134 ildir işığı sönməyən Kişi

 

 

Yanvarın 31-i istiqlalımızın memarı Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. 134 il öncə bu soyuq yanvar günlərində cahana Məhəmməd Əmin Rəsulzadə ad-soyadlı daha bir işıqlı İNSAN gəldi. Hələ də o işıqdan faydalanırıq. Ən azı, doğru yol göstərən mayak kimi. Hər şeyin maddi çıxarlar üzərində qurulduğu zəmanəmizdə, üstəlik, heç bir əlavə "vergi”-zad ödəmədən, yəni təmənnasız yararlanırıq.

Günəşin üzəri qara buludlarla örtülməklə işığı azalmaz sözsüz ki. Həm də hamıya o, işıq saçar - pisə də, yaxşıya da, iman adamına da, ateistə-kafirə də, namuslu-qeyrətli insana da, nadürüst və alçağa da, oğrusu-banditinə də. Rəsulzadə işığı da elə. 134 ildir cismən görünməsə də, işığı hələ də gəlir, nurundan hamıya, o cümlədən ona dodaq büzüb daş atmaq istəyənlərə də pay düşür bu böyük insandan.

*****

Deyirlər, dünyasını dəyişən insandan yaxşı söz və bir də səs qalır. Əlavə edək: həm də nur qalır. Təbii ki, hər kəsdən yox, söhbət Rəsulzadə kimi seçilmişlərdən gedir...

Ola bilsin, öndəri dəyərləndirmək bizə düşməz. Amma nurundan 100 faiz düşər! Həm də təkcə bizə yox...

Siyasətçi, mütəfəkkir, alim, tarixçi, publisist, mühərrir, araşdırmaçı, jurnalist, Allahın sadiq və mömin bəndəsi, islam Şərqində ilk demokratik respublikanın banisi, Azərbaycan adına ilk dəfə siyasi don biçib ona XX əsr dünya xəritəsində dövlət statusu qazandıran, ilk dəfə üçrəngli bayrağımızı qaldıran, sadəcə, sadə və dahi, böyük insan!

*****

Allah ona, peyğəmbərlər xaric, təkcə bir bəndədə maksimum təcəlli edə biləcəyi məcmu keyfiyyətləri cəm eləmişdi. Bədxərclik eləmədi, boşuna işlətmədi bu özəlliyini, üstünlüklərini. Bir övliya missiyası daşıdı sanki, bir övliya ömrü yaşadı və xalqa heç vaxt unudulmayacaq misilsiz faydaları dəydi. Əsrlər boyu işimizə yarayacaq bir irs, nəsillərə örnək qoydu öz bənzərsiz, təkrarsız həyat və fəaliyyəti, yaradıcılığı ilə.

Ən əvvəl canından çox istədiyi xalqının xoşbəxtliyi yolunda xərclədi ilahidən gələn vergini, talantı. Doğrudur, özünün etiraf elədiyi kimi, silahdaşları ilə birgə qurduğu cümhuriyyətdə 23 ayda elə çox şeyə müvəffəq olmadı. Fəqət, bacardığını etdi. Hətta bundan artığını yapdı: kişi kimi, vicdanla, kimsəyə minnət qoymadan, heç bir qarşılıq gözləmədən - nə maddi, nə də mənəvi planda.

Özünün dediyi kimi, xalqa heç olmasa azca AZADLIQ dadızdırdı. Həmin bu azacıq azadlıqdan ötrü isə şəxsi xoşbəxtliyindən və rahatlığından, ailəsindən, əziz-xələf övladları və ciyərparalarından, sevdiklərindən belə keçdi, sürgünü miskin həyatdan üstün tutdu, lakin əqidəsinə dönük çıxmadı o iradəcə möhkəm və nəhəng insan. Azdımı?

*****

Gerçəkdən də hər şeyə ən dəqiq qiyməti zaman, tarix verir. Sadəcə, bir az gözləmək gərəkdir. 70 il tarix üçün nədir ki. Gözləməyin ilahi dərgahda adı isə səbirdir. Allah səbirliləri sevər. Rəsulzadəni də sevirdi. Əks halda, xalqın sevimlisi eləməzdi ki...

Könül istərdi ki, Cümhuriyyətin 100 illiyinədək onun nəşi son nəfəsində 3 dəfə adını söylədiyi Azərbaycana gətiriləydi, Bakıda abidəsi qoyulaydı - qədirbilən qəlblərdə onsuz da çoxdan abidəsi var. Allaha da, bəndəyə də xoş gedər, bir ziyarətgahımız daha artardı. Həm də necə bir ziyarətgah...

Nə bilmək olar, bəlkə bunlar da olacaq. Hələ 4 ay var. 4 ayda Azərbaycan Xalq Cümhuriyyəti nələr eləmədi. İndiki Respublika - Cümhuriyyətin siyasi varisi də edə bilər. İstək olsa, əlbəttə ki. Çünki Rəsulzadə yalnızca bir öləri bəndə, individ, tanınmış şəxs deyildi. Rəsulzadə hadisə idi, fenomen idi, xalqının istiqlal mücahidi idi, sonuc olaraq istiqlal şəhidi idi!

Belə bir şəxsi, şəxsiyyəti, fenomeni, şəhidi bəyənməmək, Rəsulzadəyə istehza və həqarət eləmək - ən əvvəl insanlığa həqarət eləməkdir! Cümhuriyyətə, xalqa həqarət eləmək, onları ələ salmaq, bəyənməməkdi! Nəhayət, bağışlanmaz nadanlıq, cahillik və cılızlıqdır, sadəcə, günah və ayıbdır!..

Qəbrin nurla dolsun, işığı hələ də gələn İNSAN!..


Zahid SƏFƏROĞLU, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300