4 yaşlı azərbaycanlı vunderkind: 3 dildə oxuyur, yazır, qəliz hesablamalar aparır -REPORTAJ

 

Azərbaycanlı 4 yaşlı Oğuzxan Məmmədli milyonda bir uşağa nəsib olan fitri istedadı ilə əsl vunderkinddir, yəni möcüzə uşaqdır. O, yüksək hafizə, intellekt və istedada malik olmaqla heyrətləndirir və həmyaşıdlarından çox seçilir. Onun bəzi bacarıqları nəinki 4 yaşlı uşağın, hətta böyüklərin belə zehni imkanları xaricindədir.

2 yaşından etibarən Azərbaycan əlifbası ilə sərbəst oxumağı, yazmağı öyrənən Oğuzxan, indi ingilis və rus dillərində yazıb-oxumağı da bacarır. Hətta ingilis dilini də ana dili kimi bilir. Adətən uşaqlar hərfləri I sinifdə öyrənir, tədris ilinin sonunda cümləni hecalayaraq oxumağa başlayırlar. Oğuzxan isə sözləri hecalamadan səlis şəkildə, sanki 10 yaşlı uşaq kimi oxuyur. Səslənişdə isə 4 yaşlı uşağa məxsus şirinlik də öz yerindədir.

Bundan başqa, apardığı riyazi hesablamaları ilə insanları təəccübləndirməyi də bacarır. Məsələn, 4-ü 4-ə vurub, ondan alınan rəqəmləri də milyonlara qədər 4-ə vuraraq hesablaya bilir. Rəqəmləri 10-10, 5-5 artıraraq, birinci sinif şagirdinin belə tanımadığı ədədlərə qədər artırır. Uşaqların 2-ci , 3-cü siniflərdə öyrəndiyi vurma cədvəlini isə əzbər bilir.

Onu da qeyd edək ki, Oğuzxan Məmmədli Azərbaycan Ümid Partiyası sədrinin müavini, Binəqədi Bələdiyyəsinin Yerli Ekologiyalar Daimi Komissiyasının üzvü Tamilla Qulaminin oğludur.

Musavat.com-un reportyor qrupu azərbaycanlı 4 yaşlı vunderkindin istedadını işıqlandırmaq üçün Tamilla Qulaminin evinə baş çəkib.

Evin sonbeşiyi olan Oğuzxan vaxtının çox hissəsini internet resurslarında axtarış etməklə və yeni bir söz, yeni bir bilgi öyrənməklə keçirir. İnsan bu qədər bilgiyə sahib uşaqdan ilk baxışdan böyüklərə məxsus davranış da gözləyir, ancaq Oğuzxan sadəcə 4 yaşlı bir şıltaq uşaqdır. İlk dəfə gördüyü insanlarla çətin ünsiyyətə girir, özünəməxsus görə kaprizləri var. Ona heç nəyi tapşırıqla etdirmək mümkün deyil, yalnız özü istədiyi zaman edir. Oğuzxanın öz bacarıqlarını göstərməsi üçün bizə Tamilla xanım yardımçı olur və onu yönləndirir. Riyazi hesablamalardan zövq alan bu uşaq qənddandakı konfetlərdən tutmuş, içdiyi çayın neçə qurtum olmasına qədər hər şeyi saymağa çalışır. Normalda uşaqlar qabdakı kişmişləri yeməyə çalışsa da, Oğuzxan onları düzərək vərəqin üstündə "2” yazır.

Bundan başqa axdığı cizgi filmlərdəki bütün dialoqları, dinləydiyi uşaq mahnılarındakı bütün sözləri əzbər bilir.

Dil bilgiləri o qədər çoxdur ki, bəzən rus və ingilis dillərini qarışdırır. Anasının fincanı göstərərək verdiyi "bu nədir” sualına, "eto cap” deyə cavab verir və bu hər birimizin gülüşünə səbəb olur.

Oğuzxanın bütün bu dilləri, riyazi hesablamaları, bilgiləri necə öyrənməsinə gəlincə, anası Tamilla Qulami deyir ki, bunun üçün heç bir xüsusi əmək sərf etməyib:"Oğuzxan daha çox öz-özünə öyrənir, heç kim ona xüsusi dərs keçmir. Bacısı ilə aralarındakı yaş fərqi elədir ki, qızım 1-ci sinfə başlayanda, Oğuzxan 1 yaşında idi. Onu qucağımda oturdub qızımın dərslərinə kömək edirdim. Demək olar ki, bu prosesdə bizimlə birgə olurdu. Beləcə oxuyub yazmağa həvəsi artdı. Yaş yarımında artıq hərfləri tanıdığını gördüm. 2 yaşından etibarən internetdə, "Youtube” səhifəsində heç nəyə rastgələ baxmır. Özü yazıb istəyi videonu axtarış verir və ona baxır. Adətən uşaqlara ingilis və rus dilləri öyrədilən videoları izləyir. Son vaxtlar isə fransız dilində rəqəmləri öyrənməyə çalışır”.

Tamilla xanım deyir ki, övladının super zəkaya sahib olması onu nə qədər sevindirsə də, özünə qapalı olması ehtimalı, ünsiyyətə meylli olmaması da bir o qədər narahat edir:"Daha çox sosiallaşması, ünsiyyətə meylli olması üçün bir neçə gündür ki, onu uşaq bağçasına qoymuşam. Ancaq orada da yazıb-oxumağa meyl göstərir. Çalışıram ki, öyrənməkdən çox yaşıdları ilə oyunlar oynamağa üstünlük versin”.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Nərgiz LİFTİYEVA,
Məğrur MƏRD,
Musavat.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300