Bu şəxslərin maşınları birbaşa duracağa gətiriləcək- Prezident fərmanı
Sürücülük vəsiqəsi və digər müvafiq sənədlər olmadığı
hallarda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaq
və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsi saxlanılması üçün mütləq
birbaşa müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan
duracağına göndəriləcək.
"Qafqazinfo”nun məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu
gün imzaladığı fərmanla qüvvəyə minən "Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb.
İndiyə qədər 3 saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində
aradan qaldırmaq mümkün olduqda, nəqliyyat vasitəsi onu yol hərəkətində
iştirakdan kənarlaşdırmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı əməkdaşının yanında saxlanılıb. Belə səbəb aradan qaldırıldığı barədə
lazımi sənədlər təqdim edildikdən və ya mübahisəli hallar araşdırıldıqdan və ya
pozuntuya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılmış nəqliyyat
vasitəsi sahibinə qaytarılıb. 3 saat ərzində nəqliyyat vasitəsinin saxlanılması
səbəbini yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilib.
Artıq yalnız nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı
barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində
inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin
duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal
sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılacaq. Belə nəqliyyat
vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat
vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində
maddi zərər vurulmuşdursa, onun sahibi qanunla müəyyən edilmiş qaydada məhkəməyə
müraciət edə bilər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxslər aşağıdakı
hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:
- dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə
gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin
qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ
verən digər əsas olmadıqda;
- nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;
- dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;
- dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;
-nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;
- yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda;
- İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə.