Azərbaycan Respublikasının Prezidenti 2018-ci ili Xalq Cümhuriyyəti ili elan edib. Cümhuriyyət ilində, Məhəmməd Əmin Rəsulzadənin doğum günü ərəfəsində ağsaqqal jurnalist Şirməmməd Hüseynov "Yeni Müsavat”a öndərin 1917-ci ildə qələmə aldığı maraqlı yazısını təqdim edib. Məqalə Rəsulzadənin yazı stilinə toxunmadan təqdim edilir.

***

Cümhuriyyət

Məclisi-Müəssisan yığışdıqda Rusiya məmləkəti üçün hanki üsuli-idarəni qəbul edəcək?

İştə, bu gün əfkari-amməni düşündürən bir məsələ. Bu məsələnin qəti cavabını əlbəttə ki, Məclisi-Müəssisan özü verə biləcəkdir. Fəqət əhvalın nə yolda cərəyan etdigini və xəlq əfkarının nə mərkəzdə dolandığını görərək bu xüsusda imdidən dəxi bir taqım təxminlərdə bulunmaq mümkündür.

Bilməlidir ki, cümhuriyyət əsası ta əskidən bəri Rusiyada demokratik və sosialist firqələrin qırmızı bayraqlarında yazılmış bir şüar idi. Bu gün o bayraqlar kəmali-hürriyyətlə ortaya çıxmış, üzərində "Var olsun cümhuriyyəti-ənam!” şüarı yazılmışdır.

İstibdadın əvvəlinci günlərində öylə təsəvvür olunuyordu ki, bu şüar ancaq əmələ qismini, demokratiyanı ruhlandırar və bayraq altına yalnız sosialistlər toplaşarlar. Fəqət ildırım sürətilə gedən günlər əsrdidə binaları alt-üst eləyən il əhəmiyyətli saətlər keçdikcə monarxiya əsasına yanaşan məhfillərin yıxıldığı meydanə çıxmışdır. Degil, əmələ vəkilləri şurası, sosial-demokratlar, sosialist-revolyusionerlər, məşrutiyyətli padşah tərəfdarı olduğunu bildirmişdir. Güman olunuyordu ki, ordu bəlkə əski ənənəsinə mərbut qalıb da yeni bir tacdar istəsin. Fəqət ordu naminə cümhuriyyət əsası aşkara elan olunmuyorsa da, bu əsası elan edənlərə qarşı heç bir növlə narazılıq da göstərmiyor. Biləks, əmələ vəkillər şurası ilə soldat vəkillər şurası arasında sıx bir rabitə və əlaqə mövcud olduğu hiss olunuyor.

Rusiya çarizmi nə çürük bir zəmin üstündə dayanıyor, nə özəksiz bir qoz təşkil ediyormuş ki, ən şiddətli tərəfdarları belə bu gün "monarxizmə” yanaşmaq istəmiyorlar. Tanrının "Novoye Vremya”sı belə cümhuriyyəti daha müvafiq hal buluyor.

Nədir bu əqlləri heyran buraxan inqilab? Əvət, bu böyük inqilabdır. Fəqət təsəvvür olunduğu kibi gözlənilməz bir şey dəxi degildir.

Əvvəlcə tərəqqipərvər rus cəmaət xadimləri arasında məşrutiyyətli padşah fikri qüvvətli idisə, səbəbi o idi ki, sülaləni yıxmaq, padşahı taxtdan salmaq müşkül olduğunu bilir, daha yaxın və daha müvafiq bir yol olmaq üzrə ancaq məsuliyyətli vəzarətə qane oluyorlardı.

"Ədu şod səbəb xeyr əgər xuda xahəd”*. Əgər Nikolay bir az əqilli olsa, əgər müqəddərati-hökuməti Rasputin kibi şöhrətpərəst bir dərbədərin əlinə verib də, Protopoviç kibi bir macəraçıya tapşırmasa idi, məmləkət nümayəndələrinin yalvara-yaxara istədiklərinə əməl etsəydi, heç şübhəsiz ki, yerində qalacaq, işlər bu şəkildə bitməyəcəkdi.

Fəqət:

"Gələndə çün qəza quş damı görəməz,

Gözünü kor edər, əncamı görəməz".

Rusiya cümhuriyyəti haman o zaman təmin olunmuş idi. Tarixi bir zaman keçirdigimiz bu böyük, bu dəhşətli günlərdə səri-hökumətdə "əncamı görəməz” iradəsiz bir çar oturuyordu.

"Nahaq” qandan, "lüzumsuz” həyəcandan qorxan və yalnız buna görə məşrutiyyətli padşah əsasına tərəfdar olanlar üçün artıq təğyiri-məslək etməgə bir hail qalmamışdır.

Əksəriyyət köhnə padşahdan keçə bilmədigi üçün cümhuriyyət istəmiyordu. İmdi köhnəsi yox. Tazə padşah seçəcəginə rəisi-cümhur seçmək daha iyi degilmidir?

Demokrasiya nöqteyi-nəzərindən Rusiyada yaşayan və çarizmin təcavüzkar siyasətinə məruz qalan sinif, silk və millətlər üçün cümhuriyyətdən daha münasib bir üsuli-idarə təsəvvür olunamaz. Fəqət cümhuriyyətdən cümhuriyyətə də fərq var. Cümhuriyyət öylə əsaslar üzərinə qurula bilər ki, yenə ənamın məhkum millətlərin hüququnu tamamilə təmin etməyib xəlqin mümtaz qismi mənafeinə uydurulsun, biistilah cümhuriyyəti-xass olsun. Ola da bilər ki, bu gün müvəqqəti hökumət tərəfindən elan olunan əsaslar üzərinə ümumi, müsavi, gizli və doğru surətdə icra olunan seçkilərin iqtiza elədigi hürriyyətlərə bina olunub amməyi-xəlqin (ənamın) mənafeini gözətsin, qanun nəzərində xassi-əvam görməyib cümhuriyyəti-ənam şəklini alsın.

Məhkum sinif və millət gözü ilə baxıldıqda işıqlı istibdad qarasından, məşrutiyyət işıqlı istibdaddan: cümhuriyyət məşrutiyyətdən, cümhuriyyəti-ənam da cümhuriyyəti-xasdan daha faidəli və daha müvafiq məramdır.

Fəqət Rusiya bugünkü dərəcəyi təməddün və tərəqqisi ilə cümhuriyyətlə idarə olunacaq bir halə gəlmişmidir. Dünyanın ən böyük istibdadını, ən kiçik bir zərbə ilə devirən bir cəmaətin özünü idarəyə hazır olub-olmadığı həqqində şübhələnmək insafsızlığın ən böyügüdür. Rusiya xəlqi o dərəcəyə gəlmişdir ki, istədigi üsuli-idarəni qura bilsin, istərsə cümhuriyyəti-ənam da paydar edə bilər.

Var olsun cümhuriyyəti-ənam!

M.Ə.Rəsulzadə

"Açıq söz”, 17 mart 1917, №426

Cümhuriyyəti-ənam - xalq cümhuriyyəti

Mərbut - bağlı

Dərbədər - avara

Hail - maneə

P.S. Məqaləni redaksiyaya Şirməmməd Hüseynov təqdim edib.

"Yeni Müsavat”

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300