Tramp Ərdoğandan qisasını saxta soyqırımı tanımaqla ala bilərmi?

 

Elçin Mirzəbəyli: "Bu, Vaşinqtonun bölgədəki maraqlarına uyğun deyil”; Elşən Mustafayev: "Biznesmenlər siyasətçilərdən fərqli düşünürlər, xeyir və ziyanı daha çevik hesablayırlar”

Türkiyə-Amerika arasında münasibətlər gərgin olaraq qalır. Xüsusilə, Ağ Evin sahibi Donald Trampın dünyanı şoka salacaq Qüds qərarından sonra Türkiyənin buna göstərdiyi sərt dirəniş və nəticədə uduşlu tərəf olması, qardaş ölkənin keçirdiyi Afrin əməliyyatında ABŞ-ın mövqeyi hələ bu gərginliyin uzun çəkəcəyini deməyə əsas verir.

Bütün bunlar bir məsələni gündəmə gətirib. Bu da qondarma "erməni soyqırımı” ilə bağlıdır. Belə ki, Trampın Türkiyədən qisas almaq üçün aprelin 24-də soyqırımı tanımaq kimi şok qərar verə biləcəyi təhlükəsindən söz açılır. Doğrudur, Ağ Evin sahibi prezidentliyinin ilk ilində bu qərarı verməyib. Lakin Qüds kimi riskli qərarı düşünmədən verən Trampdan hər şeyin gözlənildiyi bildirilir.

Politoloqlar bu ehtimalın yüksək olmadığını deyirlər. Amma istənilən halda Türkiyənin hər şeyə hazırlıqlı olmasının vacibliyi önə çəkilir.

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

 

Politoloq Elçin Mirzəbəyli heç bir halda Trampın bu qərarı verməyəcəyini düşünür:"Türkiyə ilə ABŞ arasında münasibətlərin kəskinləşməsinin bir çox səbəbləri var. Səbəblərdən bir hissəsi hər iki ölkənin dövlət maraqları ilə bağlıdırsa, müəyyən qismi də siyasi hakimiyyətlə əlaqəlidir. Şübhəsiz ki, münasibətlərin kəskinləşməsi müsbət heç nə vəd etmir. Lakin nəzərə almaq lazımdır ki, ABŞ İraq kampaniyasından başlayaraq heç bir məsələdə Türkiyənin maraqlarını nəzərə almayıb. Əksinə, Vaşinqton bacardığı qədər Türkiyənin bölgəyə təsir imkanlarını azaltmağa çalışıb. Türkiyə prezidenti bir neçə gün öncə bunlardan bəzilərinə aydınlıq gətirərək, ”Obama bizi aldatdı" dedi. Amma zənnimcə soyuq müharibədən sonra bütün ABŞ prezidentləri Türkiyəni aldadıb. Yəni soyuq müharibədən sonra ABŞ-ın bölgədəki prioritetləri dəyişib və Obamanın, yaxud Trampın Türkiyəyə qarşı siyasəti subyektiv amillərdən deyil, bu ölkənin dövlət siyasətindən qaynaqlanır. Təbii ki, baş verənlərdə Ankaranın da son illərdə buraxdığı xeyli boşluqlar var. Qonşularla sıfır problem avantürasının yaratdığı boşluqları aradan qaldırmaq üçün xeyli vaxt lazım gələcək. Qüds məsələsinə gəldikdə isə bu məsələdə Türkiyə etirazları təşkil edən ölkə kimi ön sırada olsa da, BMT Baş Assambleyasının qərarı ABŞ-ın Qüds qərarının müttəfiqləri tərəfindən də qəbul olunmadığını göstərdi.

Əslində Qüdslə bağlı qərar siyasi populizmdən başqa bir şey deyil. Sözün və davranışların bütün mənalarında. Qüds qərarı sivilizasiyaların qarşıdurması kontekstində atılan və bu müstəvidə polemikanın sərtləsdirilməsinə xidmət edən bir qərardır. Faktiki olaraq Qüds İsrailin nəzarətindədir. Trampın məhz Qüds məsələsini, yaxud Türkiyə ilə münasibətlərdəki gərginliyi əsas götürərək qondarma erməni soyqırımını tanıyacağını gözləmirəm. Çünki bu dialoq imkanlarının tamamilə məhv edilməsi, körpülərin yandırılması deməkdir. Qondarma soyqırımın tanınması türk xalqını və bütün türk dünyasını qarşıya almaq deməkdir. Digər tərəfdən erməni diasporu prezident seçkilərində Trampa dəstək verməyib və imkan düşən kimi diaspor təmsilçiləri Trampın ünvanına sərt fikirlər səsləndirirlər. Trampın da erməni diasporuna münasibətini ideal hesab etmək olmaz. Tramp qondarma soyqırımı tanımayacaq. Bu Vaşinqtonun bölgədəki maraqlarına uyğun deyil".

