Kürdlərin həbsdəki lideri buraxıldı -Saleh Müslim kimdir?

 

Praqada yaxalanan keçmiş PYD həmsədri Türkiyəyə təhvil verilmədi

Dörd gün öncə Çexiyanın paytaxtı Praqada yaxalananPYD/PKK-nın keçmiş həmsədri Saleh MüslimiTürkiyəyə təhvil verilməyib və azadlığa buraxılıb. Türkiyə mediasının yazdığına görə, kürd separatçılarının ən tanınmış liderlərindən olan Saleh Müslim haqqında Türkiyə bu ayın 13-də qırmızı bülletenlə beynəlxalq axtarış verib. S.Müslim bu axtarış çərçivəsində saxlanılıb. Məlumata görə, S.Müslim müvəqqəti saxlanılıb və çex məhkəməsinə göndərilib, məhkəmə isə Türkiyədən onu niyə axtarışa verməsi barədə sənədlər istəyib.

Bununla belə, qeyd olunur ki, bu hələ Saleh Müslimin Türkiyəyə təhvil veriləcəyi mənasına gəlmir.

Türkiyənin Saleh Müslimi geri ala bilməməsinin iki mühüm səbəbi var. Bunlardan biri çex məhkəməsinin Saleh Müslimin terrorçu olduğuna qərar verib-verməyəcəyinin bilinməməsidir. Nədən ki, Türkiyə PYD-ni nə qədər PKK-nın Suriya qanadı olduğunu irəli sürsə də və iddiasını inkarolunmaz faktlarla əsaslandırsa da, bu məsələdə beynəlxalq aləmin düşüncəsi yekdil deyil. Xüsusilə ABŞ PYD ilə PKK-nı bir-birindən ayırır, hətta Türkiyəyə PKK ilə mübarizə etmək üçün PYD-nin imkanlarından yararlanmağı məsləhət görür. Eyni şəkildə bir çox Avropa ölkələri də məsələyə ABŞ-la eyni mövqedən yanaşır. Çexiyanın isə PYD-PKK-ya nə cür münasibət bəsləməsi bəlli deyil. Belə vəziyyətdə Çexiya məhkəməsinin hansı arqumenti əsaslı sayacağı xeyli müəmmalı görünür.

 

İkinci ən mühüm problem Türkiyə ilə Çexiya arasında cinayətkarları təhvil vermək haqqında hər hansı müqavilə yoxdur. Çexiya məhkəməsi Salih Müslimi təhvil vermək istəsə belə, bunu hansısa qanunvericilik aktı ilə əsaslandırmalıdır. Belə bir hüquqi zəmin olmadığından, Çexiya üzv olduğu Avropa İttifaqı vasitəsilə terrorçunu təhvil verməlidir. Avropa İttifaqını formalaşdıran və onun lokomotivliyini edən Almaniya, Hollandiya, Fransa və s. kimi ölkələrin isə Türkiyə ilə münasibətləri çox da ürəkaçan deyil. Həmin ölkələrin Ankaranın tələblərinə müsbət cavab verəcəyi hələlik xeyli çətin görünür.

 

Bəzi ehtimallara görə, S.Müslim məsələsi Türkiyə ilə Avropa İttifaqı arasında yeni gərginlik yarada bilər.

Bəs Saleh Müslim əslində kimdir?

 

Saleh Müslim 1951-ci ildə Hələbdə dünyaya gəlib. Milliyyətcə kürd olan bu adam Suriyada böyüyüb başa çatıb. Suriyalı olsa da, onun mütəxəssis kimi formalaşmasında Türkiyənin böyük zəhmətləri var. Belə ki, 1970-ci ildə İstanbulda yaşayan və təhsil alan S.Müslim 1977-ci ildə bu şəhərdə ali təhsilini tamamlayıb. İndiyədək Türkiyənin çörəyini yeyən bu adam peşəcə mühəndisdir.

 

Kürd təşkilatlarında fəallığı ilə daim seçilən S.Müslim 1998-ci ildə siyasətə ilk addımını atıb və Suriya Kürdüstan Demokrat Partiyasına (PYD) qoşulub. Təşkilatın həmsədri olaraq fəaliyyət göstərib. S.Müslim öz separatçı davası boyu qurbanlar da verib. Məsələn O, 2013-ci ildə Tel Abyadda İŞİD-lə gedən mübarizədə oğlu Şervan Müslimi itirib. Müslimin kürd separatçıları arasında nüfuzunu bu hadisə daha da artırıb. S.Müslim Suriyada ən güclü kürd lideri kimi tanınır. Məlumata görə, 2010-cu ildə İraqa qaçan S.Müslim 2011-ci ildə təkrar Suriyaya qayıdıb və vətəndaş müharibəsində əsas qərarverici liderlərdən biri olub. Türkiyədə təhsil aldığından Anadolu türkçəsini mükəmməl bilir və əksər hallarda mətbuata açıqlamalarını bu dildə verir.

2015-ci ildə S.Müslim xüsusi təyyarə ilə Türkiyəyə gəlmiş və Türkiyə rəsmiləri ilə Ankarada görüşlər də keçirmişdi. Türkiyə hökuməti "Zeytun budağı” əməliyyatına başladıqdan 3 həftə sonra onun barəsində beynəlxalq axtarış elan etdi.

Etibar SEYİDAĞA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300