31 mart - Azərbaycanlıların soyqırımı günü
31 mart - Azərbaycanlıların soyqırımı günüdür.
Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30
mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif
bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur,
Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrini
azərbaycanlılara qarşı kütləvi qırğın törədir.
Qaziler.az xəbər verir ki, rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində
12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların
yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə
yetirib. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman,
1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: "Ermənilər müsəlman (azərbaycanlı)
məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik
edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı
cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət
orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm
etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin
hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının
yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların
qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın
xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill "İnsanlar belə
imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti
zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə
çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının
qətlə yetirildiyini bildirmişdir.
Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə
mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq
Komissiyasının materiallarından bəzi çıxarışları nəzərinizə təqdim edirik:
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə
yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri
yandırılmış və uçurulub.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi
məhv edilmişdir.
1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və
yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək
məhv edilib.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv
etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza
üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı
qaçqın düşüb.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər
isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş
etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd
dağıdılımış, əhalisi məhv edilib.
Qeyd edək ki, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il
tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd
olunur.