Orxan Camalın analığı: "O, sanki daha görüşməyəcəyimizi hiss etmişdi” -MÜSAHİBƏ
Dünən Mərkəzi Afrika Respublikasında çəkiliş aparan 3 rusiyalı jurnalist silahlı hücum nəticəsində öldürülüb.
Onların arasında əslən azərbaycanlı, Rusiya müsəlmanları
arasında böyük nüfuza malik mərhum filosof və ilahiyyatçı Heydər Camalın oğlu
Orxan Camal da var.
Modern.az saytı faciənin təfərrüatlarını öyrənmək üçün Heydər Camalın sonuncu həyat
yoldaşı, Orxan Camalın analığı Gülnar Camaldan qısa müsahibə alıb.
Xatırladaq ki, Gülnar Camal əvvəllər Qalina Norskya ad-soyadı daşıyıb. Milliyətcə
rus olan bu xanım 20 il əvvəl İslam dinini qəbul edib və Rusiyada uzun illər
"Musulmanka” jurnalının redaktoru vəzifəsində çalışıb. O, mərhum Heydər Camalla
birgə daim müsəlmanların müdafiəsində iştirak edib.
- İlk olaraq, sizə ögey oğlunuzun faciəli ömrü ilə bağlı başsağlığı veririk.
Orxan Camalın ölümü ilə bağlı sizdə hansı son məlumatlar var?
- Çox sağ olun. Amma internetdə yayılan informasiyadan əlavə məlumatım yoxdur.
Mən də hamı kimi informasiyanı oradan götürürəm. Uzaq ölkə olduğu üçün geniş xəbərlər
almaq imkanım yoxdur. Orxan özü də Mərkəzi Afrikaya uçarkən səfəri barədə bizə
geniş məlumat verməmişdi. Sadəcə bilirdik ki, o, Afrikada hansısa ölkəyə uçur.
Hadisə baş verəndən sonra öyrəndik ki, o, Mərkəzi Afrika Respublikasında
"Vaqner” özəl hərbi təşkilatın muzdlu döyüşçülərindən reportaj hazırlamağa
gedib.
- Sonuncu dəfə Orxanı nə vaxt görmüşdünüz?
- Orxan cümə günü Mərakeşə uçub. Çərşənbə ya da cümə axşamı günü onu sonuncu dəfə
görmüşdüm. O bizə qonaq gəlmişdi. Tez getdi. Gedən ərəfədə bizi öpüb-qucaqladı.
Maraqlıdır ki, gedəndə çox təsirli sağollaşdı və mən təccübləndim. Sanki o daha
görüşməyəcəyimizi hiss etmişdi.
- Onun cənazəsi Rusiyaya nə vaxt gətiriləcək?
- Güman ki, onun cənazəsini şənbə günü gətirəcəklər. Cümə günü təyyarə
Afrikadan havaya qalxacaq. Bu, çox çətin proseslərdi. Özünüz bilirsiniz, uzaq
ölkədən cənazə gətirmək çətindi. Keçmiş həyat yoldaşı, qohumları aktiv şəkildə əlaqədədirlər.
Dəfnə hazırlıq prosesləri gedir.
Orxanın Moskvanın Xovanskaya qəbiristanlığında müsəlman sektorunda dəfn
olunmasını istəyirik. Dəfn mərasimi müsəlman adət-ənənəsi ilə gerçəkləşəcək. Cənazə
namazı Moskvanın əsas məscidində qılınacaq.
- Mərhum həyat yoldaşınız Heydər Camal Almatı şəhərində dəfn olunub. Orxanın
atasının yanında dəfn olunması varinatı nəzərdən keçirilirmi?
- Bilirsiniz, bu düzgün olmazdı. Çünki Heydərin həmin ərazilərlə xüsusi
bağlılığı var idi. O Pamiri, Tyan-Şan dağlarını çox sevirdi. Müsəlmanlarda
qayda var ki, harada ölsən, orada da dəfn olunmalısan. Amma Heydər Afrikada ölsəydi,
düşünmürəm ki, orada da basdırılmasını istəyərdi. Heydər mənə tez-tez deyirdi
ki, mən ölsəm, Almatıda basdırarsan. Və elə alındı ki, o, məhz bu şəhərdə öləsi
oldu. Amma Orxanın həmin ərazilərlə xüsusi bağlılığı yox idi. Digər tərəfdən,
Heydərin qəbri ətrafındakı ərazilər tamamilə tutulub. Orxanın keçmiş həyat
yoldaşı və oğlu da Moskvada yaşayır və istəyirlər ki, Orxan da yaxın ərazidə dəfn
olunsun.
- Məgər Orxan Camalın oğlu var?
- Bəli. Adı Mənsurdu. Onun 12 yaşı var. Ana nənəsinin yanında istirahət edirdi.
Təcili Moskvaya uçmalı olub.
- Azərbaycan diasporu hadisədən sonra sizə zəng edib? Yardım təklif ediblər?
- Bizim çoxlu azərbaycanlı dostlarımız var. Tək azərbaycanlı yox, çeçenlər,
dağıstanlılar, tatarlar və digər icmalardan zənglər olub. Hamı yardım təklif
edir. Heydərin Rusiya müsəlmanları arasında böyük nüfuzu və çoxlu dostları var.
Hamı Orxanın cənazəsini gözləyir.