AXC-nin lll Konfransının 2-ci günü də 1-ci gün kimi çox gərgin
şəraitdə keçdi …açıq görünməsə də zalda xeyli silahlı adam vardı.
İsa Qəmbər yazır…
7 yanvar 1990
AXC-nin lll Konfransının 2-ci günü…
zəruri qeyd:
5 yanvar və 6 yanvarda yazdığım statuslar FB-da və bir çox saytlarda
paylaşılıb, bir çox şərhlər yazılıb, əksəriyyət bu statuslarda deyilənləri bəyənib,
həqiqət olduğunu təsdiq edib. Diqqət göstərən hər kəsə təşəkkür edirəm.
Bəzi dostlar bunları mənim memuar yazmağa başlamağım və ya hazırlaşmağım kimi
qiymətləndirib. Belə deyil, bunlar memuar deyil. Sadəcə FB-un "bu gün”
funksiyası mənə belə bir ideya verdi ki, burda yazdığımız və ya oxuduğumuz
statuslar hər il dönümündə qarşımıza çıxır, amma biz axı fb-dan əvvəl də
yaşamışıq, nələrsə etməyə çalışmışıq, nələrisə görmüşük. Bəlkə onları da yada
salaq?!
Ona görə də #Filanıncıilinbugünü haştaqını istifadə etməklə mənim üçün önəmli
olan günləri, hadisələri status şəklində qeyd etmək qərarına gəldim. Və janrın
tələbinə uyğun olaraq yadımda olan hadisələri çox qısa, mümkün qədər qısa
yazmağa çalışıram, yoxsa yaddaşımda həkk olunan bir çox hadisə ayrıca kitaba
yetəcək qədər mürəkkəbdir. Yazmaqla bitməz. Mən burda sadəcə o hadisələri
punktirlə qeyd edirəm.
Əgər yazdıqlarım kimin üçünsə yenilikdirsə, əla!
Kiminsə yaddaşını təzələyirəmsə, bu da gözəl!
Kimsə ya ilhama gəlib, ya da fərqli baxış sərgiləmək istəyib öz yanaşmasını
ortaya qoyacaqsa, bu lap əla!
Hər zaman dediyim kimi, tarixini bilməyən xalq, amneziya xəstəliyinə düçar
olmuş insan kimi onun-bunun əlində oyuncağa çevrilə bilər.
Odur ki, tariximizi yazaq, öyrənək, müzakirə edək!
Nə isə, mətləbə keçək.
AXC-nin lll Konfransının 2-ci günü də 1-ci gün kimi çox gərgin
şəraitdə keçdi. Açıq danışsaq, əslində gerçək bir xaos vardı zalda. Bunun bir
çox səbəbləri vardı, mən ikisini qeyd edim.
Birincisi, o zalda Azərbaycanın ən passionar insanlarının bəlkə 70-80 %-i
toplaşmışdı. Az qala hər biri bir ölkəni, bir bölgəni, bir sahəni idarə etmək
gücündə olan liderlik keyfiyyətlərinə və ya iddialarına malik insanlar idi. Əksəriyyəti
yüzlərlə, bəziləri minlərlə, bəziləri isə onminlərlə insanı təmsil edirdi. Hamı
danışmaq, öz təkliflərini səsləndirmək, proseslərə yön vermək istəyirdi. 70 il
susmağa məcbur edilən xalqın nümayəndələri DANIŞMAQ və EŞİDİLMƏK istəyirdi. Hər
kəs, hətta AXC üzvü olmayanlar da cəbhəni ÖZ təşkilatı hesab edirdi. Geniş
demokratik əsaslarla qurulmuş AXC-nin rəhbərliyi heç kimin söz haqqını boğmaq
istəmirdi. Buna görə də hətta təşkilatın lideri Əbülfəz Elçibəy və konfrans sədrliyinə
seçilmiş ən populyar ziyalılar da toplantını idarə etməyə çətinlik çəkirdilər.
