Qucaqlaşan, öpüşən, söyüşən və… – Efirlərdəki biabırçılıqların SƏBƏBİ ÜZƏ ÇIXDI

 

Efirə hamam xalatında çıxan, rəqqasə ilə qucaqlaşıb yerə uzanan, qonağının üz-gözünü, boynunu nümayişkaranə şəkildə öpən aparıcılar, bir-birilərini təhqir edən qonaqlar, buna müdaxilə etmək əvəzinə seyrçi olan aparıcılar…

Bunlar və daha artığı Azərbaycan efirlərinin gerçəkliyidir. Özlərinin "bayağı şou”ları azmış kimi artıq qonaqlarını da bu oyunların alətinə çevirirlər. Hər dəfə efirdə bu hallar yaşayandan sonra Milli Televiziya və Radio Şurası rəsmiləri münasibət bildirir, vəziyyətin onları da narahat etdiyi və ya bu barədə telekanal rəhbərliyi ilə danışıqlar apardıqlarını açıqlayır, amma sonra hər şey unudulur. Oxşar hadisələrin efirdə təkrarlanması isə "danışıqlar prosesi”nin nəticə vermədiyini göstərir. Əksinə vəziyyət hər gün bir az da pisləşir.

Bəs telekanalların bir-birilə bəhsə girmişcəsinə bu yola əl atmasının səbəbi nədir?

Publika.az bu suala cavab tapmağa çalışıb.

Televiziya rəhbərlərində də günah var

Sualımızı cavablandıran Xalq artisti, tanınmış diktor Ofeliya Sənanideyir ki, bunun səbəbi hər küçədən keçənin, bir neçə aylıq sponsor tapan insanların efirə buraxılmasıdır:

"Verilişlərin hamısında yeknəsəqlik var. Müğənniləri nə qədər efirə çağırmaq olar? Bütün verilişlərdə mövzu eynidir. Bunlara nəzarət lazımdır. Əvvəl televiziyalara qarşı senzura var idi. Bir vurğuya görə töhmət verilərdi. İndi nəinki vurğu, qrammatik qaydaları, heç sözləri bilmirlər. Bizim üçün efir hər şeydən öndə idi, bütün günü üzərimizdə işləyirdik. Aparıcıların seçdiyi ifadələrə, efirdə davranışına nəzarət olmalıdır, onlara istiqamət verilməlidir. Mən məmnuniyyətlə onlara dərs verərdim, cümlə ilə yaşamağı onlara öyrədərdim. Məntiqi vurğunu düzgün seçə bilməyən aparıcını tamaşaçı qəbul etmir. Nəticədə tamaşaçı həmin kanaldan üz çevirəcək”.


 

O.Sənanin sözlərinə görə, bu məsələdə televiziya rəhbərlərinin də günah var:

"Televiziya rəhbəri verilişləri izləyənlərin sayının çoxluğunda maraqlı olmalıdır. İndiki televiziya rəhbərləri üçün əsas məsələ reytinqin qalxmasıdır. Keyfiyyətli veriliş hazırlanması üçün televiziya rəhbərləri hər bir verilişi izləməlidir. Yaxşı veriliş hazırlanması üçün işə can yandırmaq, işləmək lazımdır. İndiki verilişlərə baxanda aparıcıların əziyyət çəkmədiyini görürük. Elə bil evlərinə qonaq gəlib, oturub sadəcə söhbət edirlər. Heç olmazsa, özləri öyrənmək üçün maraqlanmırlar. Bu hallar televiziyalara marağı da azaldır”.

Bu tövsiyə "müvəqqəti ağrıkəsici” funksiyası daşıyır

Media eksperti Zeynal Məmmədlideyir ki, televiziyaların hazırkı durumunu bir çox səbəblə əlaqələndirmək olar:

"Səbəblərə baxanda reytinqin sadəcə bir bəhanə olduğunu görürük. Bayağı şou verilişlərində görünən mənzərə bizim reallığımızdır. Məişət həyatında da, bir-birimizə münasibətimizdə də, biz o verilişlərdə olduğu kimiyik. Televiziya bir rentgendir. Bizim ən populyar verilişin reytinqi 10 milyon əhaliyə nisbətdə azdır. Bu nəticə həm də onu göstərir ki, əhalinin çox az bir qismi həmin verilişlərə baxır. Hətta onların sayı milyona çatmır. Səviyyəsindən asılı olmayaraq əhalinin ən böyük hissəsi şouya baxmaq istəsə, Türkiyə, Rusiya telekanallarını izləyir. Faciə burasındadır ki, Azərbaycan televiziyasının auditoriyası getdikcə daralır. Baxmayaraq ki, adını çəkdiyim ölkə televiziyalarının öz problemləri var. Lakin bizim tamaşaçıların həmin ölkə telekanallarına baxma səbəbi onların daha keyfiyyətli şou verilişlər hazırlamasıdır”.


