Doğrudanmı, Hacıbala Abutalıbovdan
Bir neçə gün əvvəl Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov jurnalistlərlə söhbətində özünün bu postda əvəzlənməsinin mümkünlüyü barədə suala kifayət qədər maraqlı cavab verib. Paytaxt meri "Yerimə məndən ağıllı kadr təyin olunsa, ən çox özüm sevinərəm" deyə bildirib.

Belə məlum olur ki, Abutalıbov 10 milyonluq ölkədə BŞİH-ə rəhbərlik etmək üçün özündən ağıllı kadr olmadığını iddia edir. Hərçənd belə bir iddiaya düşməyin özü hansısa normal ağılla nə izah, nə də qəbul edilə bilməz.

Amma əksər məmurların "əvəzedilməzlik” sindromundan əziyyət çəkdiyi bir ölkədə Hacıbala müəllimin bu dediklərini bir o qədər qəribçiliyə salmamaq lazımdır. 

Məsələnin ən maraqlı tərəfi isə başqadır: Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərindən biri Bakı meriyasının təyinatlı orqandan seçkili orqana çevrilməsidir. Yəni həmin öhdəlik indiyədək yerinə yetririlmiş olsaydı, hazırda paytaxt rəhbəri postunda məhz Abutalıbovun əyləşməsinin özü ciddi sual altına düşərdi.


Amma siyasi hakimiyyət israrla Bakıda Böyükşəhər Bələdiyyəsinin yaradılması və ora seçkilərin keçirilməsi barədə Avropa Şurası qarşısında 15 il öncə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edir. Hazırda Bakı bu quruma üzv olan ölkələr arasında merin seçki yolu ilə deyil, təyinatla müəyyənləşdiyi yeganə paytaxt şəhəridir.

Qeyd edək ki, hələ 2014-cü ildə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda bələdiyyələrin vəziyyətinə dair kəskin hesabat yayıb. Sənəddə bildirilir ki, 2003-cü ildə açıqlanmış ilk hesabatda yer almış tövsiyələrin əksəriyyəti yerinə yetirilməmiş qalıb. Konqres, həmçinin, Azərbaycan hakimiyyətini Bakı şəhərinin xüsusi statusu haqqında qanun qəbul etməyə və Bakıda yerli özünüidarəetmə orqanlarına demokratik seçkilər keçirməyə çağırıb. Amma bu çağırış elə çağırış olaraq da qalıb və Bakı meriyasının seçkili orqana çevrilməsi ilə bağlı hökumət tərəfindən inadla heç bir tədbir görülməyib.

Bunun niyəsi barədə çoxlu versiyalar səsləndirmək olar, amma fikrimizcə, əsas səbəb siyasidir: hakimiyyət ölkədə seçkili orqanların artmasında maraqlı deyil, çünki hər seçki iqtidar üçün siyasi və ictimai baxımdan yeni başağrısı, yerli və beynəlxalq tənqid hədəfinə çevrilmək üçün yeni səbəb deməkdir.   


Düzdür, Azərbaycanın ənənəvi seçki təcrübəsini nəzərə alsaq, həmin öhdəlik yerinə yetirilməyə başlansa belə, Bakıya məhz şəhər sakinlərinin etimad göstərdiyi şəxsin rəhbərlik edə biləcəyini söyləmək çətindir. Necə ki, ölkədə heç bir seçkili orqan xalqın seçimi əsasında formalaşmır.

Bununla belə, ən azı Bakının Avropanın paytaxt şəhərləri arasında "bələdiyyə institutu tərəfindən idarə olunmayan yeğanə paytaxt” obrazını dəyişmək, Avropa Şurasının daha bir öhdəliyini ən azı formal olaraq yerinə yetirib qurumun bu məsələdə qınaqlarından xilas olmaq üçün həmin addımı atmaq mümkündür.

Amma görünür, hökuməti həmin məqamloar əsla narahat etmir. Elə ona görə də Bakıda Böyükşəhər Bələdiyyəsi institutunun formalaşdırılması düyünə düşüb. Bunun acı nəticəsi isə artıq göz önündədir: paxtaxtın uzun illərdir kreslosuna yapışıb qalmış təyinatlı başçısı açıq-aşkar "əvəzolunmazlıq” xəstəliyinə tutulub və oturduğu postda onu əvəzləməsi üçün özündən ağıllı adam görmür...  

İlkin Hüseynli 
Qaynar.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300