Siqaretim yana-yana...

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna görə, artıq bəzi yerlərdə sadəcə, siqaret deyil, bütün tütün məmulatlarının (qəlyan və elektron siqaret də daxil olmaqla) çəkilməsi qadağandır. Çünki bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur. İnzibati Xətalar Məcəlləsinin hazırda qüvvədə olan 212-ci maddəsi isə sadəcə siqaretin adını çəkir. Qapalı yerlərdə siqaret çəkilməsi ilə bağlı hüquqi məsuliyyət artıq qüvvədədir.

Bura qədər hər şey aydındır və bizi də sevindirir. Çünki azyaşlı uşaqlarımızla getdiyimiz kafe-restoranlarda sağı-solu dumanlı bir auraya çevirən, yeyib-içdiklərimizi zəhrimar edənlərə bir növ qırmızı işıq yandırılıb. "Qardaşımsan, zəhmət olmasa o tüstünü bir az sağ tərəfə....”, "Ay dayı, mümkündümü uşaqlar olan tərəfdə çəkməyəsiz?”

Bu cümlələr dilimizin əzbəri olmuşdu az qala. Hər dəfə hansısa restorana, kafeyə gedəndə mütləq xoşagəlməz bir durum yaranacağını bilərək, ayaqlarımız geri gedə-gedə irəliləyirdik. Qanunlara və cərimələrə inansaq, bu məşəqqət bitməlidir. Amma pessimistliyimi qoruyuram. Niyə?

Çünki birincisi bura Azərbaycandır. Əylənməyə, yeyib-içməyə gələnlər üçün siqaret az qala dərman kimidir. Hansı biri bu soyuqda, 5 dəqiqədən bir qapıya çıxıb siqaret çəkmək istəyəcək ki? Özlərinin məntiqi ilə desək, "iştahları qaçacaq axı”. Bu da siqaret istifadəçilərinin lətifə kimi bəhanələridir: siqaret çəkmədən yemək yeyə bilmirəm. Siqaret çəkməyəndə əlim əsir. Və sair və ilaxır. Heç kəsin seçimi ilə işim yoxdur. Mənim sağlamlığıma qəsd etmədikləri müddətcə təbii ki.

Amma mənə maraqlıdır, bu qadağanın tənzimləyiciləri kimlərdir? Hər məkanın qabağında siqaret qadağasına necə riayət olunduğuna nəzarət edən görəvlilərmi var? Qadağanın pozulduğunu görən kimi pul cəzasını həm müştəridən, həm də müəssisə rəhbərindən alan hansısa qurumun nümayəndələrimi təyin edilib? Demək ki, yenə məsələ vicdanlara qalıb da. Bir də kim nə qədər arxalıdır və ya deyil. Yəni "adamı olan” üçün o yasağı aradan qaldırmaq da asandır.

Bəs məqsəd nədir qanunla kəllə-kəlləyə gəlməkdə? Təbii ki, müştəri itirməmək. İllah ki, müştəri itirməmək üçün bu və ya digər üsullarla siqaret qadağasını nəzərə almayanlar olacaq. Biri siqaret çəkənlər üçün xüsusi kabinetlər düzəldəcək, bir başqası restoranın görünməyən guşəsində onlara yer edəcək. Beləcə, siqaret çəkən müştəri də "əyləncəsinə zəhər qatmamaq” üçün onunçün "fədakarlıq” edən məkanı seçəcək. Bütün hallarda haqsız rəqabət qalib gələcək.

Bu da bir faktdır ki, yasağa hərfbəhərf əməl olunsa, ölkədə açıq qalan restoran qalmayacaq. Müştəri gəlməyəcək, onlar da bir müddət sonra iflas etmək məcburiyyətində qalacaqlar. Axı belə məkanların əsas, gəlir gətirən müştəriləri Sezar salatı yeyib, meyvə şirəsi içən, il uzunu dietada olan qadınlar deyil. Necə deyərlər, yeyib-içən, yedikcə yeyən, içdikcə içən, qabarıq hesabları bir göz qırpımında ödəyən, bu zaman da zövqünə zərrə qədər xələl gəlməsini istəməyən müştərilərdən söhbət gedir. Təbii ki, onlar da bir siqaretə görə 40 manat cərimə ödəmək istəməyəcəklər. O zaman nə? Dərə xəlvət tülkü bəy...

Halbuki "Siqaret çəkməsəm nəfəsim kəsilər” deyənlərin ölkə xaricinə çıxan kimi bu qadağaya necə quzu kimi əməl etməsini gözlərimlə görmüşəm. Hazırda Amerikada səfərdəyəm, bura Frankfurt üzərindən gəldim. Bakıda aeroportun içində saymazyana siqaret çəkən bir həmvətənimizin Frankfurt aeroportuna çatan kimi siqaret çəkmək üçün nəzərdə tutulan kabinəyə müticəsinə necə yönəldiyini öz gözümlə gördüm. Halbuki eyni kabinədən Heydər Əliyev adına aeroportda da vardı. Sadəcə, qardaş əmin idi ki, kimsə yaxınlaşsa, azərbaycançılığına, ən pis halda isə demaqoqluğuna salacaq.

Söhbət "indi mən siqaret çəkməyib, ölməliyəm?”dən başlayıb, "hamımız azərbaycanlı döyülükmü”də bitəcək. Frankfurt aeroportunda isə alman Hansa bu əsaslandırma keçməyəcək, cəzanı çığırda-çığırda ödədəcəklər. Demək ki, nəymiş? Cəza, qadağa hər yerdə eynidir. Öncə özünüzə, sonra isə yaşadığınız torpaqlara, ölkəyə hörmət edəcəksiz.

Siqaret çəkmək də içki içmək, hətta narkotikdən istifadə etmək kimi insanın fərdi seçimidir. Burdakı önəmli nöqtə başqalarını zəhərləməməkdir. Yoxsa ki, can sizin....

 

Sevinc TELMANQIZI, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300