Bu dəfə sizi Anar, Fikrət Qoca, Cəlil Cavanşir güldürəcək –LƏTİFƏLƏR

 

Uluyol.az kulis.az-a istinadən tanınmış yazıçıların Şaxta Baba ilə Yeni il macəralarını təqdim edir.

 

Polislər küçədə çılpaq Şaxta Babanı saxlayırlar. Deyirlər, ağsaqqal adamsan, bu nə vəziyyətdir, olmaya içmisən?

 

Şaxta Baba:

 

- Yox, a kişi, Yazıçılar Birliyinin "26-lar” kafesindən gəlirəm, bomba diskateka var!

 

***

 

Akademik Tehran Əlişanoğlunun telefonu zəng çalır:

 

- Alo, mənəm, Şaxta Baba, Yeni iliniz mübarək, istəyirəm sizə qonaq gəlim.

 

Tehran müəllim:

 

- Qloballaşan dünya ana dilimizin saflığının qorunmasını tələb edir.

 

Şaxta baba:

 

- Bu nə deməkdir, Tehran müəllim? Mən keçən il də sizə zəng vurmuşdum. Mənimlə çox mehriban danışdınız:

 

Tehran müəllim:

 

- Onda akademik deyildim.

 

***

 

Çingiz Abdullayev Yeni il gecəsi dayanmadan dua edir:

 

- Ay Allah, mənə ayda 8 min manat yetir. Ay Allah mənə ayda 8 min manat yetir. Ay Allah mənə ayda 8 min manat yetir.

 

Allah dözmür:

 

- Çingiz, doroqoy moy, mən etiraz eləmirəm, amma heç olmasa sən də bir kafe tap arendaya ver də!

 

***

 

Bulvarda nəhəng yolkanın altında şəkil çəkdirən Rəşad Məcid Qar qıza deyir:

 

- Gəl səni AYB-yə üzv eləyək.

 

Qar qız:

 

- Axı mən şeir yaza bilmirəm.

 

Rəşad Məcid:

 

- Sən sədaqətli ol yetər, şeiri Qəşəm Nəcəfzadəyə yazdırarıq.

 

***

 

Şaxta Baba Ramiz Rövşəndən soruşur:

 

- Gözəl insan, sənin Yeni il arzuların nədir?

 

Ramiz Rövşən:

 

- Elə et ki, ömür billah göy üzü daş saxlamasın!

 

***

 

Rasim Qaracanınsa Şaxta Babadan Yeni il arzusu bu olub:

 

"Sən Allah elə et ki, göy üzü daş saxlasın, Ramiz Rövşəndən canımız qurtarsın.”

 

***

 

AYB-nin girişində Şaxta Baba ilə rastlaşan İlqar Fəhmi soruşur:

 

- Burda nə işin var?

 

- Gəlmişəm, AYB-yə üzv olum.

 

İlqar Fəhmi hirslənir:

 

- Şaxta Baba hara, AYB hara! Bura sənin üçün kolxozdur bəyəm? Hər yoldan ötəni birliyə üzv edə bilmərik!

 

Şaxta Baba təəccüblə:

 

- Namiq Məna filial rəhbəri ola bilir, Şaxta Baba üzv ola bilmir?

 

***

 

Şərif Ağayar marşrut taksisində Şaxta Babanı görür. Yazıçının ədəbiyyat haqda yarım saatlıq mühazirəsini dinləyən Şaxta Baba söhbəti bitirmək üçün deyir:

 

- Ədəbiyyat ağır məsələdir. Sənin yükün çoxdur. Bir arzunu de. Şaxta Babayam, adım-sanım var, bəlkə yerinə yetirə bildim.

 

- A kişi, nə arzu? Mən "Arzulardan sonrakı şəhər”i yazmışam e. 50 min oxucum var. Bu, sənə yolkanın başına fırlanmaq deyil. Eko deyir ki, ədəbiyyat...

 

Arzusu ürəyində qalan Şaxta Baba saqqalını yolmağa başlayır.

 

***

 

Rüstəm Behrudi Fəvvarələr bağındakı yolkanın yanında dayanmış Şaxta Babanın qulağına nəsə deyir.

 

Şaxta Baba:

 

- Sən o dar ağacına salam verən oğlansan?

 

Rüstəm lovğalanır:

 

- Bəli! Nəydi ki?

 

Şaxta Baba əlini yolkaya uzadır.

 

- Biz qardaşıq. İkimizin də çörəyi ağacdan çıxır.

 

***

 

İntiqam Qasımzadə Şaxta Babaya deyir:

 

- Elə et ki, bütün Azərbaycan torpaqları birləşsin, 50 milyonluq nəhəng ölkə olsun.

