Yardımlı sakinləri üç gündür yardım gözləyir. Yox, yox, elə zənn etməyin ki, ərzaqların qiymətlərinin bahalaşdığına və ya dollarla olan kreditlərini ödəyə bilmədikləri üçün yardım qapısının açılmasını istəyirlər. Yardımlı xalqı dözümlü xalqdır, belə "xırda” məsələlərə görə kimsəyə ağız açmazlar. Bu dəfə yardımlılar "Azərişıq” ASC-dən rayona verilən elektik enerjisinin bərpa olunması üçün kömək istəyirlər. 

Yardımlının bir neçə kəndinin sakinlərinin bildirdiklərinə görə üç gündür işıqsız qalıblar, aidiyyəti qurumlardan aldıqları məlumata əsasən hələ bu gün də elektrik enerjisinin verilməsi bərpa olunmayacaq. Necə deyərlər, hələ bu gün də Yardımlıda "şami qəriban gecəsidir”.
 
Bürzünbül kənd sakini Əsədulla Sadıqovdan aldığımız məlumata görə onlara bildirilib ki, Masallı rayonundan Yardımlıya gələn 35 minlik yüksək gərginlikli elektrik xəttində qəza baş verib. Rayonun Zevin kəndinin Bazar adlanan ərazisində bir neçə iri işıq dirəkləri buzlaşma nəticəsində aşıb. Həmin ərazisi əlverişsiz olduğu üçün həmin yerlərə texnika çox çətinliklə girir və bu səbəbdən də rayonda elektirk enerjisinin verilməsində problem yaranıb. İki gün rayonda tamamilə işıq olmayıb, ancaq gecələr rayon mərkəzinə və rayona bitişik kəndə Lerik rayonunun elektrik xəttindən işıq verilib. Bu gün kəndlərə də qısa müddətə olsa belə həmin xəttdən işıq verilib, amma Lerikdən gələn elektrik enerjisi bütün rayonu işıqla təmin etmək imkanında deyil. Aidiyyəti qurumlardan sakinlərə o da bildirilib ki, Şirvan şəhər Elektrik MMC-nin baş direktoru da qəza baş verən ərazidədir.

Xatırladaq ki, belə hadisələr Cənub bölgəsində ilk dəfə deyil ki baş verir. Qar yağan kimi Yardımlıda, Lerikdə və digər cənub rayonlarında elektrik dirəkləri aşır, sıradan çıxır, hətta insan və ev heyvanlarının təlafatı ilə də nəticələnir. Ötən ilin dekabr ayının əvvəlində də Yardımlıya yağan qar nəticəsində 12 elektrik dirəyi aşaraq sıradan çıxmışdı. İşıq idarəsi xətlərin təmir olunması üçün lazımi material göndərsə də işçı qüvvəsi yetərincə olmamışdı. İxtisarlar ucbatından indi 11 kəndə 1 "montyor” ayrılıb. O üzdən də Bilnə və Bürzünbül kəndlərindən 60-a yaxın sakin yığışaraq həmin o  montyorla birlikdə aşmış 12-i elektrik dirəyini yenidən bərpa etməyə müvəffəq olmuşdular. 

Bəs görəsən fəzada peyki belə olan bir ölkədə belə halların baş verməsi nə zamana kimi davam edəcək?

Moderator.az olaraq sualımıza "Azərişıq” ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdən cavab almağa çalışdıq. Təəssüf ki, o, məzuniyyətdə olduğunu səbəb gətirərək cavab verməkdən imtina etdi.  

Qeyd edək ki, ötən il "Azərişıq” ASC- dən məlumat verilmişdi ki, cənub regionu həssas bölgə olduğuna, tez-tez təbiət hadisələrinin baş verdiyinə görə bu bölgədə elektrik enerjisinin təchizatı istiqamətində sürətli yenidənqurma işləri aparılıb. "Azərişıq” ASC-nin 2015-ci il iyul ayının birinə olan məlumatını olduğu kimi təqdim edirik: "Cənub RETSİ üzrə ümumilikdə, 97 Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Onlardan 46-sı elektrik şəbəkələrinə qoşulmuşdur. KTM-ləri quraşdıran zaman yerli iqlim şəraiti də nəzərə alınmışdır. Rütubətin və yağışların daha çox olduğu cənub ərazilərdə bəzi KTM-lər tez çürüyən materiallarla deyil, daşdan tikilmiş mühafizə zolağı ilə əhatələnmiş və ətrafı abadlaşdırılıb. Bu müddət ərzində 4 ədəd 110 kV-luq, 42 ədəd 35 kV-luq,  629 ədəd 6/10 kV-luq, 5306 ədəd 0,4 kV-luq istismar müddətini bitirib və təhlükəli xarakter almış ağac və sınıq-salxaq beton dayaqlar yeni dəmir və dəmir-beton dayaqlarla əvəz edilib. Bir çox yerlərdə yarımstansiyanı qidalandıran və yarımstansiyadan çıxan 35 və 10 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonaları pozulduğundan təbiət hadisələri və qəza baş verdikdə istehlakçıların elektrik təchizatında uzun müddətli fasilələr yaranırdı. Cənub bölgəsində bu cür hadisələrə son qoymaq üçün 1700 metr 35 kV-luq EVX AS 95, 40 805 metr 6/10 kV-luq EVX AS-50, 1215 metr 10 kV-luq kabel XLPE, 89 330 metr 0,4 kV-luq EVX (SİP) yeni elektrik xətləri çəkilərək təhlükəlilik və yarıtmazlıq vəziyyəti aradan qaldırılmışdır. Bundan başqa xeyli sayda KTM, elketrik naqillərində və beton dayaqlarda cari təmir işləri aparılıb, profilaktik tədbirlər görülüb. Vacib olan iki yarımstansiyada da cari təmir işləri həyata keçirilərək işlək vəziyyətin keyfiyyəti qaldırılıb”.  

Buradan da başqa bir sual yaranır ki, əgər "Azərişıq” ASC tərəfindən bütün bu işlər görülübsə, bəs o zaman hansı səbəbdən Yardımlıya pay düşməyib, olmaya Yardımlı Azərbaycanın Cənub bölgəsinə aid deyil? 

Rumiyyə  MİRASLAN

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300