Prezidentliyə namizəd Sərdar Cəlaloğlunun qardaşı oğlunun evinə BASQIN EDİLDİ - FOTO/VİDEO
Dünən axşam 17:30 radələrində vətəndaş Məmmədov Altay
Süleyman oğlunun evinə, əvvəlcədən əlbir olmuş bir qrup tərəfindən silahlı
hücum edilib. Bu barədə Altun.az saytına vətəndaş A.Məmmədov müraciət
edib.
Müraciətdə bildirilir: "2017-ci ilin dekabrından başlanan mübahisənin qarşısını
bu günə qədər alan "tapılmır”. Bildirim ki, Suraxanı rayon Bülbülə qəsəbəsi
Samir Əliyev küçəsində yerləşən, bir sot torpağın içində, ümumi sahəsi 40 kv.m
olan 2 otaqlı evi Aslanov Təbib Həbib oğlundan, ilkin ödəniş 4000 manat,
qalanın ayda 300 AZN ödəmə şərti ilə, 20000 (iyirmi min) AZN-ə almışam. İki
aydan sonra 20 kv.m-lik bir otaq tikib, həyətimi daş hasara almışam. Noyabr
ayında, 4900 AZN ödədikdən sonra, aydın olub ki, qarşı tərəf mənim evimi digər
şəxsə, məndən xəbərsiz, 30000 (otuz min) AZN-ə satıb. Keçən ilin dekabrından
zor gücünə, çəkmiş olduğum ödəniş və xərclərimi ödəmədən, yurdumdan çıxarmaq
üçün başıma açmadıqları oyun qalmayıb. Gah evimi daşlayıblar, gah ailə uşağımı
nalayiq ifadələrlə təhqir ediblər. Hətta 24.01.2018-ci il tarixdə gecə 23.30
radələrində evimin arxa divarını uçurmağa belə cəhd ediblər. DİN-in 102 xidmətinə
müraciətlərim və Suraxanı rayon 31-ci polis bölməsindəki qeyd və təhqiqatlar
söylədiklərimin əyani təsdiqidir.
13.02.2018-ci il tarixdə T.Aslanov Suraxanı rayon məhkəməsinə, mənim evdən
çıxarılmağım tələbi ilə iddia ərizəsi verib. 05.03.2018-ci il tarixdə tanışlıq
iclasında iddiaya baxış 19.03.2018- ci il tarixə təyin edilib. Dünən məhkəmədən
çıxdıqdan sonra, hüquq, qanun, dövlətçilik nədir qəbul etmək istəməyən bu
adamlar evimin kamunal (qaz, su, işıq) xətlərini kəsiblər. Bundan öncə də bir
neçə dəfə Təbib və onun qayınları Muşviq və Cahid evimin kommunal xətlərini kəsib,
09.02 və 16.02-2018-ci il tarixdə Azərişığın nümayəndələrini, sahə müvəkkilinin
və post patrul əməkdaşlarının gözü qarşısında, zor tətbiq edərək vəzifələrini
icra etməyə qoymayıblar. Polis əməkdaşlarının yanında qışqıraraq; "..Bunlar Sərdar
Cəlal oğlunun qardaşı və qardaşı oğludur, dövlət əlehinə gedən adamlardır,
onlar burda yaşaya bilməzlər, qoymarıq!..” deyib, heç kimi yaxına
buraxmayıblar”.
"Burda bizik Bağdatda kor xəlifə” misalı, 05.03.2018-ci il tarixdə baş tutan məhkəmənin
tanışlıq iclasından sonra, axşam üstü saat 17:30 radələrində Təbib qayınları
Muşviq, Cahid və Cahidin oğlu, bacıları Nailə, Arzu və Cahid və Muşviqin həyat
yoldaşları evə guppan (kuvalt), balta və çəkiclə silahlı hücum ediblər. İlkin
olaraq, Muşviq, Cahid və Cahidin oğlu, A.Məmmədovun evinə basqın təşkil etmək məqsədi
ilə, divarı uçurmağa cəhd etsələr də buna nail olmamış, daha sonra isə həyətin
darvaza qapısını küçə tərəfdən, balta ilə iki hissəyə bölərək dəstəyi
sındırmaqla qadınları həyətə buraxıb, basqını təşkil edib özləri aradan
çıxmışlar. Həmin vaxt isə A.Məmmədov evdə 10 yaşlı oğlu və hamilə, eyni zamanda
da asma xəstəsi olan həyat yoldaşı ilə müdafiə olunmaq üçün qapını bağlayıb,
DİN-in 102 xidməti və ərazinin sahə müvəkkili olan Elvin Cəfərovdan yardım istəyib.
Təəssüf ki, polis əməkdaşları hadisə yerinə gəlib çatanadək azğınlaşmış bu
qrup, nalayiq ifadələrlə, evin qapı dəstəyini zorla aça bilmədikləri üçün pəncərəni
sındıraraq, evə baltalı-çəkicli girməyə cəhd ediblər. Ailəsinin həyatının təhlükə
altında olduğunu nəzərə alan A.Məmmədov evinin qapısını açıb, azğınlaşmış bu
qadınları həyətdən çıxarmağa çalışıb. Bu zaman Nailə əlindəki balta ilə A.Məmmədova
qolundan zərbə endirib. Daha sonra Altay digər qadınları da həyətdən çıxarmağa
cəhd etdiyi zaman, Arzu adlı qadın A.Məmmədovun hamilə həyat yoldaşının
qollarından tutaraq divara çırpıb, Nailəyə isə; "qarnından vur uşağı ölsün, bu
evdən ölüləri çıxsın”-deyərək, bədəninin müxtəlif nahiyələrinə ağır zərbələr
endiriblər.
"Evimə basqın olunan zaman Cahidin oğlu darvaza qapısından hadisələri müşahidə
edirdi. Mən polisin gec gəldiyini, bir az da bu cür davam edəcəyi təqdirdə həyat
yoldaşımın və onun bətnindəki körpəmizin geriyə dönüşü olmayan zərər ala biləcəyini
nəzərə alıb, Nailə ilə Arzunun qollarından tutub, yoldaşımı onların əlindən
alıb, onları çətinliklə də olsa, evimdən çıxarmağa nail olmuşam..” – deyə Altay
Məmmədov bildirib.
QEYD: Yaşadığımız hüquqi dövlətdə kimlər tərəfindənsə vətəndaşın evinin
kommunal xətlərdən məhrum edilməsi, bu dövlətdə anarxiyanın, "Bezpredel”liyin
baş alıb getməsinin göstəricisidir. Hüquq mühavizə orqanları təcili surətdə vətəndaşın
konstitusion hüquqlarının bərpasını təmin etdirməlidirlər.
P.S. Nəinki bu vətəndaş prezidentliyə namizədin qardaşı oğlu ola, hətta erməni əsilli
Azərbaycan vətəndaşı olmuş olsa belə...
P.P.S. Məsələni diqqətdə saxlayıb, hüquq mühavizə orqanlarının da məsələyə
münasibətlərini öyrənməyə çalışacağıq.
Altun.az: Azay Süleymanoğlu