Siyasi ekspert Elşən Mustafayev musavat.com ile ilgili görsel sonucu

 

Siyasi ekspert Elşən Mustafayev Amerikanın belə bir qərar qəbul edəcəyi təqdirdə ciddi ziyan çəkəcəyini bildirdi:"Türk silahlı qüvvələrinin ”Zeytun budağı" əməliyyatına başladığı gündən buna ABŞ və Avropa Parlamenti reaksiyalar verməyə başladı. Amma bu reaksiyalarda kəskin notlar yox idi. Doğrudur, Türkiyə bu əməliyyatlara görə qınandı, başqa dövlətin daxilində hərbi əməliyyatlar keçirtməsinin doğru olmadığı bildirildi və s. Amma bu Qərb və ABŞ-ın o qədər də narahat olmadığı anlamına gəlməməlidir. Həmin ərazilərdən Türkiyəyə ciddi təhdidlər olduğunu, buna görə türk ordusunun bütün şərtlər altında bu əməliyyatları sona çatdıracaqlarını yaxşı bilirdilər. Əslində isə ciddi narahatçılıq var. Türkiyə PKK, PYD, YPK kimi terror təşkilatlarının zərərsizləşdirilməsində qərarlı olduğunu bəyan edib. Hətta bu əməliyyatların İraq ərazilərində də keçirilməsinə nail olmaqla öz sərhədi boyunca 20-30 kilometrlik içəriyə doğru təhlükəsizlik zolağı yaradacağı da bildirilir. Əməliyyatlar Afrindən sonra digər ərazilərə keçəcəyi halda daha ciddi gərginliyin olacağı istisna deyil. Ərdoğan sonrakı hədəfin Mənbic olduğunu artıq deyib. Eyni zamanda, ABŞ rəsmiləri də türk silahlı qüvvələrinin əməliyyat aparacağı bir çox ərazilərdə ABŞ silahlı qüvvələrinin olduğunu açıqlayıb. Məsələnin başqa tərəfi də var: Əsəd rejiminə müxalif olan PKK, PYD, YPK silahlıları ağır texnikalarının üzərində ABŞ bayrağı da gəzdirirlər ki, bu da problemlərin ola biləcəyindən xəbər verir. Hesab edirəm ki, Türkiyəyə bu istiqamətdə maneçiliklər ola bilər, amma qondarma "erməni soyqırımı”nın tanınması ilə cavab verilməyəcək.

Xüsusilə Trampın prezidentliyi dövründə bunun olacağını gözləmirəm. Tramp siyasətçi olmaqdan öncə bir biznesmendir. Biznesmenlər siyasətçilərdən fərqli düşünürlər, xeyir və ziyanı daha çevik hesablayırlar. Qondarma soyqırımın tanınması ABŞ-a ciddi ziyan vura bilər ki, sonradan bunun bərpası çox çətin olar. Bu günə kimi ABŞ prezidentlərinin soyqırım ifadəsini işlətmədiyini də unutmamalıyıq. Eyni zamanda unutmaq olmaz ki, Qərbdən və digər dövlətlərdən fərqli olaraq ABŞ-ın Türkiyə ilə münasibətləri bütün sahələrdə çox dərinə işləyib. Türkiyədəki NATO bazalarından tutmuş, ABŞ-ın böyük maliyyə korpasiyalarının fəaliyyətinə qədər ciddi əlaqələr mövcuddur. Türkiyə -Rusiya münasibətlərinin yeni mərhələyə keçdiyi bir vaxtda Türkiyəni daha çox özünə tərəf çəkməkdənsə uzaqlaşdırmaq siyasəti Ağ Evə zərbə vura bilər. Çoxları Trampı gözlənilməz qərarlar verən , nə edəcəyi proqnozlaşdırılmayan bir prezident kimi dəyərləndirirlər. Mən isə fərqli düşünürəm. Baxmayaraq deyirlər ki, siyasətdə gözlənilməz hər şey ola bilər, mən Trampın bu addımı atacağını gözləmirəm. Yox, əgər bu baş verərsə, Tramp özünə ciddi problemlər yaradar. Onsuz da ondan narazı olan kifayət qədər güclər var. Bir də qondarma soyqırımın tanınıb-tanınmamasının Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı apardığı işlərə hər hansı təsiri olmayacaq".

Cavanşir ABBASLI,musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300