Azərbaycandakı "beyin mərkəzləri” cəmiyyətə nə verir...

 

 

İsgəndər Həmidov: "Qarabağın ”Yol xəritəsi"ni hazırlayıb iki dəfə hökumətə təqdim etmişik"

Azərbaycanda indiyə qədər "Beyin mərkəzi” funksiyasını oynayan çoxsaylı təşkilatlar yaradılıb, uzun müddət fəaliyyət göstərib. Hazırda bu tipli qurumlar var. Amma onlardan bəziləri ya zəif fəaliyyət göstərir, ya da fəaliyyətlərini dayandırıblar. Artıq bu tipli mərkəzlər yenidən gündəmə gəlib və fəaliyyətlərini bərpa etməyə başlayıblar.

Son olaraq, politoloq Eldar Namazovun 1990-cı ildə yaratdığı və bir müddətdən sonra fəaliyyətini dayandıran Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzi fəaliyyətini bərpa edib. Bu barədə "Yeni Müsavat”a E.Namazov müsahibəsində deyib.

Bu tipli mərkəzlərin cəmiyyətə nə verdiyi hər zaman müzakirə mövzusudur. Çünki onların fəaliyyətlərində nəinki passivlik var, bir günün içərisində yaranan hər hansı bir siyasi partiya belə bəzən bu mərkəzlərdən daha çox gündəmdədir. Belə qurumların adlarına daha çox seçkilər ərəfəsində rast gəlindiyini də söyləmək olar. Amma o da bir reallıqdır ki, bu mərkəzlərdə ölkənin ən tanınmış, nüfuzlu simaları yer alırlar. İstənilən halda hər bir ölkədə "Beyin mərkəz”lərinin olmasının vacibliyi vurğulanır.

Hazırda belə qurumlardan biri kimi fəaliyyət göstərən, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin rəhbərlik etdiyi Milli Strateji Düşüncə Mərkəzinin üzvü, Milliyyətçi Demokrat Partiyasının ("Boz Qurd”) lideri, sabiq daxili işlər naziri İsgəndər Həmidov deyilənlərlə razı deyil. O, mərkəz olaraq, aktiv fəaliyyət göstərdiklərini qeyd etdi:"Bizim mərkəzin passiv olması barədə deyilən fikirlərlə razı deyiləm. Bu mərkəzdə çox ağıllı insanlar var. Demək olar hər sahədən tanınmış şəxslər burada təmsil olunurlar. Bizim işimiz özümüzü xalqa təqdim etmək deyil, ölkənin daxili və xaricində gedən prosesləri analiz edib, düzgün nəticə çıxarıb, sənədlər hazırlayıb həm siyasi partiyalara, həm də hakimiyyətə təqdim etməkdir. Bizim hər həftə yığıncağımız olur. İsa Qəmbər mərkəzin rəhbəri kimi də kifayət qədər aktiv fəaliyyət göstərir. Bizim mərkəz tipində olan qurumların fəaliyyəti ona görə nəzərə çarpmır ki, onlar özlərini xalqa təqdim etmək üçün fəaliyyət aparırlar. Bizdə ardıcıllıq daha çoxdur. Bizim fəaliyyətimizin xalqın içərisində tanınmadığı barədə də fikirlərlə razı deyiləm. Tanınmağımıza ehtiyac da görmürəm. Çünki mərkəzdə təmsil olunan hər kəs kifayət qədər tanınır. Qarabağın ”Yol xəritəsi"ni hazırlayıb iki dəfə hökumətə təqdim etmişik. İqtisadi böhrandan çıxış yollarını da hazırlayıb təqdim etdik. Xarici siyasətdə nələri etməklə bağlı da sənədlər hazırladıq. Fəaliyyətimiz kifayət qədər aktivdir. Bizim nə telekanalımız, nə də mətbuatımız yoxdur ki, fəaliyyətimizi işıqlandırsın. Bir saytımız var, o da hələ fəaliyyətə başlamayıb. Başlayandan sonra yəqin ki, kifayət qədər insan fəaliyyətimizlə tanış olacaq. Biz ən gözəl təhlilimizi Azərbaycandakı dərsliklərlə bağlı apardıq. Təəssüf ki, dərsliklərin indiki durumu çox acınacaqlıdır. Ölkəmizdə getdikcə Azərbaycan dilində siniflərin sayı azalır, amma rus dilində çoxalır. Xarici dilləri də bilmək vacibdir. Amma ana dilimizdə siniflərin sayının azalması çox dəhşətlidir. Biz qarşımıza o məqsədi qoymamışıq ki, siyasi partiyalar birləşsinlər. Çünki mərkəzdə kifayət qədər siyasi partiyaların təmsilçiləri var. Sözsüz ki, bütün siyasi partiyalar bir yerə yığılsa, daha möhtəşəm olardı. Amma indi hərənin öz siyasi proqramı var, buna görə kimisə günahlandırmaq doğru olmazdı. Hər kəs öz siyasi proqramına uyğun hərəkət edir. Müxtəlif fikirlər, müzakirələr əsl həqiqətləri ortaya çıxarır. Biz də həqiqəti bilmək istəyirik".

İ.Həmidov MSDM olaraq, fəaliyyət göstərdikləri müddət ərzində əsl məqsədlərinə çatmadıqlarını da söylədi:"Yerində saymağın özü də gerilikdir. Əgər bir insan təşkilatının və özünün fəaliyyətinə uyğun olaraq, məqsədinə çatdığını düşünürsə, bu gerilikdir. İnsan özünə tənqidi yanaşmalıdır. Biz də fəaliyyətimizdə özümüzə tənqidlə yanaşırıq. Biz deyə bilmərik ki, istədiyimizə nail olmuşuq. Haradasa 60-70% məqsədimizə çatmışıq. Bu da bizim üçün hələ ki məqbuldur. Bu il seçkidir, çoxşaxəli il olacaq. Ona görə ehtiyatlı davranış lazımdır. Kim ki özündən razıdır, artıq o şəxs ağır ”xəstəliyə" düçar olub. Bizim ən böyük bədbəxtliyimiz odur ki, hamı özündən razıdır. Açığı, mən bizim mərkəz tipli qurumların yalnız siyasi "beyin mərkəzləri” olmasının əleyhinəyəm. Hərtərəfli olmalıdır. Çünki onsuz da nəyə əlini qoyursansa, sonunda siyasətlə əlaqəsi olur. Bu baxımdan siyasi düşüncələr bizdən kənar deyil".

Cavanşir ABBASLI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300