"Yalançı qəhrəman analar"-İNQİLAB NASEH
Bütün günü kənd uşaqları ilə oynadığım "futbol”,”mərəqurdu”,”gizlənqaç”,”dıy-dıy” və s. bu kimi oyunlardan sonra kipriklərimə qədər kənd torpağı örtmüş,yorğun halda və bir az da hava qaraldığı üçün evdə atam və anam tərəfindən necə qarşılanacağım qorxusu ilə evə gəldim.Dilimin altında  "atam ya toyda,ya da hardasa olsun!" kimi dualar edərək ard-arda salavat çevirirdim. O vaxtlar nənəmlə bir məscidə gedərkən məsciddəki mollanın duadan sonra nə qədər çox salavat çəkilsə o duanın o qədər tez qəbul olduğunu eşitmişdim,inanmışdım və həmişə də riayət edirdim. Və bu duamın bir an öncə qəbul olmasına ehtiyacım var idi.

Həyətə girər-girməz gözüm ətrafda bacımı axtardı. Çünki belə durumların çoxunda evdəki durum haqqındakı ilk məlumatları ondan alardım və leyhimədirsə gülərək,əleyhimədirsə uyğun bir bəhanə taparaq evə girərdim. Bacıma bu dəfə həyətdə rastladım. Tez yanına qaçıb vəziyyətin necə olduğunu soruşdum. Atam evdə deyildi,toyda idi. Anamın isə ev işlərinə başı qarışıq idi. Bəxtim gətirmişdi. Ən uzağı anamdan "Bu vaxtı evə gələrlər?! Bir də qırağa çıxmaq yoxdur,atana deyəcəm!" kimi təhdid dolu sözləri eşidəcəkdim. Bu mənim üçün adi,sıradan bir hadisə şəklini aldığı üçün durumu leyhimə qiymətləndirmək olardı və hər hansı bir bəhanə uydurmaq üçün də beynimi yormayacaqdım. 

Rahat şəkildə hamama gedib əl-üzümü,ayaqlarımı yudum. Normalda günün dərimə öz izini buraxmaq üçün yapışdırdığı toz-torpağı təmizləmək üçün çimməm gərəkirdi,amma halım yox idi. Ümumiyyətlə,çimməkdən çox xoşum gəlməzdi. Evə girdiyimdə anamın gəldiyimin fərqinə varar-varmaz mənə dediyi öncədən təxmin etdiyim sözlərini eşidib qulaq ardına vurdum. Anam öncədən təxmin etdiyim monoloqunun sonuna-sən uje cızından çıxmısan!-cümləsini də əlavə etmişdi. Bu cümləyə tam anlam verə bilməsəm də,bir az ağır olduğunu hiss etdim. Nənəm də anamın sözünə qüvvət verərək bir-iki cümlə əlavə etdi. Yataq xəstəsi olan babam da tərs-tərs mənə baxdı. Babamın xəstəliyi işimə yaramışdı. Çünki, sağlam vaxtlarında mənə qarşı verilən tənbehlərdə tam da olmasa,qismən atamın yerinə keçə bilirdi. Babamın kiçik bacısı-atamın bibisi də babamın uzandığı yatağın yanına qoyduğu stulda oturmuşdu. O heç bir şərh vermədi,həmişə məni dəstəklərdi və adım babamın adı olduğu üçün mənə "ikinci qardaşım" deyə xitab edərdi. Mənim isə vecimə də deyildi,tək sevindiyim şey bu gün şansımın parlaması idi.. Ki,atam evdə yox idi! Bu günün ən yaxşı nöqtəsi idi. Yemək yedim,çay içdim və bir az televizor izlədikdən sonra gözlərimin bağlanmaq istəyini nəzərə alaraq yatmağa qərar verdim. Sabah günortaya qədər rahat yata bilərdim. Yay tətili olduğu üçün dərs-məktəb kimi bir problemim yox idi. Yerimə girdim,bir az gün haqqındakı komik olayları yadıma salaraq güldüm,sonra yastığı qucaqlayaraq yuxuya getdim. 

Yuxudan qışqırıq,fəryad,üsyan dolu səslərlə diksinərək oyandım. Gözlərimi açmamışdım,amma beynim oyanmışdı. Beynimin iki tərəfi bir-birinə qarşı sanki debata girmişdilər. Bir tərəf ayağa durmağımı,digər tərəf isə yenidən yuxuya getməyimi istəyirdi. Bu mövzuda bir-birilərinə qarşılıqlı meyarlar yağdırırdılar. Beyin tərəflərimin mübahisəsinə anamın səsi nöqtə qoydu.

