Gürcüstan prezidentindən Xocalı qurbanlarına laqeydlik

 

Zəlimxan Məmmədli: "Biz dövlət olaraq ”Nə edək ki, Gürcüstan bizim düşmənimizlə düşmən, dostumuzla dost olsun" sualı ətrafında düşünməliyik"

Gürcüstan prezidentiGiorgi Marqvelaşvilifevralın 26-da "Müstəqillikdən azadlığa-respublikanın 100 illiyi” kampaniyası çərçivəsində Marneulidə azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri ilə görüşüb.

Bununla bağlı yayılan xəbərdə deyilir ki, görüşün gənc iştirakçılarından biri Giorgi Marqvelaşviliyə bu gün Azərbaycanda Xocalı soyqırımının 26-cı ildönümünün qeyd olunduğunu deyib, bununla bağlı görüşdə faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Daha sonra xəbərdə belə bir ifadə var: "Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsə də Qarabağla bağlı suala cavab verən prezident Gürcüstanın Azərbaycan və Ermənistan arasında mövcud münaqişə ilə bağlı vəziyyəti izlədiyini bildirib”. Beləliklə, faktiki olaraq Gürcüstan prezidenti Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi təklifini qəbul etməyib.

Gürcüstanda yaşayan soydaşlarımızı öz sıralarında birləşdirən Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Yeni Müsavat”a açıqlamasında gürcü prezidentin bu cür davranışından təəssüfləndiklərini bildirdi:"Təbii ki, hər bir dövlətin öz yanaşması, öz milli maraqları var. Hər bir dövlətin özünün qonşu ölkələrlə siyasətini uzlaşdırmaq, mənfəət əldə eləmə prinsipləri mövcuddur. Gürcüstan dövləti və hakimiyyəti də məsələlərə bu cür yanaşır. Təəssüf ki, Azərbaycanın bir çox həyati məsələlərdə ciddi dəstək verdiyi Gürcüstanın siyasi hakimiyyətində milli maraqlarımıza biganəlik var. Bu biganəlik get-gedə artır. Marqvelaşvili rasional adamdır. Hökumətlə müəyyən dərəcədə ixtilaflı bir vəziyyətdə fəaliyyət göstərir. Onun şəxsən özünün azərbaycanlılara və Azərbaycana normal münasibəti var. Görünür ki, o, hökumətdə ona qarşı hər an hücum etməyə hazır olanların əlinə hansısa bəhanələr verməməyi düşünüb. Ola bilsin hesab edib ki, opponentləri onu Ermənistanla münasibətləri korlamaqda suçlaya bilərlər. Amma şübhəsiz ki, hər bir halda gürcü prezident cəmi 26 il öncə baş vermiş soyqırımda qətlə yetirilən insanların ruhuna hörmət olaraq onları yad etməli idi.

 

Biz bu hadisənin dramatikləşdirilməsini, soydaşlarımızın Gürcüstan hakimiyyətinə qarşı çevrilməsini istəmirik".

Z.Məmmədli qeyd etdi ki, Azərbaycanın dövlət olaraq görməli olduğu mühüm işlər var. Bunlar həyata keçirilsə, milli maraqlarımızın xeyrinə olar:"Gürcüstan bir dövlət olaraq milli maraqlarının sərhədlərini müəyyən edir. Ermənistan Gürcüstan üçün qonşu dövlətdir, Azərbaycan üçün isə təcavüzkar dövlətdir. Gürcüstan bir qonşusu Azərbaycana görə o biri qonşusu ilə düşmənçilik edəsi deyil. Gürcüstanın milli maraqlarının sərhədlərini bu dövlət özü müəyyən edir və qonşu dövlət olan Ermənistanla münasibətləri pozmaq istəmir. Təbii ki, hazırkı Gürcüstan hökumətində müəyyən qədər rusofillik var, müəmmalı siyasi xətt, zehniyyət var. Bu zehniyyət xatalıdır. Amma biz dövlət olaraq ”Nə edək ki, Gürcüstan bizim düşmənimizlə düşmən, dostumuzla dost olsun" sualı ətrafında düşünməli, bu suala cavab tapmalıyıq. Biz dövlət olaraq işimizi elə qurmalıyıq ki, orada milli maraqlarımızı təmin edə bilək. Burada Azərbaycanın da dövlət olaraq üzərinə düşən işlər var. Azərbaycan Gürcüstanla münasibətlərdə sırf siyasi mahiyyətli məsələləri də önə çəkməlidir. Bu məsələləri qoya biləcək təşkilatlara ciddi dəstək verilməlidir. Şəxsən mən cəsarətlə deyirəm ki, Borçalı Cəmiyyəti ilə iş elə qurula bilərdi ki, Gürcüstan parlamentində Xocalı soyqırımı məsələsini rəsmi gündəliyə gətirməyə nail ola bilərdik.

Xocalı soyqırımı insanlıq faciəsidir və bunu erməni-rus hərbi birləşmələri həyata keçirib. Biz bunu hər yerdə deyirik. Lakin özümüz dövlət olaraq bu dəhşətli hadisəni soyqırım olaraq rəsmi şəkildə, ayrıca qanun şəklində qəbul etməmişik. Azərbaycan Milli Məclisi Xocalı faciəsi ilə bağlı bəyanat verib. Dövlət və hökumət rəsmiləri çıxışlarında Xocalıda soyqırımın həyata keçirildiyini dəfələrlə bəyan ediblər və edirlər. Lakin bütün bunlar Milli Məclisin Xocalı soyqırımı haqqında ayrıca qanun qəbul etməsini əvəz eləmir. Biz gərək indiyə qədər belə bir qanun qəbul etmiş olaydıq. Bunu etmiş olsaydıq, Gürcüstan prezidenti məsələyə bizi məyus edən şəkildə yanaşmaya bilərdi. Bizim də daha çox hüquqi əsasımız olardı ki, qonşu dövlətin rəhbərindən Azərbaycanın qəbul etdiyi Xocalı soyqırımı haqqında qanuna hörmət etməsini tələb edə bilək. Azərbaycan belə bir qanun qəbul etsə Gürcüstanın hətta parlamentində də Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinə nail olmaq mümkündür".

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Gürcüstan prezidenti Xocalı soyqırımının qurbanlarını anmaq istəməyibsə onun Xocalı soyqırımı günü Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gənclərlə görüşünə ehtiyac yox idi. Xocalı soyqırımını bir dəqiqəlik sükutla yad etmək istəməyən prezident Marneuliyə səfər tarixini yanlış seçib.

Etibar SEYİDAĞA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300