İkincisi, dünən qeyd etdiyim kimi, martda parlament seçkiləri keçiriləcəkdi və
ölkəmizdə müdhiş nüfuz sahibi olan AXC-nin qalib gələcəyi şübhəsiz idi. İflasa
uğramış Sovet kommunist rəhbərliyi və Moskvadan qorxan Azərbaycan rəhbərliyi
bunun qarşısını almağın mümkün yollarını axtarırdılar. Çünki AXC-nin parlamentdə
əksəriyyət əldə etməsi Qarabağın müdafiəsi və Azərbaycanın SSRİ-dən ayrılması
istiqamətində legitim qərarlar və addımlar demək idi. Bu isə SSRİ-nin
parçalnmasını şərtrləndirəcəkdi. Bu real perspektivin qarşısını almaq məqsədi
güdən kommunistlər üçün ən asan yol AXC-ni parçalamaq, eyni zamanda və ən azı
yanlış hədəflərə yönləndirmək idi. Kommunist nomenklatura və KQB həm hərəkatdakı
öz adamları vasitəsilə, həm də hərəkatda, cəbhədə rəhbər mövqe tutmaq üçün hər
cür avantyuraya hazır olan iddialı şəxslərin yanlışları ilə AXC Konfransının
işini pozmağa, toplantının zəruri və gerçəkçi qərarlar qəbul etməsinin
qarşısını almağa, rəhbərliyə ancaq özləri barədə düşünən insanların, təsadüfi
adamların seçilməsinə nail olmağa çalışırdı.
Konfransdakı atmosferi hiss etmək üçün dəyərli ziyalımız Ədalət Tahirzadənin
"Meydan” xronikasını oxumağı tövsiyyə edirəm. O öz gördüklərini və qeydə ala
bildiklərini yazıb. Mən isə yadımda qalanı, prosesin mahiyyətini, əsas trendləri
yazmağa çalışıram.
Zərdüşt Əlizadə başda olmaqla solçular cəbhədən ayrılaraq Sosial Demokrat qrupu
yaratmaq niyyətində idilər və bunu açıq bəyan etdilər. Əslində bir sıra başlıca
məsələlərdə onların yanaşmaları bizim mövqeyə yaxın idi, onlar bizə dəstək versələr
proseslərə intellektual yanaşma, hərəkatı dinc yolla parlament seçkilərində qələbəyə
aparmaq daha rahat olardı. Amma onlar öz yollarını seçdilər. Onların bu qərarı
faktiki olaraq hakimiyyətin cəbhəni parçalamaq, hərəkatı radikallaşdıraraq
repressiyalara yol açmaq planına xidmət etdi. Əlbəttə Zərdüşt Əlizadənin Əbülfəz
Elçibəyə pataloji nifrəti bəlli idi, amma hər halda onların qərarını impulsiv
hesab etmək, hakimiyyətin kursu ilə üst-üstə düşməsini təsadüf kimi qiymətləndirmək
çox çətindir.
"Radikallar”ın fəaliyyəti fərqli idi. Onlar lap əvvəldən
AXC-ni və konfransı nəzarətə götürməyə çalışırdılar. Hətta 20-30 nəfərlik
xüsusi mühafizə dəstəsi təşkil etmişdilər, eyni rəngli (səhv etmirəmsə göy)
kostyum geyinmiş bu dəstəyə Rövşən Cavadov rəhbərlik edirdi. Dəstə Etibar Məmmədova
tabe idi. Təsəvvür edin ki, onlar hətta bizim zala daxil olmaq və zaldan
çıxmağımıza da nəzarət etmək iddiasında idilər. Təbii ki, bu alınmadı, alına da
bilməzdi, bizim nüfuzumuz və bölgələrdən gələn qətiyyətli və fədakar konfrans
nümayəndələrinin sərt mövqeyi bizim toxinulmazlığımızı təmin edirdi.
Zalda dəvət olunmuş və olunmamış xeyli qonaq var idi. Qaragüruhçular da var
idi. Onlardan bəziləri səmimi, bəziləri öz kuratorlarının tapşırığı ilə
"radikallar”la birgə hərəkət edirdi. Atmosferi tam hiss etməyiniz üçün bir
nyuansı da yazım: açıq görünməsə də zalda xeyli silahlı adam vardı. Qarabağdan,
sərhəd bölgələrindən gələnlər bunu nümayiş etdirməsələr də, qaragüruh nümayəndələri
silahlı olduqlarını bəzən hiss etdirməyə çalışırdılar. Bizim tərəfdarlardan bəziləri
də onları dədə-baba qaydasında başa salmağa çalışdılar ki, "liberallar”ı
"intelligent” görüb çox əl-ayaq açmasınlar.
Azərbaycan KP-nın Mərkəzi Komitəsindən də qonaqlar var idi. O dövrdə KP MK-də
kifayət qədər intellektual şəxslər də çalışırdı. Onlardan bir neçəsi- prof.
