İranda ikinci inqilab: ABŞ xaos ssenarisini işə salır
"İslam dövləti istəmirik!”. İranda Məşhəd və Kirmanşah
başda olmaqla bir sıra şəhərdə iki gün öncə başlanan etiraz aksiyaları davam
edir. İndiyə qədər İranda baş verən və sonradan səngiyən, yaxud yatırılan
aksiyalar müşahidə olunub. Lakin hazırda davam edən aksiyanın hansı şüar
altında başlayaraq, hansı şüarlara qədər gəlib çıxması diqqət çəkir:
Etirazçılar bahalığa, işsizliyə, korrupsiyaya və digər sistemdaxili problemlərə
qarşı küçələrə çıxdılar. Ardınca "Ruhaniyə ölüm!”, "Suriyadan çıxın, bizi
fikirləşin!”, "Qəzza yox, Livan yox, İran üçün!” kimi siyasi şüarları eşidildi.
Nəhayət, "Mollalara ölüm!”, "İslam dövləti istəmirik!” şüarları İran İslam
İnqilabından başlayaraq, 38 il ərzində davam edən ideoloji quruluşun əleyhinə
çevrildi. Aksiyalara bu şüarların fonunda yanaşdıqda İranda "inqilabın”
hazırlandığı fikri önə çıxır, həm də baş verənlərdə "ərəb baharı” ssenarisinin
elementləri də görünür.
"Ərəb baharı” da sosial problemlərdən başlayaraq siyasiləşmişdi və bu gün
Suriyada qlobal mübarizəyə çevrilib. Ərəb ölkələrində aksiyalardakı şüarlarla
İrandakı şüarlar arasında bənzərlik də var: Misirdə insanlar "biz evlənmək istəyirik!”
şüarı altında sosial problemləri gündəmə gətirərək, küçələrə çıxdı və nəticə
etibarilə Mübarək devrildi. İranda da bu gün sosial problemləri əlində bayraq
edərək küçəyə axışanlar bir gün sonra siyasi şüarlar səsləndirildi. Ümumi mənzərədə
İranda "inqilab ssenarisi”nin tətbiq edildiyi ehtimalı böyükdür.
Burada əsas sual isə prosesin arxasında kim(lər)in dayandığıdır. Etirazçıların
qaldırdığı sosial problemlər uydurma deyil, həqiqətən də İranda bahalaşma,
iqtisadi geriləmə, işsizlik mövcuddur və insanların buna etiraz etməsi təbii
qarşılana bilər. Lakin böyük pazlı hissələrə ayırdıqda aksiyaların sadəcə
"acların toxlara qarşı döyüşü”ndən ibarət olduğu fikri legitimliyini itirir.
1. Sosial şüarların siyasi şüarlara çevrilməsi bütün etiraz aksiyalarında
müşahidə olunur. Lakin o da unudulmamalıdır ki, adətən kənardan idarəolunan
aksiyalarda sosial şüarların siyasi şüarlara çevrilməsi sürətlə baş verir.
2. ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdı. Və bu gün
İranda əhali hakimiyyətə qarşı "Qəzzadan əl çək, bizə bax!” tələbi irəli sürür.
İsrail-İran düşmənçiliyi fonunda bu detal təsadüfi ola bilməz.
3. Ən diqqət çəkən məqam isə insanların prezident Həsən Ruhani ilə yanaşı, ali
dini lider Əli Xameneiyinin də istefasını tələb etməsi, "Mollalara ölüm!”,
"İslam dövləti istəmirik!” şüarlarını dilə gətirməsidir. Bu, İslam İnqilabından
sonra İranda bir ilkdir.
Bu detallar aksiyaların "idarəolunan xaos” nəzəriyyəsi əsasında kənardan idarə
edildiyi ehtimalını gücləndirir.
Hesab etmək olar ki, ABŞ-İsrail cütlüyü İranın Fələstinə dəstəyini kəsmək, eləcədə
ümumilikdə Yaxın Şərq siyasətini dəyişdirmək üçün daxildə xaos yaradır. Bunu
kimin əli ilə etdikləri də maraqlıdır. Çünki İran ərəb ölkələrindən fərqli
olaraq daha qapalı ölkədir və bu ölkənin içində hansısa ssenarini tətbiq etmək
çətindir. Mümkündür ki, İranın daxilində ABŞ-İsrail planında yer alan qüvvələr
var. Ehtimal ki, bu qüvvələr islahatçı qanadın tərkibindədir.
Həsən Ruhaninin liderliyində islahatçılar hakimiyyətə gələndən sonra mühafizəkarların
gücü zəiflədi. Bu, ABŞ-ın dələ bilmədiyi İslam İnqilabını daxildən işğalı idi.
Lakin Trampın hakimiyyətə gəlişindən sonra nüvə razılaşmasının təxirə salınması
və anti-İran kampaniyasının başlanması mühafizəkarların anti-ABŞ və anti-İsrail
arqumentlərini gücləndirdi. Nəticədə islahatçıların lideri Ruhani da mühafizəkarların
mövqeyindən çıxış etməyə məcbur oldu. Görünür, ABŞ-İsrail islahatçı qanadın
içindəki qüvvələri hərəkətə gətirərək, Xamenei və Ruhanini devirmək istəyir. Həm
də "İslam dövlətini istəmirik!” şüarı ilə İsrailin ciddi təhdid hesab etdiyi
İslam İnqilabı ideologiyasını arxivə göndərmək niyyətindədir. Donald Trampın
aksiyaları dərhal dəstəkləməsi də təəccüblü deyil.
Təbii ki, aksiyaların sonrakı davamı nəticəyə təsir edəcək, lakin indiki məqamda
etirazçılar nəyəsə nail olmasalar belə, proses artıq başlanmış sayıla bilər.
Asif Nərimanlı, publika.az