlumatlar dolaşmaqdadır.
Belə müzakirələrdən biri də disput.az saytında
https://www.disput.az/index.php?app=forums&module=forums&controller=topic&id=1200810
aparılmaqdadır.
"İrşad telekom” sahibi müəmmalı şəkildə ölüb" adı altında aparılan müzakirələrdə
ölümlə bağlı ən müxtəlif səbəblər göstərilib. Məsələn, "Shoyla” adlı istifadəçi
ehtimal edir ki, şirkət sahibinin ölümünü "peredazirovka”dan ola bilər. Bir
başqa istifadəçi isə şirkət sahibinin ölümü ilə telefonların qeydiyyatının 5
manatdan 150 manata qədər bahalaşması ilə əlaqəli görür. İddia edir ki,
bahalaşma təşəbbüsü ilə məhz şirkət sahibi çıxış edib və sonradan hökumət belə
bir addım atıb. Bu bahalaşma ilə şirkət sahibinin ölümü arasındakı birbaşa əlaqə
haqda isə hər hansı bir sübut, dəlil göstərilmir. Sadəcə, qeyd olunur ki,
hazırda fiziki şəxslər telefonlarını qeydiyyatdan keçirərkən böyük məbləğlər ödəməli
olduqları halda, böyük şirkətlər əvvəlki rüsumları ödəməkdədirlər.
Yenə də bu məsələ ilə İrad Hacıyevin ölümü arasındakı əlaqə haqda hər hansı bir
aydınlaşdırıcı fakt, məlumat, sübut təqdim olunmur. Ümumilikdə müzakirələrdə
İrad Hacıyev imkanları genişlənməkdə olan iş adamı, yaxşı ailə başçısı kimi təqdim
olunur. Bu gün "belə bir şəxs, iş adamı özünü niyə öldürüb” sualı açıq olaraq
qalmaqdadır.
Əlavə edək ki, Azərbaycanda iş adamlarının müəmmalı ölüm işləri zaman-zaman baş
verib. Məsələn, 2015-ci il martın 11-də Bakıda, Yasamaldakı ofisində 1974-cü il
təvəllüdlü Füzuli Şubay oğlu Qasımovun meyiti aşkar olundu. Həmin dövrdə Fizuli
Qasımova məxsus olan və Goranboyda yerləşən "Goranboy gips” şirkətinin əlindən
alınmasına cəhdlər vardı. O dövrdə nəqliyyat naziri vəzifəsini tutan Ziya Məmmədovun
ailə şirkəti "Garant holdinq” Fizuli Qasımovun şirkətinə sahiblənmək üçün
addımlar atmışdı. Fizuli Qasımov isə şərikləri olan yaxınlarının razılığına rəğmən
şirkəti təhvil vermək istəmirdi. Belə bir vaxtda Yasamaldakı ofisində onun ürəyindən
atılmış güllə yarası ilə meyiti aşkar edilmişdi. 2015-ci ilin martında müəmmalı
şəkildə dünyasını dəyişmiş Fizuli Qasımovun da, 2018-ci il sentyabrın 14-də yenə
də müəmmalı şəkildə dünyasını dəyişən İrad Hacıyevin də ölümü ilə bağlı eyni
maddə - özünü öldürmə həddinə çatdırma maddəsi ilə başlanmış cinayət işi çərçivəsində
araşdırmalar aparılıb və aparılmaqdadır.
2015-ci il martın 11-də Yasamal Rayon Prokurorluğunda Fizuli Qasımovun ölümünə
görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə
başlanmış cinayət işinə bir müddət sonra xitam verilmişdi. Səbəb sadə idi -
istintaqçılar müəmmalı ölümdə cinayət tərkibi tapmamışdılar. İrad Hacıyevin
ölüm işi üzrə də analoji qərarın veriləcəyi perspektivi yox deyil.
"Yeni Müsavat”