 

Şaxta Baba fikrə gedir:

 

- Bu, çox çətindir, başqa bir istəyini de.

 

İntiqam Qasımzadə:

 

- Onda Qarabağ qayıtsın!

 

Şaxta baba:

 

- Açığı, bu da mənə çətin gəlir, keç üçüncüyə.

 

İntiqam Qasımzadə:

 

- Ona elə et ki, nəsə yaza bilim... Nəsr, şeir, tənqidi yazı, məqalə... fərqi yoxdur.

 

Şaxta Baba daha dərindən fikrə gedir:

 

- Qoy o 50 milyonluq ölkə söhbətini bir də düşünüm.

 

***

 

Nazim Əhmədli Yeni ilə on saniyə qalmış Şaxta Babaya "vızıv” atıb "odboy” verir. Şaxta Baba geri zəng edəndə deyir:

 

- Olar sizə təzə şeirimi oxuyum?

 

***

 

Şaxta Baba Tərcümə Mərkəzinə gedir. Afaq Məsud səfərdə olduğu üçün onu Yaşar qəbul edir.

 

- Aşağı temperaturlu təqaüdçü, mərkəzimizə xoş gəlmisiniz!

 

Şaxta Baba çaşır:

 

- Bu nə deməkdir?

 

Yaşar:

 

- "Şaxta Baba” ifadəsi etik səslənmədiyi üçün mərkəzimizin buraxdığı yeni orfoqrafiyada onu "Aşağı temperaturlu təqaüdçü” ifadəsiylə əvəz etmişik.

 

***

 

Şaxta Baba Kənan Hacıya yanaşıb hal-əhval tutur, Kənan Hacı gülümsünərək "Sağ olun, hər şey qaydasındadır” – deyəndə çaşır:

 

- Bağışlayın, elə bildim Kənan Hacısınız!

 

***

 

Şaxta Baba gənc Ömər Xəyyama Yeni il sovqatını yanvarın 31-də çatdırır və təngnəfəs gileylənir:

 

- Yekə kişisən, ya Ömər ol, ya Xəyyam! Tərs kimi şəkildə də saqqalısan, geyimin də belə birtəhərdi. Səni axtara-axtara gedib orta əsrlərə çıxmışam.

 

***

 

Şəhriyar del Gerani:

 

- Şərif, Kulisə "novoqodnı” şeir gətirmişəm.

 

- Ayə, bu ki "İt kimi darıxmaq nə təhər olur” şeiridir. Camaat bayram keçirir, qaramat tökməyək.

 

- Bu elə bayram şeiridir də. Deyirəm axı "novoqodnı” şeirdi. Üzümüzə gələn it ilidi... Üzündən irağ...

 

***

 

Mirmehdi Ağaoğlu Şirazda gəzərkən qəfil Şaxta Babayla rastlaşır. İran kimi ölkədə, əlində qəribə parıldayan çubuq olan Şaxta Baba görmək yazıçını mistikaya inandırır.

 

- Həmişə inanırdım ki, sən həqiqisən. Tez ol, sehrli ağacla sağ əlimə vur. Qoy mən bestseller yazım, hər yazdığım hərf yüz manata satılsın.

 

Şaxta baba ona çəp-çəp baxır:

 

- Birincisi, sağ əlinə vurmağımı başa düşmədim, indi əlyazma yazan yoxdu, seyid. İkincisi, əlimdə ağac var deyə sənə vurmalıyam? Yox bir. Sən də gəl ağzıma tüpür.

 

***

 

Cəlil Cavanşir bulvarda yolkanın yanında dayanmış Şaxta Babanı boynubükük görüb ona yaxınlaşır. Şaxta Baba gileylənir:

 

- Bu il mənim yolkamın başına yığışan olmadı.

 

Cəlil Şaxta Babanı qucaqlayır:

 

- Mənim də təqdimatıma gələn olmadı, ona görə ədəbiyyatdan getdm.

 

Şaxta Baba da ona sarılır:

 

- Can! Can! Bu sol tərəfdə yaxşı bir ucuzxana var, gedək başımızı düzəldək!

 

Cəlil Cavanşir Şaxta Babanı qəfil kənara itələyib ciddiləşir:

 

- Yox! Sola dönmək qadağandır!

 

***

 

Yanvarın 1-i səhər tezdən Fikrət Qoca Anara zəng vurub ona yuxudan oyadır və Yeni ilə aid şeir oxuyur. Şeiri diqqətlə dinləyən Anar deyir:

 

- Maraqlıdır, nəvən yazıb?

 

Fikrət Qoca:

 

- Yox, özüm yazmışam!

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300