AMİP sədrliyinə iki şanslı namizəd

 

Partiyanın yeni rəhbəri Əli Orucov ola bilər 

 

AMİP-in qurultayının vaxtı mart ayının sonlarında bəlli olacaq. Bu barədə AMİP sədrinin səlahiyyətlərini icra edən baş katib Arzuxan Əlizadə məlumat verib. Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin mövcud olduğunu, rayon təşkilatlarında qurultay öncəsi konfransların keçirildiyini və nümayəndələrin seçildiyini deyən A.Əlizadə bildirdi ki, qurultay günü ilə bağlı müzakirələr hələ də davam edir. Çox güman ki, qərar mart ayında veriləcək. Onun sözlərinə görə, bəzi təşkilati və logistik məsələlərin həlli qalıb və onlar həll ediləcək. 

Partiya sədrliyinə namizədlərin olub-olmadığına gəlincə, A.Əlizadə qeyd etdi ki, namizəd irəli sürülməsi mərhələsi hələ başlanmayıb: "AMİP-də yazılmamış qanun var, qurultayın günü barədə qərar veriləndən sonra namizədliklərin irəli sürülməsi ilə bağlı mesajlar verilir. Mərkəzi Şuranın qurultayın keçirilməsi ilə bağlı qərarı olana qədər heç kəs öz namizədliyini irəli sürmür və mətbuat vasitəsilə də bunu demir. Biz bunu ona görə razılaşmışıq ki, namizədliyini vermək istəyən şəxslər bərabər imkanlara malik olsun, kampaniyaya eyni gündə başlasınlar. Namizəd sıravi üzv də, partiya rəhbərliyində təmsil olunan şəxs də ola bilər. Ola bilsin sıravi üzvün mətbuata çıxış üçün bir o qədər imkanı olmasın, bununla da qurultay günü bəlli olandan sonra hər kəs seçkilərə bərabər hüquqlarla qatılır və təbliğat aparır. Hazırda heç kim namizəd olmaq iddiasını ortaya qoymayıb”.   

Baş katib partiyanın lideri Etibar Məmmədovun kimin sədr olması məsələsinə müdaxilə etmədiyini söylədi:"Etibar Məmmədovla konkret olaraq partiya sədrliyinə namizədlərlə bağlı söhbət aparılmayıb. Yalnız ümumi məsələlərlə əlaqədar məsləhətləşmələrimiz olur. Qurultay günü haqda qərar veriləndən sonra Etibar bəyin özünün də məsələ ilə bağlı özəl təklifi, yaxud hansısa namizədə isti münasibəti ola bilər. Bu da onun hüququdur. Etibar Məmmədov sədrlikdən gedəndən sonra partiyamızda bir neçə dəfə sədr seçkisi olub, heç vaxt Etibar bəy hansısa bir namizədi dəstəkləməyib və ya kiminsə üzərində dayanmaqla bağlı fikir ifadə etməyib, heç kimə təzyiq etməyib ki, filankəsə səs verməlisən. Yalnız tövsiyəsi bundan ibarət olub ki, bütün namizədlərə bərabər şərait yaratmaq lazımdır. AMİP lideri hesab edir ki, daha şanslı və partiya daxilində qəbul olunan şəxsin namizəd kimi irəli sürülməsi üçün bütün imkanlar yaradılmalı, kənar müdaxilə olmamalıdır. Biz ölkədə demokratiya qurulmasını istəyiriksə, birinci növbədə özümüz demokratik qaydalara əməl etməliyik və edirik”. 

Qeyd edək ki, 2004-cü ildə Etibar Məmmədovun AMİP sədrliyindən istefa verməsindən sonra AMİP-də 3 dəfə sədr seçkisi olub. E.Məmmədovdan sonra Əli Əliyev, Əli Əliyevdən sonra Ayaz Rüstəmov, Ayaz Rüstəmovdan sonra isə Yusif Bağırzadə AMİP-ə sədr seçilib. 2015-ci ilin oktyabrında Yusif Bağırzadənin qəfil istefasından sonra sədr səlahiyyətlərini müvəqqəti olaraq Arzuxan Əlizadə icra edir. 

AMİP-in növbəti sədrinin kim olacağı barədə də mediada vaxtaşırı ehtimallar irəli sürülür. Daha çox baş katib Arzuxan Əlizadənin və Mərkəzi Şuranın üzvü Əli Orucovun adı sədrliyə şanslı fiqurlar kimi çəkilir.

Etibar Seyidağa

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300