 

Ekspert hesab edir ki, bu gün Milli Televiziya və Radio Şurasından da telekanallara edilən xəbərdarlıqlar effektli olmayacaq:

"Milli televiziya və Radio Şurasının tövsiyəsi "müvəqqəti ağrıkəsici” funksiyası daşıyır. Lakin bununla problem həll olmur. Bunun üçün ağrını törədən problemləri üzə çıxarıb aradan qaldırmaq lazımdır. Həmin verilişlərə çəkilən xərc, auditoriya sayı, qazanılan gəliri hesabladıqdan sonra şou verilişlərinə olan marağın reytinq xatirinə olub-olmadığını demək olar. Bunları analiz etmədən diaqnoz qoyub, çıxış yolunu göstərmək doğru deyil. Bundan başqa, auditoriyanın hansı verilişə və nə üçün baxdığı araşdırılmalıdır. Bunun üçün televiziya menecerləri var. Televiziya rəhbərləri bu araşdırmaların aparılması üçün həmin menecerlərlə əməkdaşlıq etməlidir. Yalnız araşdırmadan sonra dəqiq diaqnoz qoymaq mümkündür. Lakin bizdə bu araşdırmanı aparmadan, diaqnoz qoyulmadan televiziya problemlərini müalicə etməyə çalışırlar. Təbii ki, bu müalicə imitasiyadan başqa bir işə yaramır. Nəticədə biz televiziyada bu cür verilişləri görürük və daha çox görməyə hazır olmalıyıq. Belə davam etdikcə cəmiyyətin mediaya inamı sarsılır. Artıq auditoriya, jurnalistlər də, əyləncə mediası ilə məşğul olanlar da bu cür verilişlərlə barışırlar”.

Z.Məmmədlinin sözlərinə görə, böyük bilgi tələb etmədiyindən telekanallar asanlıqla belə verilişlər hazırlayır:

"Bu verilişlərin böyük maliyyə tələb etmədiyi də gerçəklikdir. Həmin verilişlərə baxan auditoriyanın sayını araşdırmağın televiziya rəhbərlərinin marağında olub-olmadığını deyə bilmərəm. Lakin auditoriyanın gözündəki nüfuzunu artırmaq istəyən telekanalın menecerlər tərəfindən araşdırılmasına ehtiyacı var. İmkanı az olan televiziyalar bu araşdırmanı özləri apara bilir, digər qisim isə xərclərdən kəsib bu işlə məşğul olan professional şəxslərə etibar edir. Bizdə belə orqanlar yoxdur, ancaq onları yaratmaq çətin deyil. Düzdür, bu işlər 10 günə həll olmaz, amma 6 aya yoluna qoymaq mümkündür. Sosioloji xidmət göstərənləri, akademiya əməkdaşlarını cəlb edərək bu işi öyrənmək olar”.

MTRŞ: Bu günkü efirdən razı deyilik

Milli Televiziya və Radio Şurasının Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşovisə deyir ki, bu hallar əsasən özəl telekanalların efirində müşahidə edilir ki, bunun da səbəbi onlar arasındakı rəqabətdir:

"İstədikləri reytinqi əldə etmək üçün özəl telekanallar səs-küylü, qalmaqallı hallara meyillənirlər. Digər kanaldan bir addım önə keçməyə çalışırlar. Hər hansı veriliş eyni saata düşürsə, qalmaqallı hadisə etməklə digər telekanaldakı eyni məzmunlu verilişdən önə keçməyə çalışırlar. Reytinq yarışının milli-mənəvi dəyərlər çərçivəsində, sağlam rəqabət mühitində aparılmasının tərəfdarıyıq. Lakin məsələnin kökündə reytinq problemi durur. Milli Televiziya və Radio Şurası bu reytinq məsələsinin daha sağlam formada həyata keçirilməsi üçün müəyyən addımlar atmağı planlaşdırır. Reytinq ölçmə məsələsini sağlamlaşdırandan sonra belə halların baş verməyəcəyinə inanırıq. Təəssüf ki, yayımçılar hər şeyi reytinqə qurban verməyə hazır görünürlər. Yayımçıların daha çox reklam cəlb etməsi üçün reytinqə ehtiyac duyduqlarını anlayırıq. Bu gedişatı başa düşdüyümüzdən bəzən Şuranın fəaliyyətini tənqid edirlər. Milli Televiziya və Radio Şurası da bu kimi məsələləri nəzərə alır. Hər dəfə yayımçıların efirində şou xarakterli, kənara çıxma halı olan verilişlər yayımlanan kimi Şura inzibati üsulu işə salmaq istəmir. Yayımçıların üzərinə gedəndə Şuranın onları sıxması təəssüratı yaradır. Biz çalışırıq ki, bu cür hallar kütləviləşməsin. İş olan yerdə nöqsan ola bilər. Bəzən media üzərindən yox, birbaşa özlərinə müraciət edərək bu halın qarşısını almağı məsləhət görürük. Qarşısı alınmırsa, Şuranın iradəsindən kənar hallar müşahidə edilirsə, müdaxilə edirik. Son vaxtlar efirdə baş verən səbəblər bunlardır, lakin bu, çox da davam etməyəcək, reytinq yayımçıları özünə çox da alət edə bilməyəcək. Problemin həlli çox da uzaqlarda deyil”.

 

Televiziyaların sərhədləri aşıb-aşmamasına gəldikdə T.Dadaşov bildirib ki, şoulaşma, mənəvi dəyərlərlə bağlı Kütləvi İnformasiya Vasitələrində vəziyyət heç də televiziyalardan yaxşı deyil:


"Saytlarımız reytinq uğrunda o qədər bayağı, açıq-saçıq materiallar verir ki… Bütün saytlardan söhbət getmir, lakin reytinq toplamaq xatirinə saytlarda da bu cür materiallar verilir. Bununla yanaşı, Şura olaraq televiziyaların efirində bu tip hallara qarşı mənfi yanaşırıq. Müsbət məqamları da qeyd edirik, tənqidi məsələləri dilə gətiririk. Lakin fikirlərimizin xəbər saytlarında işıqlandırılması da effektini verir. Teleradio şurası inzibati yolla da problemlərin qarşısını ala bilir. Bəzən isə Şuranın hər hansı verilişi tənqid etməsi barədə məlumatın saytda yer alması da öz effektini verir. Problemin kökü şoulaşma tendensiyası və reytinq marağı ilə bağlıdır. Lakin Milli Televiziya və Radio Şurası olaraq bugünkü efirdən razı deyilik”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300