Qafqazın "Tramp”ı : "Əli və Nino”ya əl qoyan Heydərovların
biznes səltənəti – Araşdırma
Tale Kəmaləddin oğlu Heydərov… Avropa Azərbaycan Cəmiyyətinin
təsisçisi və sədri, "Qəbələ” idman klubunun prezidenti və bir çox layihələrin
müəllifi.
33 yaşlı minlərlə gənc
və 33 yaşlı Tale
AzEuroNews.com xəbər verir ki, 33 yaşlı heç bir gənc biznesmen bugünkü Azərbaycan
reallığında, iqtisadi şərait və şərtlər çərçivəsində əsla meqa projelərin rəhbəri
ola bilməzdi.
Tale kimi minlərlə 33 yaşlı gənc var – işsizdirlər, evsizdirlər, ailə qura
bilmirlər, rəqabətli biznes mühiti olmadığına görə sahibkarlıqla məşğul olmaq
perspektivləri yoxdur.
Bu gün Azərbaycanda 33 yaşında müstəqil biznesmen, öz ayaqları üstündə dayana
bilən iş adamı barmaqla sayıla bilər.
Əgər Tale də Heydərov Kəmaləddin oğlu olmasaydı, ya kredit borcunu ödəyirdi, ya
kirayələrdə sürünürdü, ən yaxşı halda hansısa bankda səhər 9-dan axşam 6-ya qədər
işləyib 600-700 manat alacaqdı.
Lakin məşhur "insanların vətənini və valideynlərini seçmək fürsəti olmur”
deyimi T.Heydərovun timsalında uğurlu olub.
Atasının hakimiyyətin əsas menecerlərindən biri olması, gömrükdən istehsalat müəssisələrinə,
otelçilikdən restoran, qida, media və s. biznesinə qədər yiyələnməsi, ilk dəfə
onun siyasi ranqına görə Fövqəladə Hallar Nazirliyi təsis edilməsi T.Heydərovun
biznes karyerasının yüksəliş səbəblərini çılpaqlığı ilə ortalığa qoyur.
"TEAS Press”in
monopoliyası…
Nazir oğlunun əhəmiyyətli biznes sferalarından biri hələ 2014-cü ildə təsis
edilmiş "TEAS Press” nəşriyyat evidir.
Nəşriyyat Azərbaycanın ədəbi və elmi nailiyyətlərini dünyada tanıtmaq üçün
yerli müəlliflərin əsərlərinin ingilis dilinə tərcüməsi və nəşrini təşkil edir.
Lakin bu günlərdə "Əli və Nino” kitab evinin direktoru Nigar Köçərlinin
açıqlamaları nazir oğlunun da atasının estafetini davam etdirərək inhisarçı
siyasət yürütdüyünü təsdiqləmiş oldu.
"Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli fevralın 12-də fövqəladə
hallar naziri Kəmaləddin Heydərova ünvanlanmış video müraciət yayıb.
Sahibkar xanım müraciətində bildirib ki, Kəmaləddin Heydərovun oğlu Tale Heydərov
onun işinə mane olur, mağazalarını ticarət mərkəzlərindən çıxartdırıb, öz kitab
şəbəkəsini yerləşdirmək istəyir.
Tale Heydərovun sahibi olduğu bildirilən "LİBRAFF” kitab mağazaları şəbəkəsinin
yaydığı açıqlamada isə N.Köçərlinin ittihamları rədd edilir.
Lakin N.Köçərlinin dükanları doğurdan da 4 ildir bağlana-bağlana gedir. "Əli və
Nino” sahibi təzyiqlərin hansı səmtdən gəldiyini nişan verməklə əslində,
sensasion bir fakt açıqlamayıb. Heydərovlar illərdir ki, Azərbaycanda
monopoliyanın "xaç atası”na çevriliblər.
