Alpinistlərin itkin düşməsindən 4 ay ötdü

 

Tufandağ üç alpinistlə bağlı sirrini vermir...

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş gənc alpinistlər - Namin Bunyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin axtarışları 4 aydır ki, nəticə vermir. Alpinistlər ötən il dekabrın 23-də Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Ötən günlərdə alpinistlərin axtarışına Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə, eləcə də xaricdən dəvət olunan alpinistlər cəlb olunublar. Lakin bütün bu cəhdlərə baxmayaraq, onların axtarışları nəticə verməyib. Ekspertlər bildirirlər ki, alpinistlərin soyuq qış aylarında tapılması mümkün deyil. Çünki ərazidə hava şəraiti və relyef olduqca mürəkkəbdir. Eyni zamanda qar uçqunları nəticəsində onların olduqları güman edilən yerdə hündür qar təpələri yaranıb. Buna görə də ümid yalnız havaların isindiyi aylardır. Daha dəqiq desək may, iyun aylarında itkin alpinistlərin cəsədləri tapıla bilər.

Hazırda da ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarışları davam etdirirlər. Onlar yanvar ayından etibarən hava şəraiti imkan verdikcə bir gün də olsun axtarış yerini boş qoymayıblar. Ötən həftə məlumat yayılmışdı ki, Xınalıq ərazisində dağlara 40 santimetrdən çox qar yağıb. Bu, axtarışların da aparılmasına mənfi təsir göstərmişdi. Lakin öyrəndik ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarış işlərini davam etdirirlər və mövcud hava şəraiti axtarış üçün maneə yaratmır.

Alpinistlər ile ilgili görsel sonucu

 

"Yeni Müsavat”a danışan dağçı-fotoqraf Elçin Quliyev bildirib ki, hazırda könüllü alpinistlərin əraziyə yaxınlaşması mümkün deyil. Axtarışları yalnız Fövqəladə Hallar Nazirliyinin əməkdaşları aparırlar:"Son günlərdə əraziyə heç kim buraxılmayıb. Biz əraziyə gedib, axtarışlara qoşulmaq istədik. Lakin bildirdilər ki, əraziyə kimsə buraxılmır. Yalnız oradakı qrup işləri aparır. Ötən həftə başqa bir layihə üçün həmin əraziyə yollanmışdım. Orada da dedilər ki, qar yağdığı üçün ərazidə təhlükə var. Ona görə yaxınlaşmağa imkan vermədilər. Həmçinin hazırda bütün zirvələrə yürüşlər dayandırılıb. Hər il adətən may ayında Heydər Əliyev zirvəsinə yürüş olurdu. Bu il, hələ ki, həmin yürüşlə bağlı da xəbər yoxdur. Gözləyirik ki, bəlkə yeni təyin olunan ekologiya və təbii sərvətlər naziri məsələ ilə bağlı fərqli qərar qəbul edəcək. Ancaq, hələ dediyim kimi, dəyişən bir şey yoxdur”.

Quliyev hesab edir ki, artıq alpinistlərin cəsədləri tapıla bilər:"Əgər onlar biz dediyimiz ərazidə qarın altında qalıblarsa, may-iyun aylarında böyük ehtimalla tapılacaqlar. Artıq may ayında həmin dağda qar əriməyə başlayır. Bunun nəticəsində də, təbii ki, əgər alpinistlərin cəsədləri qarın altındadırsa, ərimə nəticəsində üzə çıxacaq. Diqqət etmək lazımdır ki, qar əriməsi nəticəsində onların cəsədləri su ilə axıb kənar yerlərə getməsin. Buna da orada axtarış aparan şəxslər nəzarət edəcəklər”.

"Gilavar” - hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov isə "Report”a bildirib ki, indiyə qədər alpinistlərlə bağlı heç bir izə rast gəlinməyib: "Hazırda hava şəraitinə görə, axtarış işləri müvəqqəti dayandırılıb. Çünki hava şəraiti çox kəskindi, güclü qar yağır və duman var. Əraziyə çıxmaq təhlükəlidir”.

Klub direktoru qeyd edib ki, alpinistlərin axtarışı ilə 20 nəfər məşğul olur:"Axtarışlarda iştirak edənlərin 10 nəfəri Fövqəladə Hallah Nazirliyinin işçisidir. Digər 10 nəfər isə könüllüdür. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev də ərazidədir”.

Qeyd edək ki, alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açılıb. Hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Əli RAİS, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300