Təhsilin nə qədər çoxdursa, Azərbaycandan bir o qədər uzaqsan – Beyin axını davam edir

 

Bu günlərdə metroda təsadüfən keçmiş iş yoldaşımla rastlaşdım, o, çox kədərli və qayğılı görünürdü. Sən demə, Bakı Dövlət Universitetinin magistraturasını fərqlənmə ilə bitirən və uğursuz iş axtarışından yorulan yeganə oğlu İlqar Sankt-Peterburqa getməyə hazırlaşır. Orada dostunun kompüter mağazası var, ona texniki məsələlərdən başı çıxan köməkçi lazımdır.

Ata bununla bağlı narhatlıq keçirir – oğlanı milliyyətcə slavyan olmayan əmək miqrantlarına mənfi yanaşılan uzaq yad şəhərə necə göndərsin? Digər tərəfdən, il yarım ərzində İTK üzrə diplomlu mütəxəssis profili üzrə iş tapa bilməyibsə, nə etsin? Mağazada mühafizəçi, restoranda cangüdən, yanacaqdoldurma stansiyalarında operator işi təklif ediblər. Dövlət qurumlarında isə ixtisarlar gözlənilir.

Ailə arasında vəziyyəti müzakirə edən valideynlər, ürəkləri sızıldaya-sızıldaya da olsa, oğullarının qərarı ilə razılaşıblar. Yeri gəlmişkən, oğlanın bir çox dostları vətəndən uzaqda işləyir.

"İşəgötürənlər hazırda xarici diplomu olan mütəxəssisləri işə götürməyi dəb halına gətiriblər. Amma bədbəxtlik ondadır ki, belələrini də rüşvətsiz və "yuxarıdan” zəngsiz qəbul etmirlər. Oğlunun dostu Murad ABŞ-da "menecer” ixtisası üzrə universitet bitirib. Nə olsun? İki il Bakıda iş axtarıb, SOCAR-dan turizm firmasına qədər onlarla şirkətə CV göndərib. Sonra yenə Nyu-Yorka qayıdıb, indi orada mobil telefon satışı ilə məşğuldur. Başqa bir tanışı hüquqşünaslıq təhsili aldığı Almaniyaya geri qayıdıb, taksi sürücüsü kimi işə düzəlib”, deyə keçmiş iş yoldaşım bildirib.

Bu yaxınlarda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov maraqlı fakt göstərib: Azərbaycanın 4,6 mln. əməkqabiliyyətli əhalisinin cəmi 32%-nin ali və ya orta ixtisas təhsili var. Deməli, iqtisadi cəhətdən fəal vətəndaşlarımızın cəmi 20%-ə yaxını ali təhsillidir. Hər iki orta məktəb məzunundan biri təhsili davam etdirməyi, ixtisas və peşə əldə etməyi lazım bilmir.

Müqayisə üçün: Eurostat-ın məlumatına görə, Latviyada 2016-cı ildə ali təhsilli insanların payı ölkənin əməkqabiliyyətli əhalisinin yarısından bir qədər az – təxminən 43% təşkil edib (bu kateqoriyada qadınlar üstünlük təşkil edir – təxminən 56%). Estoniya və Litvada bu göstərici müvafiq olaraq 45% və 58% təşkil edib. Almaniya, Norveç, Finlandiyada diplomlu kadrların faizi daha da yüksəkdir.

Şübhəsiz, Avropalı qonşularla müqayisə Azərbaycanın xeyrinə deyil. Əsaslı bir sual yaranır – niyə 40-dan çox dövlət və özəl ali məktəbi olan ölkəmiz ali təhsilli insanların sayına görə Baltikyanı ölkələrin göstəricilərinə çatmır? Universitetlər əlçatmazdır? Ali məktəb məzunları hara olur?

