Ailənin tək oğlu əsgər aparılmalıdırmı?
Millət vəkili: "Bu gün Azərbaycan ailələrinin əksəriyyətində ya tək övladdır, ya da iki övladdan biri oğlandır"
Ermənistanın yeni hökuməti ötən həftə "Hərbi xidmət
və hərbçinin statusu haqqında" qanuna dəyişikliklər edib. Yeni dəyişikliklərə
əsasən, Ermənistanda ölən hərbçilərin qardaşları və övladları orduda xidmətdən
azad olunacaqlar. Amma bu şəxslər ailədə tək oğul qaldıqları halda hərbi xidmətdən
azad ediləcəklər.
Ermənistanda ölən hərbçilərin övladları və qardaşları hərbi xidmətə
aparılmayacaq
Qeyd edək ki, bu qanun 1991-ci ilin dekabrına qədər qüvvədə olub, lakin
sonradan ləğv edilib.
Hərbi xidmətə çağırışla bağlı belə bir dəyişiklik edilməsi barədə vaxtaşırı Azərbaycan
cəmiyyətində, hətta Milli Məclisdə müəyyən təkliflər səslənir, tək övladların hərbi
xidmətə çağırılmaması və ya ön cəbhəyə aparılmamasına dair müzakirələr olur.
Ancaq indiyədək bununla bağlı hər hansı bir qanun layihəsi qəbul olunmayıb.
Sputnik Azərbaycan məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin üzvləri Aydın Mirzəzadə və Aqil Abbas, həmçinin
ehtiyatda olan polkovnik Şair Ramaldanovla həmsöhbət olub.
Azərbaycanın hakim partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma Şöbəsinin
müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, Ermənistanın baş naziri Nikol
Paşinyan və hökumətinin bu qərarı, əslində, sadəcə populist addımdır. Və
Paşinyanın gələcək parlament seçkilərində qələbəsini möhkəmləndirməyə
hesablanıb.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda tək övladların hərbi xidmətə
çağırılmamasına dair məsələ vaxtaşırı gündəmə gətirilib: "Bu gün Azərbaycan
ailələrinin əksəriyyətində ya tək övladdır, ya da iki övladdan biri oğlandır.
Bu baxımdan, həmin oğlanları biz hərbi xidmətdən azad etsək və ya ön cəbhəyə
yerləşdirməsək, o zaman ciddi problemlər yaşana bilər. Buna görə də bizim üçün
nəyin vacib olmasına dair seçim etməliyik: bu prinsipi əsas götürmək, yaxud cəbhə
xəttini möhkəm səviyyədə saxlamaq".
"Hazırda qanunverici orqanın gündəliyində bu məsələ durmur. Gündəlikdə
yalnız bir məsələ var – əsgərimizi həmişə qorumaq. Onun tək və ya bir neçə
övlad olması Azərbaycan dövləti üçün əhəmiyyətli deyil. Əhəmiyyətli olan hər
bir hərbçini, əsgəri qorumaqdır" – deputat vurğulayıb.
Milli Məclisin digər deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə
komitəsi üzvü Aqil Abbas da hazırda gündəlikdə belə bir məsələnin olmadığını
qeyd edib: "Bizim də ailəmiz şəhid verib, mən şəhidin nə olduğunu bilən
biriyəm. Əksinə, şəhid qardaşı, övladı cəbhə xəttində xidmət apararaq öz
atalarının, qardaşlarının qisasını, intiqamını almaq istəyir. Şəhid qardaşı
qaçıb gizlənmək istəməz".
"Təbii, mən də millət vəkili, ziyalı olaraq istəyərəm ki, ailələrin tək
övladları birbaşa olaraq cəbhə xəttinə, ön cəbhəyə göndərilməsinlər. Lakin hələ
ki, belə bir qanun layihəsinin müzakirəsi gündəmdə deyil" – deputat
bildirib.
Ehtiyatda olan polkovnik, Horadiz əməliyyatının komandiri Şair Ramaldanov Azərbaycanda
gənclərin vətənpərvərlik ruhunda böyüdüyünü vurğulayıb: "Gənclərimiz savaş
başlayacağı təqdirdə, o döyüşün iştirakçıları olmaq istəyirlər. Artıq 25 ildir
Azərbaycan torpaqları erməni silahlı birləşmələri tərəfindən işğal olunub və
hazırda hərbi xidmətə çağırılan gənclər Qarabağ həsrəti, yanğısı, ümid və istəklə
yaşayırlar".
Ramaldanov qeyd edib ki, əvvəllər Azərbaycanda belə bir qanun var idi:
"Lakin o vaxt cəmiyyət, tək övladlı ailələrin özləri müraciət edərək bu
qanunun ləğv olunmasını istədilər ki, öz torpaqlarını müdafiə etsinlər. Əgər cəmiyyət
buna hazırdırsa, bu istiqamətdə toplu halında müraciətlər varsa, onda bunu
qanunverici orqanda nəzərdən keçirmək olar".
Polkovnik onu da vurğulayıb ki, Ermənistanda bu istiqamətdə dəyişiklik edildi
deyə, Azərbaycanda belə bir dəyişikliyin olunması düzgün deyil: "Ermənistan
cəmiyyətində olan mühit, psixoloji durum, dövlət başçısı ətrafında bağlılıq, dəstək
bizim respublika ilə müqayisə edilə bilməz. Onların Silahlı Qüvvələrini belə,
Azərbaycanla müqayisə etmək olmaz".