Cəmiyyətin şəxsiyyət problemi

 

Şəxsiyyəti formalaşdıran cəmiyyətlərdir. Hakimiyyətlərdir.

Azərbaycanda müstəqillik dönəmindən sonrakı hakimiyyətlərin hər birində cəmiyyət şəxsiyyət problemi ilə üzləşdi. Ölkədə lider, ziyalı qıtlığı yarandı.

Şəxsiyyət qıtlığı düşüncə qıtlığından doğur. İnsanı cəmiyyət püxtələşdirir.

İnsan zaman və məkanın məhsuludur. Lideri də, qəhrəmanı da, qatili də, oğrunu da, cinayətkarı da yetişdirən odur.

Nə qədər ki, hakimiyyət insana bacarıq və düşüncəsinə görə yox, ancaq əqidəsinə və münasibətlərə görə qiymət və yer verəcək, o cəmiyyət normal şəkildə formalaşa bilməyəcək.

Nə qədər ki, insanlar biri-birinin yasına, toyuna getməyə, orada görünməyə ehtiyatlanacaqlar, cəmiyyət yetkinləşə bilməyəcək.

Nə qədər ki, insanın biliyi, savadı önə çəkilməyəcək orada tərəqqi olmayacaq.

İnsanı əqidəsinə görə dışlamaq olmaz. Hamı eyni cür düşünə bilməz. Bu mümkünsüzdür. Eyni düşüncə olan yerdə inkişaf yoxdur.

Qonşu Türkiyədə şəhidin cənazə törəninə hakimiyyət nümayəndələri ilə birlikdə müxalifətin də qatılması gözəl bir ənənədir.

"Məndən olmayan mənim deyil” düşüncəsini beyinlərdən silmək, milləti, cəmiyyəti bu yanaşmalardan qurtarmaq lazımdır. Əsas bacarıqdır, qabiliyyətdir. Millət, dövlət sevgisidir. Onun dövlət üçün nələr verə biləcəyidir.

İnsanın özünün əbədi olmadığı yerdə heç nə əbədi deyil. Hər şey müvəqqətidir. Dəyişəndir.

Tarixdə əməl və görülən işlər qalır. Bu istənilən düşərgədə olanlara aiddir.

İnsan durduğu yerə kənardan baxmağı, dəyərləndirməyi bacarmalıdır.

Millət "KİM?” sualı qarşısında aciz qalanda fəlakət başlayır.

Öz seçimi olmayan millətin seçimini başqaları edir.

Mənliyin tapdalandığı, mənəviyyatın alçaldıldığı, sevgi hissi öldürülən yerdə nəinki şəxsiyyət, lider, heç normal insan belə yetişdirmək mümkün deyil.

Çox təəssüf ki, obyektiv və subyektiv səbəblərdən ölkədə artıq insanların böyük bir kəsimi düşüncə baxımından geriyə doğru gedir. Dünyəvi baxışlardan uzaqlaşır. Zamanla uzlaşa bilmir.

Uzlaşmaq istəmir. Orta əsrlər təfəkkürü ilə müasir insan yaratmaq qeyri-mümkündür. Belə getsə ölkə bunun ağır nəticələri ilə üzləşməli olacaq.

Son günlər ölkədə get-gedə artan sərt qarşıdurmalar, insanlar və sistemlər arasındakı ziddiyyətlər də Azərbaycanı indiyədək rastlaşmadığı körpüləri yandıran, pərdələri götürən arzuolunmaz bir hala gətirib çıxarıb. Bu yol ölkəni uçuruma aparır. Zor, güc, təhqir, söyüş insanı tərbiyəsizləşdirir. Qəddarlığa zəmin yaradır.

Ölkənin, millətin ağır məqamlarında önə çıxıb söz deyəsi, sözü eşidiləsi, hər kəsi durdurası ziyalı lazımdır.

Şəxsiyyət baxımından millətin gələcəyini qısır etmək ən böyük faciədir.

Sivil cəmiyyət arzusunda olan hakimiyyət bunları durdurmalı, yeni baxış, yeni ideya ortaya qoymalıdır.

Millətin gələcəyinə çıraq tutası insanları yetişdirmək və qorumaq lazımdır. Millət kor olarsa orada işıq axtarmağa dəyməz.

Rəfail Tağızadə

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300