Son on ildən çoxdur ölkədən 120 minə yaxın ali təhsilli insan gedib. Bu statistikanı Turan-ın müxbiri ilə söhbətində bu mövzu üzrə araşdırma aparan müstəqil iqtisadçı ekspert Azər Mehdiyev təqdim edib. Miqrasiya məlumatlarına görə, sözügedən dövr ərzində ali və ya orta-texniki təhsili olan əməkqabiliyyətli 18-65 yaş arası hər səkkiz sakindən biri respublikamızı tərk edib. 25-34 yaş kateqoriyasında mənzərə daha da acınacaqlıdır: bu qrupda ali məktəb bitirən hər üç mütəxəssisdən biri ölkədən gedib.

Təəccüblü olan başqa bir məsələdir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, milli iqtisadiyyatda 8 min ali məktəb məznunu – mühəndis, baytar, layihəşünas, texnoloq, İT mütəxəssisi çatışmır. Bir neçə il sonra bu rəqəm dəfələrlə yüksələcək.

Mehdiyev qeyd edir ki, diplomlu kadrların ölkədən getməsinin əsasən iki səbəbi var. Birincisi, iqtisadiyyat kifayət qədər inkişaf etməyib, ali məktəb kadrlarının buraxılış tempinə yetişmir. Ölkədə, demək olar ki, tekstil, ayaqqabı sənayesi yoxdur, balıqçılıq, emal sənayesi zəif inkişaf edib. Aqrar sahə və turizm sahəsi son bir neçə ildə inkişaf etməyə başlayıb. İkinci, həlledici amil isə maaşlardır. Əhalinin ən fəal hissəsi – 25-34 yaşlı əməkqabiliyyətli kişilər layiqli əməkhaqqı axtarışında Azərbaycanı tərk edirlər. İkinci yeri 35-49 yaş qrupu tutur.

"Amma daha bir mühüm məqam da diqqəti cəlb edir. Əsasən dövlətin vəsait yatırdığı və guya tələbat olan peşələrin nümayəndələri: mühəndislər, İT mütəxəssisləri, həkimlər, inşaatçılar ölkəni tərk edirlər. Sorğu zamanı ali təhsilli mühacirlərin 50%-dən çoxu ölkəni tərk etməsinin səbəbi kimi iqtisadi səbəbləri göstəriblər. Azərbaycan aylıq 300 dollardan bir qədər çox əməkhaqqı göstəricisi ilə Cənubi Qafqazda sonuncu yerə düşüb, hələ Avropanı demirik. Doğrudur, bu il minimum əməkhaqqı 116 manatdan 130 manata qədər qaldırılıb, müəllimlərin maaşı bir qədər artırılıb. Həkimlərdən heç danışmırıq. Burada ixtisaslaşmış mütəxəssis üçün hansı layiqli əməkhaqqından söhbət gedə bilər?!”, deyə Mehdiyev sual edir.

Sabit İnkişaf Araşdırmalar Mərkəzinin sədri Nəriman Ağayev də bu mövqe ilə razıdır. Onun fikrincə, xarici və ya yerli diplomlu gənc mütəxəssislərin xaricə getməsinin əsas səbəbi əməkhaqqı səviyyəsinin aşağı olmasıdır. Təkcə kadrlar hazırlamaq deyil, onları layiqli əməkhaqqı ilə təmin etmək də vacibdir. Azərbaycanda dəqiq və təbii elmlər üzrə yüzlərlə mütəxəssis çatışmır, çünki daha yüksək əməkhaqqı üçün onlar xaricə işləməyə gedirlər.

"Gənclər ölkədə həyatın yaxşılaşması üçün çox az şey edən hökumətə inanmırlar. Kağız üzərində (BMT hesabatı üçün) hər şey normaldır, inkişaf dinamikası var, amma əslində yoxsulların sayı artır. Buna görə çox sayda Azərbaycanlı təqaüd proqramları, qrantlar, işçi və ya qonaq vizası ilə Qərbə gedir, orada qalır. Onlar vətəndə perspektiv görmürlər”, deyə Ağayev qeyd edir.

Mənbə: Turan İA

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300