Oxuculara müraciətim

 

"Ağ Qoyun haqda əhvalatları mən beşikdən bəri eşidirəm. bəlkə bu üzdən həyata münasibətim belədir. Sanki nəyinsə daimi, bitməyən axtarışları əsl həyatın özüdür...”

(Haruki Murakami, "Qoyun ovu”)

Hökumətin zəhmətkeşləri sayması çox yaxşı haldır, bunu məmləkətdə axır vaxtlar həddən artıq hiss edirik, qürur duyur, kövrəlirik. Örnək üçün, bir də görürsən Ekologiya Nazirliyi adından xalqa müraciət yayıldı: "Meşələr planetimizin ciyəridir, gəlin onları qoruyaq, harda meşə yanğını görsəniz zəhmət olmasa bizə xəbər verin, gedək cinayətkarı tutaq, cəzalandıraq”.

Necə səmimi müraciətdir! Adam istəyir gedib meşədə yatsın. Ağacın dalında gizlənib təbiət düşmənlərini güdsün. Yarpağa çevrilib rəngini dəyişsin. Nə bilim, yanğın törədəni tapa bilməsə özü yandırıb hökumətə təslim olsun. Bə nə. Dövlətin işi qabağa getməlidir. Şair bu yerdə yaxşı demişdir: "Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim!”

Yaxud, dünən poçta getmişdim, mobil telefon rüsumlarının qaldırılması münasibətiylə Nazirlər Kabinetinə Ağdam, Füzulu, Cəbrayıl, Xaçmaz, Lənkəran zəhmətkeşləri adından minnətdarlıq teleqramı vurmaq istəyirdim. Çünki telefon nə qədər baha olsa yaxşıdır, indi hər adamın telefonu var, danışmaq ləzzət eləmir. Nəsə, poçtun qapısında gördüm Binəqədi rayon icra hakimiyyəti tərəfindən əhaliyə palaz boyda müraciət yazılıb vurulmuşdur. Deyir indiyə qədər bəziləri rayonda əraziləri qanunsuz zəbt edib tikinti aparırmış, bundan sonra belənçik hallara qəti tədbir görüləcəkdir, hətta yalan olmasın, sənədsiz "naxalstroy”ların yiyələri müqavimət göstərsələr yerindəcə məhv ediləcəkdir.

Gurultulu alqışlayırıq. Heç qabaqkı icra hakimi camaata belə məktub yazırdımı? Yazmırdı. Əvəzində rayonda hamı bilirdi ki, səkidə dükan açmağın qiyməti neçəyədir, bələdiyyədən satın alınan ərazini icra hakiminin bığının altından ötürmək üçün nə qədər tərləməlisən, evin divarını neçə daş qaldırsan neçə manat verməlisən və sairə. İndi məsələ kəskin qoyulur, əhaliyə müraciət edilir.

Hələ bu harasıdır, deputatlar da əhaliyə üz tutur, təxribatlara uymamağa, şaiyələrə inanmamağa çağırır. Deyir məni şərləyirlər, heç kimə pul borcum yoxdur. O biri deyir adımdan yalan yayırlar, inanmayın. Əhsən. Başqa, pis ölkələrdə bəs necədir? Oralarda tərsinədir, əhali və jurnalistlər deputatlara müraciət edir, onları müxtəlif mənasız suallarla bezdirirlər.

Bayaq mobil telefon rüsumunun bahalaşmasından bəhs elədik, bildiyiniz kimi, bu, ancaq əhalinin xaricdən gətirdiyi tək-tük telefonlara aiddir. İri partiyada telefon gətirən məmur oliqarxlarımız heç bir ziyana düşməyəcəkdir. Buna oxşar halı mineral ehtiyatlar üzrə yeni idarənin yaranmasında da gördük. Daha hərə mineral bulağın başına bir krant qoyub suyu butulkaya doldurub satsın - belə şey olmayacaq. Bulağın yiyəsi var, biz kimik? O cümlədən, dünən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Fermerlər Şurasının yaranması sevindirici haldır. Biz bunu yaşamışıq, vaxtilə bizim də Mətbuat Şuramız yarandı, bundan sonra mətbuat inkişaf elədi, hazırda beş mindən çox qəzet var, lakin faktiki heç biri çıxmır, hamımız dincəlirik, inkişafdan həzz alırıq. FŞ yarandıqdan sonra da inəklər yeyib yatacaq, krantdan isə süd gələcəkdir. Bəlkə toyuqların da əvəzinə kimsə yumurtladı. Fərman veriləndən sonra niyə yumurtlamayasan?

Sonda bir lətifə yazaq, çox ciddi olmaq bizə yaraşmır, deyib-gülməliyik: "Bir gün bir kişi yol qəzasında ölür. Camaat fikirləşir bu hadisəni kişinin arvadına necə desinlər, arvad şok keçirməsin. Bir nəfər ağsaqqal qabağa çıxır, deyir məni üsulunu bilirəm, gedək. İraq olsun, meyidi gətirirlər kişinin məhəlləsinə. Ağsaqqal qapını döyüb arvada deyir:

- Bacı, Mamedin arvadı sənsən?

Arvad deyir bəli, nə olub ki. Ağsaqqal təəssüflə deyir:

- Bizdə məlumat var ki, ərin sənə xəyanət edibdir.

Arvad deyir:

- Ay onun görüm meyidi gəlsin!

Ağsaqqal dönür küçədəki camaata tərəf, deyir:

- Hə, indi meyidi gətirə bilərsiniz".


Zamin Hacı, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300