Göyçayda vergi müfəttişi ifşa olundu – VİDEO

Sahibkar Naqil Əhmədov Baba oğlu ölkə başçısına müraciət edib.

Vizual.az-ın xəbərinə görə, o, vergi orqanında üzləşdiyi qanunsuzluqların araşdırılmasını istəyir.

Müraciətinə vergi müfəttişinin qanunsuz əməllərini ortaya çıxaran video əlavə edən sahibkar bildirir ki, Göyçayda vergi müfəttişləri mağaza sahiblərinə "qan uddurur”lar.

Müraciətində sahibkar yazır: "Cənab Prezident, mən uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğulam. Xəstəliyimlə əlaqədar fəaliyyətimi dayandırmışam. Mağazanı yaxın qohumum Fərid Arif oğlu Həsrətovun adına keçirmişəm. Bu illər ərzində 9 saylı Ərazi Vergilər İdarəsinin qanunsuz fəaliyyəti ilə üzləşmişəm.

Cənab Prezident sizin sahibkarlığın inkişafı haqda verdiyiniz fərmanlara əməl olunmur, sahibkar incidilir, onun şərəf və ləyaqəti təhqir olunur. 2014-cü ilin sentyabrın 19-da Ramin adlı vergi əməkdaşı mağazaya gələrək verginin qalxdığını bildirdi. Dedi ki, cənab nazirin əmridir.

Ona dedim ki, alver zəifdir və imkan yoxdur. Ramin isə dedi ki, sənə 400 manat cərimə yazıb və xronometraj keçirib vergini qaldıracağam, onda ağlın başına gələcək. 20 sentyabr 2014-cü ildə mənə bildirildi ki, sən bizlə razılaşmadın deyə sənə 400 manat cərimə yazdım və indi də xronometraj aparırıq. Amma mənə hörmət etsən, vergini az yazaram. Onunla razılaşmadım. Sentyabrın 20-22 arası mağazada xronometraj keçirildi. Ayın 22-si mağazanı bağlamaq istəyəndə "zet” çıxardı və gördü ki, vergini artıqlaması ilə ödəmişəm. Belə olduqda saxtakarlığa əl atıb.

Mağazada dövrlüyü artırmaq üçün kassaya olmayan satışlara görə saxta məlumatlar daxil edib və "zet” çıxarıb. Lakin etdiyi saxtakarlıqla belə yenə də mənim vergidən yayınmağım sübut olunmadığını görəndə kassaya əlavə olaraq 100 manat vurub.

Vergi müfəttişinin heç ağlına gəlməyib ki, etdiyi saxtakarlıqlar videokamera tərəfindən çəkilib. Növbəti gün Raminə dedim ki, etdiyi saxtakarlıqlar kameraya düşüb. Əvvəlcə buna inanmadı. Videoya baxdıqdan sonra yalvardı ki, bunu heç kimə demə yoxsa məni vergidən çıxaracaqlar. Nazir pul qazanıb cibin dolduracaq deyə mənim kimilərə yazıq olar”.

Sahibkar yazır ki, vergi müfəttişi etdiyi saxtakarlıqlarla əmələ gətirdiyi 400 manat cəriməni özü ödəyəcəyini söyləyib: " Dedi ki, borcu özü ödəyəcək, amma xronometrajın nəticəsini ləğv edə bilməyəcəm. Videonun olduğu diski istədi, özünə verdim. Sındırıb tulladı. Amma bilmədi ki, video yaddaşda qalır”.

Sahibkarın yazdığından belə aydın olur ki, vergi müfəttişi bir daha eyni saxtakarlığı təkrarlayıb: "Bu hadisədən 1 il keçəndən sonra Ramin mağazaya gəlib bildirdi ki, qərar açılıb, səni cərimə edib, xronometraj aparacam. O, cərimə edib xoronometraj apardı. Mən ona dedim ki, keçən ilki diski nazirə göndərəcəm ki, bu adam bizi işləməyə qoymur. Ramin isə dedi ki, səndə disk qalmayıb, kimə istəyirsən yaz. İndi də kamera işləmir ki, çəksin. Ramin kameranın işləmədiyini Fəriddən eşitmişdi. O, mağazada olanda Fərid mənə dedi ki, 1 həftədir ki, kamera işləmir, mağaza oğurlanacaq. Bir neçə gündən sonra gəldi ki, guya məndən mal alıb və çek vurulmayıb. Yenidən 400 manat cərimə yazdı. Cəriməni yazmaq üçün tərtib etdiyi protokolda göstərdiyi dəqiqədə mağazadakı kassaya 3 manat 70 qəpik çek vurulub.

Cənab Prezident, əgər kimsə bu görüntüləri sübut kimi saymasa, həmin tarixdə mənim kassa aparatım yoxlanılsın, yalandan vurulmuş rəqəmlər üzə çıxar. Bir necə gün bundan qabaq 9 saylı Vergilər İdarəsində oldum və guya mənim 400 manat yeni cəriməm, 170 manat köhnə cəriməm, 90 manat təzə borcum qalıb. Bu qalan 170 manat borc mənim deyil. Bunu Ramin ödəməli idi, çünki onu yalandan yazıb. 90 manat borcu soruşanda mənə bildirdilər ki, sənin vergin 60 manat olub, 10 ay ərzində 90 manat borc yaranıb.

Ramin xronometraj keçirib saxtakarlıq etməklə 17 manat, 100 manat çek vurub vergini 40 manatdan 51 manat etmişdirsə, bəs bu 60 manat hardan oldu? Vergi rüsumu balalayıb? Xahiş edirəm bu işlər araşdırılsın. Mənə saxta yolla vergini qaldıran və məndən rüşvət istəyən Ramin Zeynalov vergidən uzaqlaşdırılsın, yalandan yazılan cərimələr ləğv edilsin. Verginin 60 manat olmasının səbəbi açıqlansın”.

Sahibkar vergi müfəttişinin digər saxtakarlığı haqda da məlumat verir: "Ötən ilin avqustunda Ramin mağazaya gəlib dedi ki, qərar açılıb, xronometraj olacaq. Amma mağazanın qarşısında arx qazıldığını görüb bildirdi ki, onsuzda alver zəif olacaq, qalsın başqa vaxta. Dedi ki, mağazada işləyən Fərid Həsrətova icazəsiz taksi fəaliyyəti göstərdiyinə görə 40 manat cərimə yazaq ki, qərarı bağlayaq. Halbuki Fəridin nəinki maşını, heç sürücülük vəsiqəsi də yoxdur. Bu cinayət xüsusi araşdırılsın. Alverin aşağı düşməsini nəzərə alıb mənim vergimi əvvəlki kimi 40 manat deyil, 30 manat edəsiniz. Əgər Azərbaycan dövlətinin büdcəsi aşağı düşürsə, alveri olmayan mağazanın vergisi necə qalxa bilər?

Cənab Prezident, oktyabr ayının 12-də Nazirlər kabinetinin iclasında siz bildirdiniz ki, sahibkarlar qanunsuz yoxlamalara məruz qalır, onlara haqq qoyulduğundan fəaliyyətlərini dayandırırlar. Əgər belə getsə bu qanunsuz cərimələr ləğv olunmasa, vergi aşağı salınmasa, qanunsuz yoxlamalara son qoyulmasa biz də məcbur olub mağazanı bağlayacağıq. Ancaq mən inanıram ki, haqq-ədalət öz yerini tapacaq”.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300