Bakı metrosunun bitib-tükənməyən "ÇP”-ləri

 

Ekspert: "Ötən əsrin ortalarında alınan qatarlar istismar müddətini çoxdan başa vurub”

Martın 5-də səhər saatlarında Bakı metrosunda növbəti problem yaranıb. Nəticədə qatarların hərəkətində gecikmə baş verib. Sərnişinlərin sözlərinə görə, yaranmış problem nəticəsində onlar 35 dəqiqə tuneldə, platformada gözləməli olublar.

Məsələ ilə bağlı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat yayaraq bildirib ki, problem "Nəriman Nərimanov” stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən yaranıb. O bildirib ki, bu səbəbdən saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verib.

Son vaxtlar Bakı metrosunda bu kimi problemlər tez-tez yaşanır. Xüsusilə də günün pik saatlarında baş verən belə hadisələr zamanı sərnişin sıxlığı artır. Texniki nasazlıq aradan qalxsa da, bu dəfə sərnişinlər sıxlıq səbəbindən ünvan başına gecikirlər. Elə insanları narazı salan məqamlardan biri də budur ki, pik saatlarda metroda qatarlar vaxtında gəlmir. Bu hal isə sıxlığın yaranmasına səbəb olan əsas amil kimi göstərilir. Nəticədə Bakı metrosu iflic vəziyyətə düşür.

Halbuki "Bakı Metropoliteni” QSC sədri Zaur Hüseynovun ötən il imzaladığı əmrdə qeyd olunur ki, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 18-dən metropolitendə qatarların hərəkətinin yeniləşmiş qrafiklə tənzimlənməsinə keçiləcək. Sitat: "Qeyd edilən qrafikə əsasən hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, ”Həzi Aslanov-28 May" sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endiriləcək. Bu prinsiplə gur saatlarda xətlər üzrə hərəkətin bir-birindən ayrı təşkil edildiyi "28 May-Dərnəgül” və "28 May-İçərişəhər” sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq.

"Metropolitendə ciddi nəzarətsizlik hökm sürür”

Bu müddətdə yalnız "Bakmil” stansiyasından qatarlar xəttə daxil olduğu zaman interval "Həzi Aslanov-Ulduz” sahəsində fərqli ola bilər.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, "Həzi Aslanov-28 May” sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur".

Belə çıxır ki, əksər hallarda metropoliten sədrinin əmri pozulur...

Metroda vəziyyət yay aylarında daha da dözülməz olur. Belə ki, "Bakı 2015" I Avropa Oyunları ərəfəsində gətirilən yeni qatarlar xaricində Bakı metrosunda 21-ci əsrdə hələ də qatarlarda kondisioner mövcud deyil. ”Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev dəfələrlə qaldırılan bu məsələyə açıqlamasında bildirib ki, qatarlara kondisioner quraşdırmaq mümkün deyil. Səbəb kimi isə bildirib ki, istehsalçı tərəfindən bu qatarlarda kondisioner quraşdırılması nəzərdə tutulmayıb. Bildirilib ki, gələcəkdə bu qatarlar öz istismar dövrünü başa vurduqdan sonra onları əvəzləyəcək qatarlarda kondisioner sistemi olacaq.

Onu da diqqətə çatdıraq ki, "Bakı Metropoliteni” QSC-yə dövlət tərəfindən sərnişindaşıma üçün vəsait də ayrılır. Belə ki, 2017-ci ildə "Bakı Metropoliteni” QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsindən ötrü 30 milyon manat vəsait (subsidiya) proqnozlaşdırılmışdı. Bu, 2015-2016-cı illərin göstəricilərindən 7 milyon 998.2 min manat və ya 21 faiz az idi. Ancaq sonradan ötən ilin mart və aprelində hökumət kommunal tariflərin artması ilə bağlı xərcləri maliyyələşdirməkdən ötrü Bakı Metropoliteninə əlavə 15 milyon manat subsidiya ayırıb.

"Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert İlqar Hüseynov bildirib ki, doğrudan da Bakı metrosunda ciddi problemlər yaşanır:"Metro öz əhəmiyyətinə görə ölkədə lazım olan nəqliyyat sektorudur. Ancaq doğrudan da bu nəqliyyatda problemlər var. Məsələ burasındadır ki, metropoliten müasir qatarlarla təmin olunmayıb. Ötən əsrin ortalarında alınan qatarlar istismar müddətini çoxdan başa vurub. O qatarlardan bəziləri istifadədən çıxarılıb. Lakin metropolitenin yetərincə böyük maliyyə imkanları olmadığı üçün yeni qatarların alınmasında bürokratik problemlər var. Dövlət də vətəndaşların tez bir zamanda və normal şəraitlə mənzil başına çatdırılmasında maraqlı olmalıdır. Hər halda, metro nəqliyyat növünün inkişafında önəmli siyasi və iqtisadi qərarlar verilməlidir. Görünən odur ki, hazırda bu istiqamətdə köklü addımlar atılmır. Müəyyən bir xətt üzrə yeni qatarlar aldılar. Ancaq bunun davamı olmadı. Hər bir layihənin davamlılığı olmalıdır. 3 qatar dəyişməklə prosesləri bitmiş hesab etmək olmaz. Eyni zamanda Bakı Metropolitenində təhlükəsizliklə bağlı da problemlər var. Ümumilikdə söyləmək olar ki, metropolitendə ciddi nəzarətsizlik hökm sürür. Əslində girişlərdə modern aparatlar olmalıdır. Lakin bunu görmürük.

Kustar yolla hansısa 3 nəfər mühafizə polisinin əməkdaşının qapıda camaata baxması ilə təhlükəsizlik təmin oluna bilməz. Bir çox ölkələrin səfirlikləri, vətəndaşları ölkəmizə gəldikləri zaman onlara təhlükəsizliklərini qorumaları ilə bağlı anonslar verirlər. Bu anonsların verilməsinin səbəbi ondan irəli gəlir ki, həmin ölkələrin nümayəndələri tədqiqat, müşahidələr aparırlar. Bilirlər ki, metrodan istifadə zamanı təhlükəsizlik tədbirləri hansı səviyyədə qurulub. Yəni onlar bunu da nəzərə alıb, vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edirlər. Metrodan istifadə edən əksər sərnişinlər aztəminatlı və kifayət qədər böyük maliyyə imkanlarına sahib olmayanlardır. Biz daim sosial dövlət olduğumuzu məmurların, rəhbərlərin dilindən eşidirik. Bildirilir ki, Azərbaycanda vətəndaşların sosial problemlərinin həlli istiqamətində çalışılır. Bu baxımdan nəzərə almaq lazımdır ki, metro daha çox sosial qayğıya ehtiyacı olan insanların istifadə etdiyi bir nəqliyyat vasitəsidir. Ona görə də burada həm təhlükəsizlik, həm də xidmətin keyfiyyəti məsələsi öz həllini tapmalıdır”.

Əli RAİS, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300