-Qorxma,balam.
-Nə olub?! Bu nə hay-küydür?
-Baba rəhməti getdi,balam.

Yuxunun təsirindən hələ ayılmamış gözlərim incəsənətdən anlamayan birinin ilin ən gözəl portreti seçilmiş rəsminə baxaraq,nəsə anlamağa çalışması kimi heç nə anlamayan və bir o qədər anlamlı baxışlarla anamın üzünə dikildi.

-Necə yəni?!

Anam cavab verməyib,yuxudan oyanmaq səbəbim olan və hələ də davam edən oxşama səslərindən sualımın cavabını tapmağımı tərcih etdi. 

Ayağa qalxıb bir şey geyinmədən əynimdəki tumuşla-yay günlərində anam həmişə təkid etsə də,yatarkən mayka geyinməzdim-babamın yatdığı otağa keçdim. Babam həmişəki yerində yatırdı. Amma bu dəfə həmişə yatarkən ən çoxu sinəsinin ortasına qədər çəkdiyi çuxolu indi başına qədər çəkmişdi. Arxası üstə,üzü tavana yatmaq isə babamın həmişəki adəti idi. Nənəm və atamın bibisinin ağlama səslərindən qulağıma heç bitməyəcəkmiş kimi oxumağa davam edən,"ü" hərfini yeni öyrənmiş birinci sinif şagirdi kimi "ü"ləri uzadan bir ''cüü..." sahiblənmişdi. Durumu anlamağa çalışırdım,artıq babamın yatmağının həmişəki yatmalarından bir az fərqli olduğunun az-çox fərqinə varmışdım. Atam hələ də gəlməmişdi. 

Atam müğənni idi və o zamanlarda restoran toyları hələ moda düşmədiyi üçün kənddə əksər toylar "palatka toyu" olardı. "Palatka toyları" da gec saatlarda,bəzən isə səhər bitirdi. Hətta lap əvvəllər iki-üç gün davam edən toylar da olurmuş.

Saat dördün yarısına az qalmışdı. İlk dəfə idi ki,bu saatda oyaq idim. Bu nöqteyi-nəzərdən qeyri-sıradan bir gün idi mənim üçün. Lakin bunun sevincini sonra yaşayacağıma qərar verdim. Günü qeyri-sıradan edən qeyri-sıradan daha bir olay da var idi. Atamın gəldiyini beşə işləmiş küçə qapımızın yanında dayanan maşın səsindən duydum. Atam küçə qapısından içəri girərkən hələ də davam edən ağlaşma səslərini eşitdiyi an hər şeyi anlamışdı. Anlayış hissi məndən çox güclü etdi. İçimdə atamı təqdir etdim. Həyətə düşdüyümdə atam həyətdə,küçə qapısının girişində yerə oturaraq iki əli ilə üzünü tutmuşdu və hıçqırırdı. Yaxınlaşdıqda ağladığını gördüm. Bu da günün qeyri-sıradan olayları arasına yazılacaq durum idi. Atamın hıçqıraraq ağladığını ilk dəfə idi görürdüm. Bunun sonra da olsa qeyd etmək üçün yaxşı bir şey olmadığını düşünüb atamın yanına oturdum. Bir müddət atamla yanaşı oturub hıçqırıqlarının ritminə qulaq verdim. Musiqi adamı olduğu hər halından bəlli idi. Hıçqırıqlarında belə ritm var idi.

Səhər açıldı və ilk dəfə idi ki səhərin açılmasını,Günəşin doğulmasının şahidi oldum. Doğum hadisəsində heç də utanılacaq,ayıb bir şey görmədim. Zənn edirdim ki,böyüklər uşaqların o saatlarda məhz doğum hadisəsini izləməsinlər deyə oyaq olmalarını istəmir. Bunu da sonra fikirləşəcəkdim. 

Həyətdə çadır qurulmuşdu və günorta saatlarında babamı həyətə toplaşan kənd camaatı,qohum-əqrəba və dost-tanış müşayiəti ilə həyətdən yola saldıq. Mən də atamın yanında çiyinlərdə gedən babamın arxasınca irəliləyən kütlənin arasında ön sıralarda irəliləyirdim. Kütlənin ən önündə isə molla ərəbcə nəsə oxuyurdu. 

