Rəsulzadəyə məktub

Salam Əsrimizin Siyavuşu, böyük demokrat, İstiqlalımızın parlaq ulduzu. Bu gün sənin doğum günündür. Bu il həm də cümhuriyyətimizin yubileyidir. Onu daş-daş, kərpic-kərpic quran kişilərin bayramıdır. Müstəqil dövlətimizin bayramı, 100 illiyidır.

Əlimdə 1919-cu ildə çıxan "Azərbaycan” qəzeti var.O qəzeti mənə Şirməmməd Hüseynov verib. Sizin fanatınız, cümhuriyyət dövrünün araşdırmaçısı, bizim müəllimimiz, sizin kimi fədakar bir insan.Mən o qəzeti Şirməmməd müəllimə qaytarmalıydım, amma qaytarmadım, saxtakarlıq elədim. Bəlkə də ona görə qaytarmadım ki, o qəzetdə sizin imzanız var, yubiley məqaləniz var. Böyük Üzeyir Hacıbəylinin, Xəlil İbrahimin imzası var.Onda siz cəmi 1 yaşı olan cümhuriyyətimizi təbrik edirdiz, indi biz 100 yaşı olan cümhuriyyətimizi bayram etmək ərəfəsindəyik. İlimizi də dövlətimizin başçısı Cümhuriyyət ili elan edib.

Maraqlıdır deyilmi? 1918-ci ildən baxanda 2018-ci il necə görünərdisə, 2018-ci ildən baxanda da 1918-ci il o qədər maraqlı görünür. Daha maraqlısı əlimdəki qəzet, sizin o qəzetdəki imzanızdır.Oğluma göstərəndə elə bildi zarafat edirəm, sizin imzanızla çıxan qəzetin anasının əlində ola biləcəyinə inanmadı.Zarafat deyil, axı aradan 100 illik bir çay axır Məhəmməd Əmin kişi. O çayın şırıltısı mənə Girdmançayın şırıltısını xatırladır. Hansı ki, müstəqil cümhuriyyətimiz süqut edəndə və sən ən yaxın silahdaşınla Lahıca sığınanda, o çayın şırıltasında "Əsrimizin Siyavuşu”nu yazmışdın. Orda göstərmişdin ki, 23 ay ərzində bu gənc dövlət hansı gərəkli işlərə imza atıb, hansı məhrumiyyətlərdən keçib?!

 

Əlimdəki qəzetdə yubiley məqalənizdə də belə bir məqam var."Hər nasılsa növzadımız bir yaşına çatdı.Bundan 6 ay əvvəl Azərbaycan Məclisi-Məbusanının açıldığı gün- bir kərə yüksələn bayraq bir daha enməz -demişdim. İçində bulunduğumuz zaman o qədər müşkül və o qədər pərxof idi ki, yüksəltdiyimiz bayrağı pək də yüksəkliyə qaldırmayır, onu yalnız parlaman binasına münhəsir etdirib də"müdara” göstərmək məcburiyyətində qalıyorduq. Bu məcburiyyətdənmüntəsir olan bəzi bədbinlər, hanı yaaa, bir kərə yüksələn bayraq bir daha endiriləməz diyorduz” diyordular. İştə qoy bugünkü gün milli bayraqlara boyanmış Azərbaycan paytaxtı o kibi bədbinlərin qəlbini təsfiyə etsin”.Milli bayraqlara boyanmış 1919-cu ilin Bakısını görməyi bütün qəlbimlə necə istərdim bir bilsəniz böyük Öndər. Azərbaycan İstiqlaliyyətinin bir sənəliyi münasibətilə "Dardanel lokantası”nda bu şərəfə badə qaldırar, Sizə ürəkdən təşəkkür edərdim. Amma mümkünsüz. O əsrə, o illərə, Dardanel adlı lokantaya getmək Dardanel boğazına getmək qədər asan olsaydı nə dərdimiz vardı ki?Hər şey sizin həyatınız, ömür yolunuz, yaşadığınız ictimai-siyasi şərait qədər çətindir. Amma əminəm ki, qətiyyən peşiman deyilsiz. Ondan da əminəm ki, bir də doğulsaydınız yenə də belə mübariz, millətini sevən, bayrağını sevən, istiqlal mücahidi olardız.

Bu məktubu ad günün münasibətilə yazdım. Ad günündə giley-güzar etməzlər. Zatən ilimiz Cümhuriyyət ilidir.Gözləyirik ki, mayın 28-nə kimi xatirəniz ən yüksək səviyyədə anılacaq, bəlkə də şəhərin ən görkəmli yerində heykəlin ucaldılacaq, adını Bakı Dövlət Universitetinə qaytaracaqlar. Kim bilir bəlkə məzarını da gətirdilər Bakıya.Heykəlinin başına torba keçirən millətindən, haqqında hərzə-hədyan danışan naqiflərdən-nacinslərdən ürəyin sınıbmı görəsən? İnanmıram. Sənin durduğun ucalıqdan bunlar o qədər xırda, o qədər kiçik görünür ki...Böyük amallar uğrunda vuruşanlar isə kiçik məsələlərlə uğraşmaz.

Əminəm ki, Azərbaycan təkcə doğulduğun yer deyil, Azərbaycan həm də sən DOĞDUĞUN yerdir.O sənin balandır.Balanı isə bütün ərköyünlüklərinə, kötülüklərinə, yamanlarına rəğmən yenə də sevərlər.Sevgin həmişə dərin olsun böyük Məhəmməd Əmin. 134 yaşın mübarək.


Ləman Ələşrəfqızı,Əməkdar jurnalist


Gununsesi.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300