Yəqin, sizin də qarşınıza tez-tez "filankəs ən vicdanlı adamdır”, "filankəs vicdanın özüdür”, "Vicdan deyəndə ağlıma filankəs gəlir” tipli ifadələr çıxır.
 
Vicdanın, xüsusən də yaşayan, fəaliyyət göstərən insanın vicdan məsələsi nisbi olduğundan, insanların zamana və şəraitə görə dəyişə biləcəklərini nəzərə alıb, məncə, yuxarıda dediyim ifadələri geninə-boluna, yeri gəldi-gəlmədi xərcləmək doğru deyil.
 
Kiminsə müsbətlərini sadalamaq, insanların yaxşı tərəflərini qeyd etmək, nümunə göstərəmək nə qədər faydalıdırsa, fəaliyyətdə olan bir insanı ən vicdanlı adam elan etmək cəmiyyət üçün də, həmin insan üçün də bir o qədər təhlükəlidir.
 
Haqqında bənzər ifadələr işlədilən neçə-neçə insan saymaq olar ki, bu günümüzə qədər cəmiyyəti də, ətrafını da, izləyənlərini də məyus edib.
 
Ad çəkib əlavə mövzu açmaq istəmirəm, amma belə insanların sayı az deyil. O şəxslər ki, prosesin, zamanın şərtləri qarşısında dəyanət göstərə bilməyib məğlub oldular. Zaman gəldi, elə bir fəaliyyət sərgilədilər ki, bəzi dostlarımız uzun zaman depressiyaya düşdü, xəyal qırıqlığı yaşadılar.
 
İnsanlar tanıyıram ki, hətta müxalifətçilikdən çəkildilər. Demək istədiyim sadə həqiqətdir və mübahisə yaratmayacağını düşünürəm.
 
Yaşayan birinin sabah hansı addımlar atacağını bilmədiyimizdən biz heç kim haqqında dəhşətli sözlər işlətməli deyilik, ən azı sabah məyus olmayaq deyə…
 
Bir anlıq təsəvvür edin, sizin ən vicdanlı hesab etdiyiniz şəxs haqqında məlumat ortaya çıxır ki, bu adam müxtəlif zamanlarda çox çirkli işlər görüb. Şərlə ittifaqa girib, nələrinsə müqabilində şərə xidmət edib. Və ya bu dediklərimizi sonralar edəcək… O zaman təsəvvür edirsinizmi nə baş verəcək?
 
Həmçinin belə insanları, yəni "vicdan mücəssəməsi” elan edilənləri, sonralar zərərli fəaliyyət göstərəndə tənqid etmək ciddi şəkildə qəlizləşir, mümkünsüz hala gəlir. İnsanlar da tənqid olunmadıqca korşalır, degenerasiyaya uğrayır. Tənqid isə bütün mənalarda gec olur. Gecikmiş tənqidin də mənası və əhəmiyyəti olmur…
 
Bəli, insanların yaxşı hərəkətləri, müsbət işləri haqqında deyilməli, təbliğ olunmalı, yaxşı nümunələr göstərilməlidir. Bu məsələdə də ədalət hissini itirməmək, insaflı olmaq lazımdır.
 
Müxtəlif dövrlərdə maddi qarşılıqla haqqı deyən və ya yazanları, bir ömür haqqın yanında duran, illərdir heç bir qarşılıq olmadan, həyatlarını, canlarını haqq uğrunda mübarizəyə həsr etmiş insanlara nümunə göstərmək olmaz. Onlar yalnız maddi qarşılıqla şərin yanında duranlara nümunə göstərilməlidirlər…
 
Bir-iki, lap olsun beş yaxşı işinə görə kiməsə "Vicdan” ordeni verib başımıza iş açmayaq.
 
Məncə, bütün tərəflərini – keçmişini, gələcəyini, ümumi fəaliyyətini bilmədiyimiz, görmədiyimiz insanlar haqqında yeri gəldi-gəlmədi yüksək fikirlər səsləndirməyə tələsməyək…
 
Çünki biz bu ağır zamanlarda "Vicdanın özü”, "vicdan mücəssəməsi” dediklərinizin elə pis və iyrənc davranışlarını eşitdik, gördük ki…(arqument.az)

 
Səxavət Soltanlı
Müsavat Partiyası başqan müavini

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300