Kənd qəbiristanlığına çatdıqda artıq babamın məzarı qazılmışdı və boş məzarın üzərinə çarpaz şəkildə iki-üç bel qoyulmuşdu. Məzarı qazanlar arasında isə babamın dostlarından biri olan Əlif kişini gördüm. Adam da dostu üçün qəbir qazar?!  Qəribə idi. Sonra babamı yatdığı yerdən götürüb,xalçanın arasından çıxardaraq məzara qoydular. Babam ağ paltarda idi. Həmişəki kimi çox səliqəli geyinmişdi. Molla yenə də ərəbcə oxumağa başladı,sonralar bunun quranda "Ya'sin" surəsi olduğunu öyrəndim. Bir kişi də qəbrə girərək babamı dürtməyə başladı. Deyəsən,oyandırmağa çalışırdı. Lakin babam yatmaqda qərarlı idi. Nə də olsa üstündə kos-koca həyatın yorğunluğu var idi. Bir-iki dəfə atılaraq "Qoy yatsın də!" demək də keçdi könlümdən. Lakin mənə lap balaca olanda  böyüklərin sözünə qulaq asmağı demişdi babam. Ona görə də böyüklərin tepkisiz qaldığını görüb bir şey etmədim. Bu,molla yasini oxuyub qurtarana qədər davam etdi. Sonra hər kəs sıra ilə gəlib belləri götürüb babamın üstünə torpaq atmağa başladılar ...

Atamın yanında atam kimi əllərimi önümdə birləşdirərək dayanmışdım. Atam yenə ağlayırdı. Bu dəfə hıçqırmırdı amma. Deyəsən,nədənsə qorxmuşdu,ya da öfkeli idi. Çünki,hıçqırağın qorxduqda və əsəbləşdikdə keçdiyini demişdi nənəm. Məni,həmişə,hıçqırıq tutanda "hindən yumurtaları sən oğurlamısan?" kimi suçlamalar savurardı üstümə. Mən də əsəbləşərək inkar etdiyimdə hıçqırığım keçərdi. Sonralar bunun hıçqırığımın dayanması üçün deyilmiş yalan suçlama olduğunu özlüyümdə müəyyən etsəm də nənəmin,həmişə,bu suçlamasına inanırdım. Atamın gözündə doğulan yaşlar yanağından süzülərək çənəsinin altında toplanırdı və torpağa düşərək ölürdü. Amma o yaşları dəfn edən yox idi. Onlar özləri özlərini dəfn edirdilər. Bəziləri isə yanaqda quruyub qalırdı. Onlar da yanaqda dəfn olunurdular. Lap şeir kimi düşünmüşdüm. Bunu da sonra qeyd edəcəkdim ...

Atam boş yerə ağlamazdı. Ağlamaq gərəkən durum idi,mütləq. Gözlərimi sıxaraq ağlamağa çalışdım və uzun sürən "Göz sıxma-Göz bəbəyi" müharibəsinin sonunda bir iki damcı yaş erkən doğulmuş uşaq kimi gözümdən çıxa bildi. Amma aşağı sürüşmürdü. Üzümü kimsənin hiss etməyəcəyi tərzdə yavaş-yavaş silkələməyə başladım. Nəhayət ki,yaşlar yeridi. Yeriməyi tez öyrənmişdilər. Bir az da üzümü silkələyərək damcıları düşdükləri torpağa gömdüm. Yalandan və məcburən ağlamışdım.

Hər şeyin fərqində idim,bir o qədər də heç nəyin fərqində deyildim. Hətta yeddi gün keçirilən yas mərasimindəki baş qarışıqlığından istifadə edib izinsiz kənd uşaqları ilə Kürə çimməyə də getmişdim. Atam isə bu günlərdə həmişə ağlayırdı. Gözündə su bitmirdi ki,bitmirdi. Gözdən nə qədər yaş doğularmış,ilahi?! Gözləri "qəhrəman ana" kimi idi. Mən isə,həmişə,ilk dəfə etdiyim kimi edib yalandan ağlayırdım.

İllər keçdi. Böyüdüm. Və sıra mənə gəldi. Mən atamı itirdim. İndi atamın məzarı qarşısındayam və babamın dəfn etmə mərasiminin eynisini təkrarən,yaşayıram,sanki. Mənim də gözlərim "qəhrəman ana" olmağa qərar verib,deyəsən. Yanımda isə oğlum dayanıb,mənim kimi. Gözlərindən bir-iki damcı yaşın çıxaraq yeridiyini görürəm. Lakin bir sualım var özümə. Bəlkə də heç bir zaman cavabını tapa bilməyəcəyim bir sualdır,bu sual.

-Görəsən,oğlum da mənim babama ağladığım kimi yalandan ağlayır?!
 
 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300