Rafiq Əliyev, prof. Kamal Abdulla və digərləri AXC Konfransının qonaqları idi.
Onlardan biri konfransın kuluar söhbətlərində fikir mübadiləsindən sonra düşüncəli
bir əhval-ruhiyyə ilə etiraf etdi ki, bizim üçün ən təhlükəli olan siz
"liberallar”ın mövqeyidir. Onları başa düşmək olardı. Çünki bizim mövqeyimiz
AXC-nin rəhbərliyi, elmi idarəetməsi, dinc kütləvi hərəkat vasitəsilə xalqın
tam qələbəsinə yönəlmişdi.
Konfransın ikinci günü biz yeddilərin daha bir neçə nümayəndəsi
çıxış etdi. Onlar mövcud vəziyyəti dəqiq təhlil etməklə, AXC-nin yaxın dövrdə əsas
fəaliyyət istiqamətlərini təqdim etməklə mövqeyimzi daha da güçləndirdilər.
Artıq edə biləcəyimiz etmişdik. Qalanı konfrans iştirakçılarının iradəsinə
qalmışdı. Söhbət ondan getmirdi ki, biz həqiqətləri söyləməklə vicdanımızı
rahatlamışıdq və kənara çəklimək niyyətində idik. Məsələ bu idi ki, biz Qarabağı
qorumaq və müstəqilliyə nail olmaq üçün hansı addımların atıla biləcəyi,
xalqımızı dəyə biləcək zərbələrdən, təhlükələrdən qorumaq üçün isə hansı
addımlardan çəkinmək gərəkdiyini aydın şəkildə ortaya qoymuşduq. Etiraf edim
ki, konfrans öncəsi bir neçə taktiki variant hazırlamışdıq və variantlardan
biri mövqeyimiz qəbul edilməzsə AXC rəhbərliyindən çəkilmək, başqa bir təşkilat
yaratmaq idi. Lakin konfransın gedişində müşahidə etdik ki, qaragüruhçular və
onlardan faydalananlar toplantının demokratik prosedurlar əsasında getməsinə
imkan verməsələr də konfrans nümayəndələrinin əksəriyyəti bizim mövqeyə
üstünlük verir. AXC-nin güclü bölgə təşkilatlarından Zaqatala, Sabirabad, Lənkəran,
İmişli, Göyçay, Qazax, Ağstafa, Xaçmazdan və s. seçilən konfrans nümayəndələri
Arif Hacılı, Qurban Məmmədov, Rahim Nuriyev və bir çox başqaları bizi dəstəklədikərini
bəyan edirdilər və çox fədakarlıqla çalışırlılar ki, konfrans demokratik
prosedurlara uyğun davam etsin. Əksəriyyətin mövqeyinə əsaslanaraq biz AXC-dən
istefa vermədik, sadəcə olaraq bəyan etdik ki, yeni İdarə Heyətinə namizədliyimizi
irəli sürməyəcəyik. Bununla da mübarizəmizin məqsədinin AXC-də rəhbər vəzifə
tutmaq deyil, AXC-nin doğru üsullarla doğru hədəflərə irəliləməsi olduğunu sözdə
deyil, əməldə nümayiş etdirmiş olduq.
Bizim mövqeyimiz və sağlam, necə deyərlər "sort” cəbhəçilərin fəaliyyəti və fədakarlığı
nəticəsində iki önəmli uğur əldə edildi.
Əvvəla, AXC Nizamnaməsinin sərtləşdirilməsinə, təşkilatda və hərəkatda
demokratiyanın məhdudlaşdırılmasına, avtoritarizmin güçlənməsinə yönəlmiş,
"radikallar” və onların hüquqşünas dostları tərəfindən hazırlanıb təqdim
edilmiş iki layihənin qarşısı alındı.
İkincisi, konfransda açıq səsvermə ilə, "basməmmədi” seçkilərin qarşısı alındı.
Konfrans xüsusi qərarla AXC-nin Məsclisinə səlahiyyət verdi ki, İdarə Heyəti 8
yanvarda Məclisin toplantısında gizli səsvermə ilə seçilsin.
Məclsin toplantısı barədə söhbəti isə sabah- 8 yanvar 2018-də edərik…
Yazı Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin facebook səhifəsindən götürülüb
Qeyd: yazının əvvəlini buradan oxuya bilərsiniz:Problemlər kəskinləşdikcə, mövzular böyüdükcə hərəkat rəhbərliyində, AXC İdarə heyətində fikir ayrılıqları artırdı