"Gilan holdinq”in fəaliyyət spektrləri, Qəbələdən Lənkərana, Zaqataladan
Hacıqabula qədər restoranlar, "Qafqaz” otellər, zavodlar, şirə, ağartı məhsulları
istehsal edən müəssisələr bu ailənin biznesinə daxildir. "Gilan Holdinq”in tərkibinə
daxil olan şirkətlər bunlardır:
– Tikinti materiallarının istehsalı zavodları
– «Gilan İnşaat»;
– Şərab istehsal edən AGRO-AZERINVEST,
– Qəbələ Konserv Zavodu,
– Qəbələ Fındıq Emalı Zavodu,
– «Jalə» suları,
– Qəbələ Süd Emalı Zavodu,
– spirtli içkilər zavodu,
– dəri emalı zavodu,
– tikiş fabrikləri,
– dəyirmanlar
– "Qəbələ”, "Qafqaz” və "Gilan” hotelləri,
– «İpək yolu» və «Dəniz» restoranları
Ona görə də N.Köçərlinin kitab monopoliyasında Heydərovlarla axıra qədər kəllə-kəlləyə
gələ biləcəyinə ümid yoxdur. Çünki nazir oğlunun biznesi Avropaya qədər uzanır.
«Caspian Sea Caviar» və…
"United Enterprises International» şirkətlər qrupunun veb səhifəsində Tale Heydərov
və qardaşı Nicat Heydərovdan söz açılır.
Britaniyada şirkət reyestrindən əldə edilən sənədlərdə göstərilir ki, Tale və
Nicat Heydərovlar şirkətdə təkcə təyinatlı vəzifə tutmurlar.
Həmçinin hər biri 5 min funt (təqribən 6400 manat) dəyərində aksiya sahibi kimi
şirkətin sahibliyini bölüşür.
Səhifədə qeyd olunur ki, holdinqin Azərbaycanda, İngiltərədə və Almaniyada
ofisləri var. Söhbət «Caspian Sea Caviar» şirkətindən gedir.
Onun direktoru olan Şahin Neməti elə «United Enterprises International»ın da
direktorudur. «Caspian Sea Caviar» şirkətinin internet saytında on-line kürü
mağazası da var.
Burada ağbalıq kürüsünün 1.8 kiloqramı 13770 avroya satılır. Bundan əlavə şirkətin
Almaniyanın Düsseldorf şəhərində kürü satışını həyata keçirən butiki var.
«United Enterprises International»ın saytında qeyd olunur ki, «Jalə» şirələri
Azərbaycanda «Gilan Holdinq» tərəfindən istehsal edilir.
Əslində, Tale Heydərovun «United Enterprises International» şirkəti həm də
«Gilan Holdinq»in beynəlxalq distribyutorudur.
Amma şirkətlər arasındakı əlaqə təkcə bununla kifayətlənmir. UİEnin Bakı ofisi
ile Gilan Holdinqin əlaqə telefonu da eynidir.
Məlumata görə, Jalə şirələri artıq Almaniya bazarına çıxarılır və yaxın
vaxtlarda İngiltərədə də satışa hazırlanır.
«United Enterprises International»a daxil olan digər şirkətlər əsasən Böyük
Britaniyada fəaliyyətlə məşğuldur.
Bunlar «Azerbaijan Carpets» – (Azərbaycan xalçaları), «Turquoise Media Company»
– (Turkuaz Media Kompaniyası), «Alten Group» turizm şirkəti, Azərbaycan
restoranları və başqa səhmdar cəmiyyətləridir.
Bütün bunlardan çıxan nəticə budur ki, nazir özünə, şöhrətinə və şəxsi keyfiyyətlərinin
el arasında piarına resurslarını sərf edir. FHN rəhbəri olduqca ağıllı,
dünyagörüşlü və siyasətdə püxtələşmiş məmurdur.
Bir müddət əvvəl Türkiyənin baş naziri Binəli Yıldırımın Rusiya prezidenti
Putin ilə Ərdoğanın barışmasında Heydərovun da vasitəçiliyini etməsini
qabartması bir çox mətləblərə işarə idi.
Bu açıqlama həm daxili auditoriyada nazirin nüfuzunu qaldırmış oldu, həm də
iqtidar daxilində bir çaxnaşma yaratdı…
AzEuroNews.com
Ulu Yol Xəbər portalı » Araşdırma » Qafqazın “Tramp”ı : “Əli və Nino”ya əl qoyan Heydərovların biznes səltənəti – Araşdırma
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/