Tələbə qız kirayə yaşadığı evdə dəm qazından zəhərləndi", "Kirayə qaldığı evdən oğurluq edildi", "Kirayə yaşadığı evdə yanğın çıxdı"... Bu kimi xəbərlərə mətbuatda az qala hər gün rast gəlirik. Bəs belə hallar baş verəndə məsuliyyəti kim daşımalıdır? Ev sahibi, yoxsa kirayə götürən şəxs? Ev sahibi ilə kirayənişin arasında müqavilə imzalanırmı? Əgər imzalanırsa, müqaviləyə hansı bəndlər əlavə olunur?

 

Paytaxt sakinlərinin bu suallara cavabları müxtəlifdir.

 

- Kirayədə qalmıram, ancaq onu bilirəm ki, indi maklerlər öz aralarında müqavilə bağlayır. Dövlətin rüsumundan qaçmaq üçün bunu edirlər. Lakin böyük məbləğlər olanda müqavilə imzalayırlar. Evini 200-300 manata kirayəyə verənlər isə heç bir müqavilə imzalamır. Nə isə olanda məsuliyyət kimin üzərinə düşür, bilmirəm. Bəlkə indi müştəriləri xarici olanda müqavilə bağlayarlar.

 

- Əvvəldən belədir ki, kim harada gəldi tapır, evini kirayə verir. Düzdür eşitmişik ki, ev yiyəsindən xəbərsiz satan da olub, qaçan da olub, amma hələ eşitməmişəm ki, kimsə evini sənədlə kirayəyə verib. Necə gəldi eləcə də kirayə danışırlar, aylığı alırlar, nə isə olanda da ev yiyəsi qalır pis vəziyyətdə. Halbuki əvvəlcədən işlərini normal tutsalar, sənədləşdirsələr, onda cavabdeh bilinər. Sənəd olmasa, iş çətinləşir, ancaq gedib rüsum ödəyib qeydiyyatdan keçsələr hər şey sənədlə olar, daha yaxşı olar.  

 

- Vaxtilə kirayədə qalmışam, indi də qalıram. Biz kirayə köçəndə sahə müvəkkili gəldi dedi ki, ev sahibinə deyin gəlsin mənim yanıma. Sonra ev sahibi gəlib mənə dedi ki, mən sahə müvəkkilinə 50 manat pul vermişəm, onu da sizdən alacam, mən də vermədim, evdən çıxdım. Yanğın, ya da dəm qazından zəhərlənmə kimi halları nəzərə almırlar. Yansa, ya mənim boynumda qalır, ya da onların. Müqavilə hökmən olmalıdır. Ancaq o zaman bilmək olar ki, ev yananda, ya da nə isə olanda cavabdeh kimdir.

 

Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyir ki, tərəflər arasında müqavilə mütləq imzalanmalıdır. Müqavilənin şərtləri həm Mülkü Məcəllədə ümumi şəkildə, həm də Mənzil Məcəlləsində nəzərdə tutulur. Kirayə verən ilə kirayə götürən arasında hüquq və öhdəliklər həmin müqavilə ilə tənzimlənməlidir. Müqavilədə hər iki tərəfin vəzifəsi, öhdəliyi, hüquqları göstərilməlidir: "Əgər müqavilədə hər hansı bir şərt göstərilməyibsə, o halda məsələ qanunda təsbit olunan maddələrlə tənzimlənir. Yəni Mülki Məcəllə və Mənzil Məcəlləsi ilə tənzimlənir. Təbii ki, tərəflər həmin müqaviləni bağlamamışdan əvvəl ümumi şərtlər müəyyənləşdirirlər və öz aralarında müəyyən razılığa gəlirlər. Amma bu şərtlərin və razılıqların hər biri o müqavilədə mütləq göstərilməlidir. Təəssüf ki, bir çox hallarda müqavilədə həmin şərtlərin böyük bir hissəsi göstərilmir".

 

Bundan başqa ekspert deyir ki, kirayə verilən mənzilin texniki vəziyyəti, bütün məişət avadanlıqlarının adı, sayı, sığorta hadisələri mütləq qeyd edilməlidir: "Bundan sonra təbii ki, ödəniş şərtləri, aylıq və ya rüblük kirayə haqqı, vergi öhdəliyinin kimin üzərinə düşdüyü müqavilədə göstərilir. Sonra kirayə verilən mənzilin sığorta təminatı və mənzilin daxilində yerləşən əmlakların sığortası vəziyyəti də müqavilədə əks olunur. Sığorta kimin boynuna düşür, sığorta şərtləri nələrdən ibarətdir, bunlar mütləq göstərilməlidir. Hər hansı bir hadisə, məsələn, yanğın, su basma, yaxud hansısa xoşagəlməz hadisə baş verərsə, təbii ki, məsuliyyətin kimin üzərinə düşdüyü o müqavilədə göstərilməlidir".

 

Ev alqı-satqısı ilə məşğul olan Azər Əlimərdanlı bildirir ki, hazırda kirayə bazarında durğunluq müşahidə olunur. Belə ki, manatın devalvasiyasından sonra kirayə evlərin qiymətində kəskin ucuzlaşma qeyd olunub. Vaxtilə 350 manata olan evlərin kirayə qiyməti hazırda  250 - 280 manat arasında dəyişir. Kirayə evlərin müqavilə məsələsinə gəldikdə isə Azər Əlimərdanlının sözlərinə görə, ev sahibi ilə kirayə götürən müqavilə imzalayırlar. Amma bu müqavilə müvəqqəti xarakter daşıyır, imzalanmış müqavilənin möhürü olmur. Bu sənəddə əsasən evdə olan  əşyalar və evin təmirli olub olunmaması qeyd olunur. Müqaviləyə şəxsiyyət vəsiqəsinin surəti və mobil nömrə əlavə edilir. Ancaq bu müqaviləyə hər iki tərəfin razılaşması notarial qaydada qeydiyyatdan keçməli və bunun üçün 93 manat dövlət rüsumu ödənilməlidir. Təəssüflər olsun ki, bir çox hallarda bu hər iki tərəfə sərf etmədiyi üçün bunu etmirlər: "Çoxlarına deyirsən ki, gedək notarial qaydada müqavilə bağlayaq. 93 manat ödənilməlidir deyə, əksəriyyət bundan boyun qaçırır. Deyir yox, biz niyə aparıb 93 manat ödəyək ki, öz aramızda müqavilə imzalayırıq, heç bir problem də ola bilməz. Sahə rəisi ilə danışmışam, kirayə götürənlə bağladığımız müqavilənin və şəxsiyyət vəsiqəsinin bir nüsxəsini ərazidəki polisə təqdim edirik ki, kimin hansı evdə yaşadığı bəlli olsun".

 

Onun sözlərinə görə, çox vaxt evdə xoşagəlməz hadisələrin baş verməsi kirayə götürən şəxsin məsuliyyətsizliyi ucbatından olur. O qeyd edib ki, bu yaxınlarda yeni müqavilə forması tərtib ediləcək və oraya müxtəlif bəndlər əlavə olunacaq.(APA)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300